Aqrar sahədə kütləvi sığorta fırıldaqçılığı

6 Noyabr 2014 08:12 (UTC+04:00)

Parlamentdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov kənd təsərrüfatının sığortlanması ilə bağlı sensasion açıqlama verdi. Belə ki, deputatlar yeni büdcədə kənd təsərrüfatına ayrılan vəsaitin az olduğunu, üstəlik kəndlilərin sığotadan da yararlana bilmədiklərini bildiriblər. Nazir isə dəqiq detalları açıqlamasa da, Azərbaycanda kənd təsərrüfatı sığortası ilə bağlı kütləvi fırıldaqçılığın olduğunu açıqladı: "Hazırda sığorta mexanizmi mövcuddur, amma işləmir. Buna görə, yeni sığorta mexanizmi yaradılıb və qanun şəklində qəbul olunacaq".

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, kənd təsərrüfatı sektorunda istehsal prosesi açıq sahədə getdiyi üçün, iqlim və digər faktorların məhsul istehsalına təsirini həm müşahidə etmək, həm də istehsalının ətraf mühitlə bağlılığını inkar etmək olar: "Sığorta şirkətləri adətən məhz ikinci varianta əl atırlar. Yəni, fermerlərin məlumatsız olduğundan sui-istifadə edərək yaranan problemi fermerlərin fəaliyyətsizliyi ilə əlaqələndirirlər. Bizim fermerlər də sübut edə bilmirlər ki, sığorta hadisəsi baş verdiyi üçün onların təsərrüfatı zərərə məruz qalıb. Sığorta hadisəsi subyektiv amillərlə əlaqəli olaraq bəzi halda inkar edilir. Yəni, bizim fermerlərin əksəriyyəti məlumatsız, biliksizdirlər. Fermer havanın necə keçəcəyi barədə əvvəlcədən məlumatlandırılmalıdır. Həmçinin, onun əlində faktı sübuta yetirəcək sənədlər olmalıdır".

Ekspertin fikrincə, sığorta prosesinin ədalətli olması üçün mövcud qanunvercilik reallığa uyğun hazırlanmalıdır: "Yəni, subyektivliyə yol verilməməlidir. Müvafiq qanun hazırlanarkən Azərbaycan reallığı nəzərə alınmalıdır. Xarici praktikanın olduğu kimi tətbiqi istənilən effekti vermir".