Müəllimlərin maaşı artır
17 Noyabr 2014 16:07 (UTC+04:00)
"3 övladım var. Özüm də idman müəllimi işləyirəm.
Aldığım maaşla ailəmi dolandırmaq çətindir. 250 manat maaşla
övladlarımın xərclərini ödəməyim mümkün deyil. Buna görə də məcbur
qalıb məktəbdən sonra restoranda ofisant
işləyirəm".
Adının açıqlanmasını istəməyən müəllim bunu ANS
PRESS-in "qaynar xətti"nə müraciətində deyib. O, gecə saat 11-ə
kimi başqa yerlərdə işləyərək əlavə qazanc əldə etdiyini deyir.
Müəllimlikdən qazandığı pulla yalnız kommunal və bir neçə digər
xərclərini ödədiyini deyən ailə başçısı vəziyyətinin çətin olduğunu
söyləyir.
Ekspertlər isə məsələ ilə bağlı bir sıra
təkliflərlə çıxış edirlər. Azad Müəllimlər Birliyinin sədri Məlahət
Mürşüdlü ANS PRESS-ə açıqlamasında mövcud vəziyyətdən çıxış
yollarını göstərib. Mütəxəssisin fikrincə, müəllimin maaşı təkcə
onun yeməyini təmin etməməlidir. Onun sözlərinə görə, maaşlar bazar
qiymətlərinə uyğun şəkildə təhlil edilərək
artırılmalıdır:
"Müəllimlərin maaşı hər 12 saata görə 450-500
manat olmalıdır. Hazırda təcrübəsi olmayan müəllim üçün bu rəqəm
150 manat, təcrübəli müəllim üçün isə 200-210 manatdır. Bu maaş isə
müəllimin tələblərinin heç yarısını ödəmir. Müəllimlərimizin bir
çoxu ikinci, üçüncü işlə məşğul olmağa məcbur olurlar. Bəziləri
restoranlarda çalışır, bəziləri isə baxıcılıq edir. Yəni, sosial
xidmətlərdə çalışan müəllim ailəsini dolandırmağa çalışır. Bu isə
təlim işinə birbaşa təsir edən amillərdir. Normal maaş olsa müəllim
işinə vicdanla, var gücü ilə yanaşar. 1 həftədə müəllim maksimum 24
saat dərs yükünə malikdir. Müəllim çatışmayan bölgələrdə isə bu
rəqəm bəzi hallarda 36 saata çatır".
Ekspert qeyd edir ki, repetitorluqla məşğul olan
müəllim normal maaş alarsa onun əlavə işləməyə ehtiyacı qalmaz.
Repetitorluğun ağır iş olduğunu deyən mütəxəssis hazırda müəllimin
buna məcbur olduğunu deyir. Yerli özəl məktəblərdə vəziyyətin tamam
fərqli olduğunu deyən Məlahət Mürşüdlü yaxşı maaş olan müəllimlərin
daha effektiv təshil verdiyi söyləyir:
"Özəl məktəbdə bütün tədris prosesi məktəbin
içində gedir. Bu isə sonda müsbət nəticə verir. Əgər dövlət
məktəblərində də maaş normal olarsa, o zaman yuxarı sinif
şagirdlərini məktəblərə qaytarmaq mümkün olar. Əgər müəllimin
keyfiyyətli təhsil verməsini istəyiriksə, onlara normal əmək haqqı
verilməlidir. Belə olan halda tədris keyfiyyəti artacaq, bununlada
şagirdin heç repititor yanına getməyinə ehtiyac qalmayacaq. Sonda
isə həm valideynlərin pulu cibində qalacaq, həm də müəllim normal
qazanc əldə edəcək", - deyə ekspert söyləyib.
Qeyd edək ki, 2015-ci il üzrə Dövlət Büdcəsində
müəllimlərin maaşının artırılacağı nəzərdə tutulub. Dövlət
Büdcəsində sosial layihələrin payı 27% təşkil edir və bura
əməkhaqqılar da daxildir. Maaş artımı həmçinin həkimlər və dövlət
qulluqçuları üçün də nəzərədə tutulub. Ötən il ölkə başçısının
sərəncamı ilə maaşlar 10 faiz artırılmışdı. Bunu nəzərə alsaq bu il
də artımın həmin civarlarda olacağına ümid etmək olar.