Müsavat Partiyasında parçalanma sürətlənir

14 Noyabr 2014 09:25 (UTC+04:00)

Son qurultay Müsavat Partiyasına yeni sədrlə bərabər, yeni problemlər də gətirdi. Az qala hər gün bir və ya bir neçə üzvünü itirən Müsavat indi də fraksiyalaşma qarşısındadır. Özlərinin də bildirdiyinə görə, bu fikir nizamnamələrinə zidd olasa da, qaçılmaz görünür. Artıq partiyada fraksiya yaradılması üçün formalaşdırılmış işçi qrupu fəaliyyət göstərir. Şərhçilərin fikrincə, fraksiyalaşama Müsavat Partiyasının dağılmasına daha bir təkan ola bilər. Bu isə öz növbəsində partiyanın müxalif cəbhəsindəki mövqelərin də ciddi zərbə olacaq.

Millət vəkili Zahid Oruc bildirdi ki, hər bir demokratik siyasi təşkilatda qurultay, seçkilər əsas qovğaları həll edir, münasibətlərə tam aydınlıq gətirir və seçimlər tanınır, bununla da qovağalar bitir: "Amma baş verən proseslərin başlıca səbəbi qurultayın məhdud saylı Müsavat üzvlərinin mövqeyi olmasıdır. Əslində, Qərb siyasi təşkilatlarının daxilində fraksiyalaşma, müxtəlif baxışlara görə qrup kimi təşkil olunmanı hazırki şəraitdə Müsavatın daxilindəki vəziyyət ilə eyniləşdirmək düzgün olmazdı. Çünki, hazırki tendensiyaları, müxtəlif qarşıdurma cəhdlərini demokratik prosesin tərkib elementi kimi qələmə vermək cəhdləri var. Hətta onu Müsavatın özünün məqəsdli ssenarisi kimi qiymətləndirənlər var. Belə olan təqdirdə deməliyik ki, söhbət məhz fraksiyaçılıqdan yox, açıq şəkildə ziddiyyətdən, qarşılıqlı qəbul etməzlikdən, nəticələri tanımayıb prosesi əvvəlki vəziyyətə qaytarmaq tələblərindən və s.-dən gedir. Həqiqətən də qurultay və ondan sonrakı dövr Müsavat Partiyasının mövqelərinə böyük zərbə oldu. Onun daxilində uzun illər sakit axarda gedən parçalanmaları üst qata çıxartdı. İndi artıq nələrisə gizlətmək mümkün deyil. Hətta prosesləri arxa plandan idarə etməyə çalışan İsa Qəmbər də bu məsələlər qarşısında zəif və qətiyyətsiz görünür. Sülhəddin Əkbərin gedişindən daha fərqli bir formada yəqin ki, yeni qüvvənin siyasi konstruksiyası cızılıb, hazırlanıb meydana çıxacaqdır".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, Müsavatın nizamnəməsində fraskiyalaşma anlayışının olmadığını özləri də bəyan ediblər: "Belə olduğu təqdirdə faktiki olaraq, nizamnamə pozulub. Eyni zamanda bu, Müsavat Partiyasının parçalanması deməkdir. Bu isə onun müxalifət cəbhəsindəki mövqelərini də zəiflətmiş olacaq. Görünür, indiki sədrin legitimliyini qəbul etməyən Müsavat funksionerləri partiyada növbədənkənar qurultay işlərini həyata keçirmək istəyirlər. Əslində, Müsavatın parçalanma prosesi elə qurultay zamanı baş verib. İndiki şəraitdə prosesin daha ağrılı, daha ziddiyyətli olacağının şahidiyik. Fraksiyanın yaranması əslində, yaxın perspiktivdə partiyadaxilində çox ciddi qarşıdurmaların olacağından xəbər verir".