Havaların isti və mülayim keçməsi
katastrofik iqlim dəyişmələrinin təzahürüdür
"Qış fəslində Azərbaycanda havaların belə isti və mülayim keçməsi mövsümə uyğun deyil və bunun da nəticələri heç zaman yaxşı olmur".
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.
Onun sözlərinə görə, havaların belə isti keçməsinin səbəbi iqlim dəyişmələri və qlobal iqlimin istiləşməsidir: "Bu, dünyada olduğu kimi, Azərbaycanda da özünü göstərir. Bir neçə müddət öncə qeyd etmişdim ki, BMT-nin ətraf mühit-iqlim dəyişmələri üzrə hesabatı çox pidir. Orada qeyd olunur ki, ilin bir fəslində həm yandırıcı isti görmək olacaq, həm də qar yağa bilər. Yəni tədricən fəsil anlayışı yaddan çıxacaq. Artıq dünyada iqlim dəyişməsi və iqlim istiləşməsi müşahidə olunur".
R.Məmmədovun sözlərinə görə, iqlim dəyişmələrinin təzahürlərindən biri də odur ki, diapazon dəyişir. Diapazon dəyişikliyi nəticəsində eyni mövsümdə hədsiz dərəcə şaxta və hədsiz dərəcədə isti müşahidə etmək olar: "Məsələn, ola bilər ki, 15 gündən sonra şaxtalar gələ bilsin və yaxud 15 gündən sonra 20 dərəcəlik istilik gəlsin. Bunlar hamısı iqlim dəyişmələrinin təzahürüdür. Dünyada baş verən iqlim dəyişmələri artıq Azərbaycanda da müşahidə olunur. Biz materikin dərinliyindəyik deyə katastrofik dəyişmələr, böyük diapazonda dəyişmələr okeandan materikin dərinliyinə gələnə kimi biraz zəifləyirlər. Amma hər halda, bizə gəlib çıxırlar. Artıq katastrofik dəyişmələr başlayıb və bu hallar dünyanın müxtəlif ölkələrində müxtəlif hallarda müşahidə olunur. 2 il öncə yayda Avropada qar yağması, 2 il öncə qışda Rusiyada yağışın yağması kimi hallar müşahidə olunub. Artıq okeana yaxın ölkələrin ərazilərində katastrofik iqlim dəyişmələri çoxdan göstərirdi. Artıq bu proseslər materikin dərinliyinə də keçir və biz bunu yavaş-yavaş hiss edirik. Biz də buna hazır olmalı və qabaqlayıcı tədbirlər görməliyik".