Daxili İşlər Nazirliyi (DİN) noyabrın 8-də Xəzər rayonunun Binə qəsəbəsində baş vermiş hadisə barədə məlumat yayıb.
Movqe.az DİN-in saytına istinadən xəbər verir ki, qəsəbənin 160-170 nəfər sakini qəsəbə ərazisindən keçən avtomobil yolunun təmirinin sona çatdırılmamasına etiraz olaraq Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhd göstərib: "Cəhdin qarşısı alınarkən onlardan bir qrupu polisin haqlı tələblərinə tabe olmayaraq daş atıb, Post-Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları Xankişi Quliyev, Elvin Ramazanov, polis kiçik serjantları Samir Bayramov və Zöhrab Hacıyev xəsarət alıb, "Fiat-Doblo" markalı iki xidməti avtomobilə ziyan vurulub".
Hadisənin fəal iştirakçılarından 19 nəfər polisə gətirilib, 4 nəfər - o cümlədən 2 azyaşlı xəbərdarlıq edilərək buraxılıb, 11 nəfər barəsində inzibati həbs tədbiri seçilib, 4 nəfər barəsində isə cinayət işi başlanıb.