Azərbaycan Cənubi Koreyadan istədiyi silahları alacaq?!

29 Noyabr 2014 09:42 (UTC+04:00)

Məlumat verildiyi kimi Cənubi baş naziri Çank Honqvon Azərbaycanda səfərdə olub və çoxsaylı görüşlər keçirib. Görüşəlrdə əsas etibaır ilə Azərbaycan və Cənubi Koreya arasında iqtisadi, ticarət münasibətlərinin genişlənməsi müzakirə olunub. Cari ilin avqusutnda isə belə məlumat yayılmışdı ki, Azərbaycan tərəfi Cənubi Koreyadan ümumi dəyəri 3 milyard dollar təşkil edən iki sualtı qayıq, eskadra mina gəmisi, nəqliyyat gəmisi, səsdən sürətli "T-50" təlim təyyarələri, dünyada ən yaxşı hesab olunan 155 millimetrlik K-9 özüyeriyən artilleriya qurğusu, vertolyotlar, pilotsuz uçuş aparatları, odu ram edən sistemlər almaq arzusunu ifadə edib. Maraqlıdır, iki ölkə arasında münasibətlərin dərinləşməsi fonunda sözügedən silahların alınması reallaşa bilərmi?


Hərbçi-ekspert Üzeyir Cəfərov belə bir addımın atıla biləcəyini mümkün saydı: "Cənubi Koreya baş nazirinin bu səfəri çərçivəsində düşünürəm ki, hərbi əməkdaşlıq sahəsi üzrə məsələ də müzakirə mövzusu olub. Hazırda dünyada gedən proseslər fonunda istər-istəməz dövlətlər bir-birilə müxtəlif sahələr üzrə, o cümlədən hərbi sferada əməkdaşlıq edir. Azərbaycanın tələbat duyduğu sahələr üzrə məhsulların başqa ölkələrdən alınması çoxşaxəli ola bilər. Tarixə nəzər salsaq, Azərbaycanla Cənubi Koreya arasında böyük əlaqələrinin olduğunu görərik. Ölkələr səfirliklər səviyyəsində təmsil olunub. Düzdür, hərbi ataşşe səviyyəsində təmsilçilik yoxdur, amma böyük münasibətlər mövcuddur. Azərbaycan bu ölkə ilə bir sıra sahələrdə əməkdaşlıq edir. Hərbi sahədə əməkdaşlığa gəldikdə, bildiyim qədər, onların sənaye kompleksi yaxşı inkişaf edib. Bu nöqteyi-nəzərdən düşünürəm ki, iki ölkə arasında əlaqələrin gələcəkdə yeni müstəviyə keçməsi üçün hərbi sfera sahəsində də addımlar atılacaq. Azərbaycan Müdafiə Nazirliyi rəsmilərinin Cənubi Koreyaya səfər etdiklərini eşitməmişəm. Amma bildiyim qədər bu istiqamətdə də müzakirələr olub. Cənubi Koreya Dağlıq Qarabağ münaqişəsində açıq şəkildə Ermənistana qarşı çıxış edən ölkələrdən biridir. Bu ölkə hər zaman Azərbaycanı dəstəkləyib. Düşünürəm ki, yaxın zamanlarda iki ölkə arasında əməkdaşlıq hərbi sahədə də ən yüksək səviyyədə ola bilər. İki ölkənin səmərəli əməkdaşlığı üçün hərbi sahədə də yeni addımların atılacağı gözləniləndir. Azərbaycan hərbi sənaye kompleksi inkişaf edib, ola bilsin Koreya mütəxəssisləri də bura gəlsin və Azərbaycan Müdafiə Sənayesi Nazirliyilə birgə hansısa hərbi təyinatlı məhsullar istehsal etsinlər. İki ölkə arasında iqtisadiyyat, ticarət sahələri kimi hərbi sektorda da əməkdaşlıq perspektivləri çox yüksəkdir. Düşünürəm ki, yaxın zamanlarda bunun şahidi olacağıq. Azərbaycan müdafiə və təhlükəsizliyini təmin etmək üçün özünə lazım olan silah, sursatları bir sıra ölkələrdən alır. Yəqin yaxın zamanlarda Cənubi Koreya da bu proseslərin içində olacaq".

Digər ekspert Emin Həsənli başqa sahələrdə olduğu kimi hərbi sahədə də Cənubi Koreya ilə perspektiv əməkdaşlığın mümkün olduğunu dedi: "Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan bütün dövlətlərlə hərtərəfli inkişafda maraqlı olduğunu hər zaman bildirib. Cənubi Koreya iqtisadiyyatda möcüzələr əldə edən dövlətlərdən biridir. Bu ölkə qısa zamanda dünya səviyyəli şirkətlər yaradıb. Azərbaycanda böyük iqtisadi layihələr həyata keçirir. Cənubi Koreya ilə əməkdaşlığımız da sırf iqtisadi maraqlar üzərində qurulub. Beynəlxalq tədbirlərdə də bu ölkə həmişə ölkəmizin haqq işinə dəstək verib. Əlaqələrin dərinləşməsi hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycan özünün milli maraqlarına uyğun olaraq təbii ki, Silahlı Qüvvələrini də gücləndirir. Hazırda dünyanın bir çox ölkələri ilə hərbi əməkdaşlıq edirik. Cənubi Koreyaya gəldikdə, ola bilər gələcəkdə birgə silah istehsalı, silah alış-verişi və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi məsələləri gündəmə gəlsin. Bu sahədə əməkdaşlıq da hər iki dövlətin xeyrinə olar. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi yaradılıb, ölkəmiz öz hərbi potensialını daxili imkanlar hesabına da gücləndirir. Həm də dünyanın bir sıra ölkələrindən silah, hərbi texnika alır".