Azərbaycan əraziləri işğaldan azad olunur

29 Noyabr 2014 07:59 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maneə yaradan əsas faktor danışıqlar prosesində Ermənistanın hələ də konstrkutiv mövqe nümayiş etdirməkdən uzaq olmasıdır. Daha bir maraqlı nüans isə odur ki, danışıqlarda əldə olunan hər hansı razılaşmanın şərtləri sonradan Ermənistan təərfindən yerinə yetrilmir. Bu hal da münaqişənin dinc yolla çözümünə imkan vermir.

Belə bir vaxtda isə bəlli olur ki, Dağlıq Qarabağ konfliktinin dinc yolla nizamlanması üçün Soçidə prezidentlər İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyan arasında müəyyən razılıq olub. Lakin Ermənistan üzündən münaqişənin həlliən hesablanmış bu razılıqlar hələ də icra olunmamış qalır. Məsələ ilə bağlı Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev "haqqin.az" saytlarına müsahibəsində bir sıra maraqlı məqamlar açıqlayıb: "Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları zamanı çox mühüm razılaşma əldə edilmişdi. Bu razılaşma Azərbaycanın zəbt olunmuş rayonlarının mərhələlərlə boşaldılması yolunda bir çox mübahisəli məsələləri aradan qaldırmışdı. Razılaşmanın yerinə yetirilməsi qoşunların təmas xəttindən qansız-qadasız geri çəkilməsinə və qaçqınların öz yerlərinə qayıtmasına imkan verəcəkdi. Paralel olararaq Qarabağın gələcək statusunun referendumda müəyyən edilməsinin müzakirəsi imkanları yaranırdı. Bu münaqişənin tarixi boyu keçirilən digər görüşlərdən fərqli olaraq məhz bu görüş və orada qəbul edilmiş qərarlar məsələnin sülh yolu ilə həll edilməsinə çox ciddi təsir göstərə bilər. Bu, Rusiyanın regionda sülhün təmin edilməsinə əhəmiyyətli töhfəsi olardı".

Deputat qeyd edir ki, əvvəlcə bütün tərəflər Rusiyanın irəli sürdüyü təkliflərlə razı idi: "Bu, Cənubi Qafqazdakı üzücü münaqişənin nizamlanmasına böyük ümidlər yaratmışdı. Rusiya Prezidentinin Administrasiyası və XİN tərəflər arasında sülhün əldə edilməsinin məntiqli formulunu işləyib hazırlamışdı. Həmin formul münaqişə tərəflərinin prezidentləri tərəfindən qəbul edilmişdi və Rusiya bundan xeyli sevinmişdi. İndi prosesin ləngiməsi və həmin prinsiplərin yerinə yetirilməməsi aydın deyil. Mənim Azərbaycan rəhbərliyi ilə bu yaxınlarda keçirdiyim görüşdə aydınlaşdı ki, rəsmi Bakı bu prosesin həyata keçirilməsinin başlamasını böyük ümidlə gözləyir və onlara aydın deyil ki, erməni tərəfi həmin prinsiplərin yerinə yetirilməsini niyə təxirə salır.

Onlar öz tərəflərindən məni əmin etdilər ki, Soçi görüşündə əldə edilmiş bütün razılaşmalar qüvvəsində qalır, Rusiyaya, onun prezidenti Vladimir Putinə Qarabağ münaqişəsinin dinc yolla həllində, işğal edilmiş torpaqların geri qaytarılmasında böyük ümidlər bəslənilir.

Mən çox ümid edirəm ki, yaxın vaxtlarda Ermənistan rəhbərliuyi Soçi görüşündə əldə edilmiş razılaşmaların yerinə yetirilməsinə başlayacaq. Çünki biz regionda neqativ tendensiya müşahidə edirik. Soçi razılaşmalarından nə qədər uzaqlaşsaq, regionda vəziyyət o qədər çox gərginləşəcək".

Rusiyalı deputat onu da bildirib ki, ölkəsinin perimetri boyu qaynaq münaqişələr Moskvanın da marağında deyil: "Biz bütün mümkün yollarla bu münaqişə ocaqlarını söndürməyə, münaqişə tərəflərini danışıqlar masası arxasına qaytarmağa çalışırıq. Biz buna laqeyd qala bilmərik, axı vaxtilə vahid, böyük ölkədə yaşamışıq". .

Dmitri Savelyev razılaşır ki, Azərbaycan heç cür öz ərazilərinin işğal edilməsi ilə barışa bilməz: "Müharibə-təkcə dağıntı və ölüm deyil, eyni zamanda doğma torpaqları, əcdadlarının məzarlarını tərk etmək deməkdir. Görün nə qədər azərbaycanlı doğma kəndlərinə, ata-baba evlərinə gedə bilmir. Daha da ağır olanı budur ki, insanlar öz ata-analarının məzarlarını ziyarət etmək imkanından məhrumdur, çünki onların dəfn olunduqları yerlər qarşı tərəfin işğalı altındadır. Mən azərbaycanlıların Şuşa kimi gözəl şəhərə baş çəkmək imkanından məhrum edilməsini yaxşı başa düşürəm. Bu, çox çətindir, ona görə də bu münaqişənin yenidən alovlanmaması üçün Soçi razılaşmalarını yerinə yetirmək lazımdır. Azərbaycan tərəfi Rusiya prezidentinin Soçidə təqdim etdiyi təkliflərə Ermənistandan cavab addımları gözləyir. Bu, realdır və yaxın vaxtlarda ilk addımar atılacaq. Axı həmin razılaşmaların yerinə yetirilməsinin qarantı Rusiya və onun prezidenti Vladimir Putindir".