İranda İnstagram sosial şəbəkəsində varlı uşaqlarını bir araya toplayan səhifənin açılması bu ölkənin mühafizəkar kəsimini bərk qəzəbləndirib.
"Rich Kids of Tehran" ("Tehranın varlı uşaqları") adı altında açılan İnstagram səhifəsində İranın varlı gənclərinin lüks və zəngin həyatını əks etdirən görüntülər yayılırdı.
İranlı zəngin gənclər bu səhifədə paylaşdıqları dəbdəbəli həyatlarının görüntüləri ilə din xadimlərini əsəbiləşdirmişdi. İran hökuməti isə bunun qarşısını almaq üçün səhifəni bağlamaq qərarı alıb.
Movqe.az xəbər verir ki, qısa müddət ərzində minlərlə izləyici toplayan səhifə İran hüquq-mühafizə orqanları tərəfindən qadağan edilib.
Xatırladaq ki, İranda belə lüks həyatlarını nümayiş etdirmək, şəriət qaydalarına zidd olan hərəkətlər etmək və bunları sosial şəbəkələrdə paylaşmaq qadağandır. Bunu edən gənclər cəzalandırılır.
Məsələn, bir müddət əvvəl "Happy" mahnısına klip çəkən 6 gəncin cəzalandırılması kimi. Onlar hərəyə 91 şallaq zərbəsi ilə cəzalandırılmışdılar.