Çexiya şirkətləri Avropa İttifaqının Rusiyaya qarşı məlum sanksiyaları fonunda Azərbaycan bazarını Rusiyaya alternativ kimi nəzərdən keçirir. Çexiyanın sənaye və ticarət naziri Yan Mladek dekabrın əvvəlində Azərbaycana qarşıdakı səfəri zamanı bu sahədə əməkdaşlıq perspektivlərini müzakirə etmək niyyətindədir. Bu barədə Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bildirib.Onun sözlərinə görə, Çexiya Azərbaycandan kənd təsərrüfatı məhsullarının, xüsusilə meyvə-tərəvəz, eləcə də şərab və qənnadı məmulatlarının idxalında maraqlıdır.Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Voytex Filip və parlamentin Kənd təsərrüfatı komitəsinin sədri Yaroslav Faltinek bu yaxınlarda Azərbaycana səfərləri zamanı bu sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər.Diplomat qeyd edib ki, kənd təsərrüfatı hazırda Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun prioritet sahəsidir: "Getdikcə daha çox Çexiya şirkəti bu sahədə əməkdaşlığa maraq göstərir".
Çexiyanın ticarət və sənaye nazirini Azərbaycana qarşıdakı səfəri zamanı ölkənin işgüzar dairələrinin təqribən 40 nümayəndəsi müşayiət edəcək.
Qeyd edək ki, Azərbaycan və Çexiya ticari-iqtisadi sahədə uğurla əməkdaşlıq edirlər. Belə ki, ötən ilin yekunları üzrə iki ölkə arasında əmtəə dövriyyəsi təqribən 1,5 milyard dollar təşkil edib.