Zəlzələyə davamlı olmayan binalar söküləcək?!

26 Noyabr 2014 10:05 (UTC+04:00)

Xəbər verildiyi kimi, azərbaycanlı seysmoloqlar yapon həmkarları ilə birgə Bakıda çoxmərtəbəli binaların seysmoloji monitorinqini aparmaq niyyətindədirlər. Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişlinin sözlərinə görə, çoxmərtəbəli binaların seysmoloji monitorinqinə "Alov Qüllələri" binasından başlanacaq.

Məsələ ilə bağlı Qurban Yetirmişli "Mövqe"yə bildirdi ki, bu monitorinqlərin aparılması daimi məsələdir: "Burada söhbət 20 mərtəbədən yuxarı olan binalardan gedir. Həm də söhbət zəlzələdən getmir. Adi şəraitdə küləyin təsiri, yeraltı quruntların dəyişməsindən əmələ gələn hadisə, binanın əyilməsi, ətraf mühitin binaya təsiri kimi amillər illər keçdikcə fəsad törədə bilir. Monitorinqin məqsədi, bu fəsadları əvvəlcədən müəyyən etməkdir. İnkişaf etmiş bütün ölkələrdə bu işlər aparılır. Yalnız binaların seysmoloji monitorinqi aparılmayacaq. Eyni zamanda tunellər, körpülər, böyük su hövzələrinin də seysmoloji monitorinqi nəzərdə tutulub. Ancaq hələlik nəzərdə tutulmuş monitorinqin dəqiq bilinmir".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı, professor Hikmət Məmmədov bildirir ki, əgər hansısa çoxmərtəbəli binanın seysmoloji baxımından istismarı təhlükəli olacaqsa, orada əlavə tədbirlər görülməlidir: "Yəni, həmin bina üzərində onun fundamentindən başlayan gücləndirmə işləri aparılmalıdır. İşlərin hansı istiqamətdə aparılacağı komissiyanın rəyinə baxır. Ancaq o boyda binaları sökmək problemli məsələdir. Ona görə də müasir tələblər səviyyəsində gücləndirmə prosesi aparılmalıdır. Ancaq bizim tikilən binaların hamısı 9 bala hesablanıb. Ona görə də çox binalarda problem olmamalıdır. Yalnız layihədə nəzərdə tutulmuş mərtəbələrdən çox mərtəbəsi olan binalarda problemlər yarana bilər. Yəqin ki, bunlara ciddi fikir verəcəklər. Bu həqiqətdir ki, sonradan həmin binaların Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilməsi problemə çevrilib. Hətta bu gün elə binalar var ki, hələ də qəbul olunmur".

Professor qeyd etdi ki, hər bir binanın layihədə nəzərdə tutulan istismar müddəti var: "Dünyada elə qurğular var ki, həmin qurğulardan tikilən binalar yarım əsrə qədər istimar müddəti olur. Bina ancaq tam aşınma prosesi gedəndə sökülür. Binalarda mənəvi və fiziki aşınma prosesi olur. Fizki aşınma prosesini yaşayan binanın istismar xərcləri həddindən artıq çox olur. Yəni, binanın istismarı əlavə xərclər tələb edir. Burada tək binanın vəziyyəti yox, istilik sisteminin, elektrik və digər xətlərin də vəziyyətinə diqqət yetirilməlidir. Onlar istimara yararlı deyilsə, sökülür. Bu gün müasir binaların istismar müddəti 150 il götürülür. 150 ildən sonra həmin binanın hər il monitorinqi aparılmalıdır. Bianın yükdaşıyıcı konstruksiyaları kifayət qədər aşınmaya məruz qalmayıbsa, xırda aşınmalar aradan götürülür və istismarı davam etdirilir".

Hikmət Məmmədov əlavə etdi ki, seysmoloji monitorinq xüsusi avadanlıqlar vasitəsi ilə aparılır: "Amma mütləq ekspriment də aparılmalıdır. Adətən bina tikilib başa çatandan sonra, sakinlər yaşamamışdan əvvəl orada müəyyən məsafədən xüsusi yüklər atılır. Fundamentdə zəlzələ gücünə uyğun gərginlik yaradılır. Bununla da binanın zəlzələyə davamlılığı yoxlanılır. Əgər şərait imkan verərsə, bəzi binalarda bunu edə bilərlər".