Binəqədi rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anıldı

12 Dekabr 2014 14:33 (UTC+04:00)

Movqe.az xəbər verir ki, dekabr ayının 11-də Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Bakı şəhər Baş təhsil idarəsinin rəis müavini Hüseyn Əsgərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, gəncər, hərbi qulluqçular və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Qonaqlar Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş və dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər. Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında davam edən tədbir Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.Tədbirdə Ulu Öndərin mənalı və şərəfli həyat yolundan danışılmış, onun həyatının hər məqamının xüsusilə gənclər üçün örnək olduğu vurğulanıb.Anım mərasimində çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov Ulu Öndərin Azərbaycan üçün göstərdiyi xidmətlərdən danışmış, xüsusilə təhsilin inkişafına, gənc nəslin sağlam ruhda tərbiyə olunmasında atdığı addımlardan bəhs edibdir.Tədbir millət vəkili Rafael Cəbrayılovun çıxışı ilə davam etmiş, o dövlət quruculuğu sahəsində Ümummilli Liderin reallaşdırdığı və uğurlu nəticələrindən bu gün də bəhrələndiyimiz işləri diqqətə çatdırıbdır. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında Ulu Öndərin Azərbaycan qarşısında şərəfli missiyasını layiqincə yerinə yetirən lider kimi səciyyələndirmiş, bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyini bildirib. RİH başçısı zamanın çətin sınaqları ilə üzləşən Azərbaycan xalqını parçalanmaqdan, xaosdan xilas edib inkişaf mərhələsinə çatdıran Ümummilli Lider Heydər Əliyevi Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi xarakterizə etmişdir. Çıxışda vurğulanmışdır ki, Azərbaycanın bugünkü inkişafı, regionun lider dövlətinə çevrilməsi və dünyada öz mövqeyi ilə seçilməsi Ulu Öndərin Azərbaycan qarşısında daha böyük bir xidmətindən danışmağa əsas verir. Bu xidmət Ulu Öndərin uzaqgörənliyi, xarizmatikliyi və digər liderlik keyfiyyətləri ilə seçilən və ən əsası özü qədər inandığı cənab İlham Əliyevi Azərbaycana bəxş etməsidir.Bədii hissə ilə davam edən tədbirdə respublikanın xalq artisti İlham Əsgərovun ifasında Ümummilli Liderə həsr olunmuş və onun sevdiyi şeirlərdən ibarət bədii kompozisiya təqdim edilibdir. Anım tədbiri "Liderlik missiyası" videoçarxının nümayişi ilə yekunlaşıbdır.