Pekin və Tokio Çinin Dyaoyu, Yaponiyanın isə Senkakuadlandırdığı mübahisəli adalar ətrafında gərginliyi azaltmaq barədə razılaşıb.
Movqe.az-ın publika.az-a istinadən verdiyi məlumata görə, uzunmüddətli danışıqlardan sonra Pekin və Tokio Cənubi Çin dənizindəki mübahisəli adalarla bağlı yaranan mübahisənin aradan qaldırılması üçün xüsusi böhran mexanizmini yaradıb.
Bu diplomatik sıçrayış Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatına üzv ölkələrin liderlərinin noyabrın 10-da Pekində keçiriləcək sammitdə Yaponiyanın baş naziri Sinzo Abe ilə Çin Xalq Respublikasının sədri Si Szinpin arasında görüşü üçün yaxşı səbəb ola bilər. Görüş baş tutarsa, bu Çin və Yaponiyada müvafiq olaraq 2012 və 2013-cü illərdə hakimiyyət dəyişikliyindən sonra iki ölkə liderlərinin ilk görüşü olacaq.
Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, uzunmüddətli danışıqların gedişatında Çin və Yaponiya nümayəndələri dörd bənddən ibarət razılaşmanı hazırlaya bilib.
Adalar ətrafında ərazi mübahisəsinin əsas səbəbi İkinci Dünya Müharibəsinin nəticələridir. Yaponiya 1951-ci ildə San-Fransisko sülh müqaviləsi ilə onun tərəfindən tutulan bütün ərazilərdən imtina edib. Amma Çinin konfransda olmaması, həmçinin Sovet İttifaqının müqaviləni imzalamaqdan imtinası etməsi ona gətirib çıxardı ki, bəzi ərazilər Yaponiyada ayrılsa da, hər hansı başqa dövlətin ərazisi kimi tanınmayıb. Nəticədə isə Cənubi-Şərqi Asiyada xeyli mübahisəli ərazilər ortaya çıxıb. Dyaoyu (Senkaku) adalarına yalnız Çin və Yaponiya iddia etdiyi halda Cənubi Çin dənizində yerləşən Spratli adalarına altı ölkə iddia edir.
Çin və Yaponiya arasında adalara görə gərginlik Şərqi Çin dənizində Yaponiyanın iddia etdiyi adaları da əhatə edən bir sahənin Çin tərəfindən ötən il "hava müdafiəsi tanıtma bölgəsi" elan edilməsindən sonra daha da artıb. Çinli mütəxəssislər Sakit okeandakı mübahisəli adalar mövzusunda ABŞ-ın təhlükəli oyun oynadığına diqqət çəkirlər. Mütəxəssislər Çin ilə Yaponiya arasındakı mübahisəli adalar mövzusunda ABŞ-ın davranışlarının nəzarətdən çıxa bilən bir oyun olduğunu bildirərək, bu davranışın sonda ABŞ-a zərər verəcəyi xəbərdarlığı edirlər.
Çin baş naziri Li Ketsyan ötən ilin mayın 26-da Almaniyaya səfəri zamanı bəyan etmişdi ki, Yaponiya Çin ərazilərini "oğurlayıb" və 1945-ci ildə özünün qeyd-şərtsiz təslim olması barədə Podstam bəyannaməsini qəbul etməsinə baxmayaraq, onları geri qaytarmaq istəmir. Li Ketsyan bununla bağlı bildirib ki, Çin üçün dünyanın müharibədən sonrakı nizamının təməl prinsiplərini pozmaq qəbuledilməzdir.
Pekindəki Renmin Universitetinin Şərqi Asiya Araşdırmaları Mərkəzinin direktoru Huanq Dahui isə Çin ilə Yaponiya arasındakı problemlər zəncirinin maraqlar qarşıdurmasından daha çox güc tarazlığının bir nəticəsi olduğunu bildirir. Mərkəz direktorunun sözlərinə görə, Çin Yaponiyanı keçərək dünyanın ən böyük ikinci iqtisadiyyatı olduğundan Yaponiya Çini təhdid olaraq görür.