Şoumen Murad Dadaşov "Qazeta" dərgisinin
"Kişilər mətbəxdə" rubrikasının qonağı olub.
Movqe.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı mətbəxə
girərək yeməklər hazırlayıb, eyni zamanda aşpazlıq bacarığından söz
açıb:
"Mətbəx xanımların məkanıdır. Kişilər ora yalnız istirahət
günləri girməlidirlər. Mən də bu cür edirəm. Yaxud da özüm üçün
xüsusi bayram edəndə mətbəxə daxil oluram. Kişilər daha dadlı
yeməklər bişirirlər. Çünki onlar reseptdə yazılanları dəqiqliyi ilə
edirlər. Mən mətbəxə girəndə uşaqlar, qonşular başıma yığışır.
Mətbəxdə 20 dəqiqədən artıq qalmıram".
M.Dadaşov tənqidə nifrət etdiyini deyib:
"Həyatımda bir neçə insan var ki, mənim bayramımı, bütün uğurumu
məhv edə bilər. Bu, mənim anamdır: ömür boyu görünüşümü bəyənməyib.
O deyir ki, qədərindən çox kökəm, qədərindən çox alçaqboyam. Amma
o, məni dəlicəsinə sevir. Digər tənqidçim isə həyat yoldaşımdır.
Onun peşəsi mənə yaxın deyil, amma tez-tez tənqid edir. Ən əsası
isə, heç vaxt sorğu-sual aparmır, evə gec və səhərə yaxın, yanımda
iki xanımla gəlməyimin səbəbini soruşmur (gülür). Sonuncu
tənqidçilərim isə oğlanlarımdır. Bir dəfə şouya hazırlaşırdıq.
Çoxlu pul sərf edib videoçarx çəkdik: möhtəşəm rejissor, qrafika,
xaricdən mütəxəssislər... Özümdən razı halda videoçarxı evə
gətirdim, ailəmlə oturub baxmaq istədim. Həyat yoldaşım heyran
qalıb, mən isə razı halda oturmuşam. Qəfildən oğlum gəldi.
Soruşuram: "Necədir?" "Çox yaxşıdır, amma bu video uşaqları
qorxudacaq. Elə mən də qorxdum", - deyə cavab verdi. Başa düşdüm
ki, mən şouya bu çarxla müəyyən təbəqəni cəlb edə biləcəm. Gecə ilə
hər şeyi dəyişdik".
Şoumen "Övladlarınız üçün nə hazırlayırsınız?" sualına belə cavab
verib:
"Onlar üçün gələcək hazırlayıram. Çox işləyirəm. Bu gün bir neçə
məqsədim var: birincisi, heç vaxt kökəlməmək; ikinci isə, hər zaman
dəblə geyinmək".