Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü yenə də artırır

19 Noyabr 2014 07:58 (UTC+04:00)

Aparılan məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan hərbi sahədə də Cənubi Qafqazın lider dövləti olaraq Ermənistanla müqayisədə kifayət qədər böyük əsgəri üstünlüyə malikdir. İstər silahlı qüvvələrin sayı, istər onların maddi texniki təminatı, istərsə də döyüş hazırlığı baxımından Azərbaycan və Ermənistan orduları arasındakı fərq müqayisəyəgəlməz dərəcədə böyükdür. Əslində, cari ilin avqustun əvvəllərində cəbhə zonasında baş verən olaylar və nəticədə çoxsaylı erməni hərbçisinin həlak olması, bunun ardınca, noyabrın 12-də düşmən hərbi helikopterinin vurulması Azərbaycanın gücünü növbəti dəfə qarış tərəfə əyani nümayiş etdirdi.

Hazırda Ermənistan rəhbərliyinin böyük narahatlığına səbəb olan məsələ Azərbaycanın işğal olunmuş ərazilərini güc yolu ilə azad edə biləcəyidir. Ermənilər bunun onlar üçün ən pis ssenari olacağını yaxşı bili rvə Azərbaycan Ordusunun başlayacağı hərbi əməliyyatları qısa zaman kəsiyində qələbə ilə başa çatdıracağını qəbul edirlər. Bu fonda isə artıq Ermənistanda vətəndaşların böyük əksəriyyəti övladlarının hərbi xidmət üçün işğal olunmuş Azərbaycan ərazilərinə göndərilməsiən daha sərt etiraz edirlər. Sonuncu belə aksiya İrəvanda Konstitusiya Məhkəməsinin qarşısında baş tutub. Aksiyaya qatılanlar əsas etibarı ilə Dağlıq Qarabağda həyatını itirmiş erməni əsgərlərinin valideynləri olub. Valideynləri ayağa qaldıran məsələ onların övladlarının işğal edilmiş Azərbaycan ərazilərinə göndərilməsi və nə üçün onların öldürülmüş uşaqlarının işinin tanınmayan "DQR"də müzakirəyə çıxarılması ilə bağlı olub. Qarabağda övladı gəbərdilmiş aksiya iştirakçılarından birri olan Gövhar Saroyan bildirib: "Qarabağ bizim torpağımız deyil. Niyə mənim oğlum Qarabağda ölməlidir?".

Real vəziyyətin təhlili göstərir ki, Ermənistan işğalçı siyasətindən əl çəkməyənə qədər Azərbaycan ərazisində ermənilər daha çox itki verəcək. Çünki Azərbaycan düşmənlə müqayisədə kifayət qədər güclüdür və bu gücünü daha da artırır. Yeri gəlmişkən qeyd edək ki, növbəti il dövlət büdcəsindən müdafiə xərclərinə 3 milyard 783 milyon manat vəsait ayrılacaq. Maliyyə naziri Samir Şərifov Milli Məclisin 18 noyabr iclasında, 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı qeyd edib ki, 3 milyard 783 milyon manat vəsait 2014-cü illə müqayisədə 809 milyon manat çoxdur. Nazir bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini, cəbhə xəttində təxribatlarını davam etdirdiyi bir vaxtda Azərbaycan Silahlı Qüvvələrinin təminatının daha da yaxşılaşdırılması ilə bağlı əlavə əsaslandırmalara ehtiyac yoxdur. Beləliklə, gələn il Azərbaycanın hərbi xərclərinin 3 milyard 783 milyon manat olacaq və bu, 2014-cü il üçün hərbi xərclərdən 27,2 faiz artıqdır.

Müdafiə xərcləri dövlət büdcəsinin 2015-ci ildəki xərclərinin 17,9 faizini təşkil edəcək. Beləliklə, Azərbaycanın gələn il üçün hərbi xərcləri dollar ekvivalentində təqribən 5 milyard dollar təşkil edəcək. Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri cəmi 3 milyard 73 milyon dollar təşkil edir ki, bu da Azərbaycanınn gələn ilki hərbi büdcəsindən təxminən 2 milyard dollar azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür - cəmi 472 milyon dollar. Başqa sözlə, Azərbaycanın gələn il üçün müəyyən etdiyi hərbi xərclər Ermənistanın hərbi xərcləri ilə müqayisədə 10 dəfədən də artıqdır. Bu vəziyyət erməniləri getdikcə daha çox qorxutmağa başlayır.

Qeyd edək ki, Azərbaycan son illərdə xaricdən böyük miqdarda güclü silah sistemləri və müasir döyüş texnikası aldı. Ehtimal olunur ki, gələn il də hərbi xərclərin belə kəskin artımı yeni müasir döyüş sistemlərinin alınması planları ilə bağlıdır. Belə vəziyyət isə Azərbaycana Ermənistan üzərində əzici hərbi üstünlüyü daha da möhkəmləndirməyə imkan verir. Bu halda düşmənin istənilən təxribatına da sərt formada cavab veriləcəyini erməni tərəfi özü də yaxşı bilir.