Erməni dəyirmanına su tökənlər

6 Noyabr 2014 08:59 (UTC+04:00)

Radikal müxalifət düşrəgəsinə yer alanlar hələ də ermənilərlə, onların müxtəlif qurumları ilə əməkdaşlıqdan əl çəkmir. İsa Qəmbər, Rauf Mirqədirov, Leyla Yunusdan sonra Eldar Namazovun da düşmənlə işbirliyi davam etdirdiyi məlum oldu. Xatırladaq ki, Eldar Namazovla Ermənistanın "Razılıq" Siyasi və Hüquqi Təhqiqatlar Mərkəzinin direktoru David Şahnazaryan Finlandiyanın Helsinki şəhərində birgə bəyanat imzalayıblar. Onlar bəyanatda 2010-cu il dekabrın 8-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Müstəqil Vətəndaş Minsk Prosesi (MVMP) çərçivəsində sənəd imzaladıqlarını da xatırladıblar. Bəyannamədə Dağlıq Qarabağ münaqişəsində yer alan tərəfləri hərbi ritorikaya, münaqişənin gərginləşməsinə yönələn siyasi və informasiya xarakterli aksiyalara son qoymağa, münaqişənin nizamlanması üçün "Yol xəritəsi"nin hazırlanmasına başlamağa çağırdıqlarını qeyd ediblər. Bəyanatın imzalanmasında həmçinin Azərbaycan HVA sədri Arzu Abdullayeva, politoloqlar Əli Abbasov, Zərdüşt Əlizadə və Leyla Əliyevanın da adları var.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli ilk olaraq bildirdi ki, bu, radikal müxalifət düşərgəsində birinci hadisə deyil: "Daha öncə İsa Qəmbər Gürcüstanda Ermənistanın müxalifət koalisiyasının lideri Levon Ter Petrosyanın rəhbərlik etdiyi hərəkatın təmsilçiləri ilə birgə bəyanat imzalamışdı. Bu da növbəti faktdır. Çox güman ki, müxalifətin timsalında ictimaiyyətə bəlli olmayan çoxsaylı belə faktlar var. Bu baxımdan yeni hadisə deyil. Eldar Namazovun Azərbaycanın milli maraqlarına mütəffiq olan ölkənin təmsilçisi ilə bəyanat imzalaması təəccüblü olardı. Bu günə qədər ayrı-ayrı ölkələrin layihələrində iştirak edən şəxsin erməni təmsilçisi ilə birgə bəyanat imzalamasında təəccüblü nəsə axtarmaq lazım deyil. Şübhəsiz ki, bunlar eyni şəbəkədir. Uzun illər boyu xarici ölkələrin təmsilçiləri ilə idarə olunan qüvvələr Azərbaycanın əleyhinə fəaliyyət göstəriblər. Bununla bağlı müxtəlif layihələr həyata keçirilib. Belə faktların bir neçəsinin üstü açılıb. Artıq bir neçə fakt üzrə cinayət işi aparılır. İstintaqın son nəticəsində daha gözlənilməz məqamların üzə çıxması istisna edilmir".

Azad Respublikaçılar Partiyasının (AARP) sədri Kamil Seyidov bildirir ki, Azərbaycan müxalifətinin fəaliyyəti çox vaxt qeyri-qanuni olub: "Çünki, müxalifətin fəaliyyəti qeyri-legitimdir. Azərbaycanda fəaliyyət göstərən müxalifət xalqda deyil, əsas dayağını xaricdə axtarır. Ötən mitinqləri də göstərdi ki, bu müxalifətin sosial dayağı ölkə daxilində deyil. Bu dəfə Eldar Namazov timsalında müxalifət yenə də öz ampluasında gündəmə gəlib. Onların birgə bəyanatı bir daha sübut etdi ki, həmin müxalifət yenə də öz xislətindədir. Öz siyasi ambisiyalarını həyata keçirmək üçün hətta düşmənlə birgə fəaliyyət göstərməyə hazırdılar. Cəmiyyət bu hərəkəti qətiyyətlə pisləyir. Eldar Namazov və ətrafındakılar, Azərbaycanın çörəyini yeyən hər kəs addımına fikir verməlidir. Eldar Namazovun bu addımı Azərbaycanın milli maraqlarına zərbədir. Bunu həm də hüquq-mühafizə orqanları araşdırmalıdır ki, Eldar Namazov Ermənistanda olan hansı qüvvələrlə əlaqəli şəkildə fəaliyyət göstərir. Çox ehtimal ki, Leyla Yunus formatında faktlar ortaya çıxacaq".