Kommunal xidmətlərin özəlləşdirilməsi yenidən gündəmdə

8 Noyabr 2014 09:05 (UTC+04:00)

Soyuqların başlaması ilə bir sıra kommunal xidmətlərlə bağlı vəziyyət yenidən xüsusi diqqət mərkəzində yer almağa başlayıb. Belə ki, bir havaların soyuq keçməsi fonunda bəzi yerlərdə istiliyin verilməsində problemlər üzə çıxıb. Bundan başqa, lift xidməti və s. kommunal xidmətərin təmin edilməsində vəziyyət tam qənaətbəxş deyil. Bununla ilgili fikirlər səslənir ki, kommunal xidmətlərin artıq özəl sektora verilməsi prosesi başlanmalıdır. Bu, həm də kommunal sektora ayrılan dövlət xərclərinin azaldılması deməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov "Mövqe"yə açıqlamasında Azərbaycanda kommunal xidmətlər sahəsində müəyyən problemlərin yaşandığını bildirdi: "İlkin olaraq problemlər xidmətlərin keyfiyyət səviyyəsi ilə bağlıdır. Digər tərəfdən, son illərin dövlət büdcəsinin xərcləri və gəlirlərində bu sahədə ödənişlərin azalması müşahidə edilir. 2000-2005-ci illərlə yığım səviyyəsi daha az idi. Həmin dövr vətəndaşların kommunal xidmətlər haqqının ödənilməsi istiqamətində təzyiqlər də nisbətən az idi. Bu, həmin müddətdə dövlətin apardığı siyasətdən biri idi. Çünki, müqayisəcə o vaxtlar əhalinin sosial vəziyyəti o qədər də yaxşı deyildi. Bu gün isə demək olar ki, bir çox sahələrdə 90% işgüzarlıq var. Amma kommunal xidmət göstərən bəzi qurumların dövlət büdcəsinə ödədiyi pullarda kəskin artım yoxdur. Həmçinin, onların yığım sürəti ilə xidmətlərin keyfiyyətində tərs mütənasiblik hiss olunur. Ona görə də, bir sıra mütəxəssislər artıq bu xidmətlərin özəlləşdirilməsini təklif edirlər. Əsas səbəblərdən biri xidmət haqqının yığımıdır. Kommunal xidmət özəlləşdirilərsə, sahibkarlara və vətəndaşlara güzəşt olmayacaq. Düzdür, bu, bir çox hallarda narahatçılığa gətirib çıxara bilər. Lakin artıq güzəştin olmadığını nəzərə alsaq, bu növ xidmətlərin özəlləşdirilməsinin vaxtı gəlib çatıb".

İqtisadçı əlavə etdi ki, kommunal xidmətlərin özəlləşdirilməsi, bu sahədə həm də xidmət keyfiyyətinin artmasına və şəffaflığın yaranmasına gətirib çıxaracaq: "Kommunal xidmətlər özəlləşdirilərsə, xidmətlərin yüksək səviyyəyə gəlməsi ilə yanaşı, həm də bu sahədə özəl investisiyanın artımı müşahidə olunacaq. Nəzərə alaq ki, gələn ilin büdcəsində neftin qiyməti ötən ilə nisbətən aşağı götürülüb. Bununla dövlət büdcəsinin yükü də azalmış olacaq".

Ekspertin sözlərinə görə, kommunal xidmətlər özəlləşərsə, dövlətin üzərinə düşən tək vəzifə investorların seçilməsi olacaq: "Bu istiqamətdə dünyada ciddi təcrübəsi olan investorlar ölkəyə cəlb edilərsə, müsbət nəticələr əldə edə bilərik".

Digər ekspert Abil Bayramov kommunal xidmət sahələrinin özəlləşdirilməsi təşəbbüsünü dəstəkləyir. O da bunun dövlətin yükünün azaldacağını bildirir: "Həmin sahələrin saxlanması əlavə dotasiyalar tələb edir. Bu da dövlət üçün yükdür ki, sərfəli deyil. Ən əsası isə özəlləşmə kommunal sahədə xidmət keyfiyyətlərinin artmasına səbəb olacaq. Məhz bu amil sözügedən sahədə özəlləşmənin ən böyük üstünlüklərindən biridir. Digər əsas məsələ bu sahədə haqlı rəqabət mühitinin formalaşdırılmasıdır. Amma kommunal xidmət sahələri özəlləşdirildikdən sonra haqsız rəqabət mühiti olacaqsa, o zaman xidmət keyfiyyətinin artmasından danışa bilmərik. Yəni, özəlləşdirmə prosesi ilə yanaşı, kommunal xidmətləri göstərəcək özəl qurumlar arasında da ədalətli rəqabət mühitinin formalaşdırılması vacibdir".

Ekspert kommunal xidmətlərin bələdiyyələrə həvalə edilməsini təklif edir: "Dünyada belə praktika var. Ancaq bu, o demək deyil ki, həmin xidmət sahələrinin hamısında bələdiyyə müəssisələri fəaliyyət göstərəcək. Elə xidmət sahələri var ki, bələdiyyələr həmin özəl qurumlarla müqavilə bağlamaqla xidmət göstərir. Yəni, sadəcə, konkret xidmətlərin göstərilməsi ilə bağlı yerli səviyyədə siyasətin müəyyənləşdirilməsi bələdiyyələrə verilir. Ancaq xidmətlərin bilavasitə həyata keçirilməsi özəl qurumlar tərəfindən də həyata keçirilə bilər. Təbii ki, bələdiyyələr ya müsabiqə əsasında, ya da başqa ədalətli şərtlər daxilində müvafiq tərəfdaşları seçirlər".