Minsk qrupunun Helsinkidə görüşü Qarabağ nizamlamasına yardım edir

12 Fevral 2015 14:26 (UTC+04:00)

Helsinkidə Dağlıq Qarabağ nizamlanması üzrə görüş münaqişənin həllində işlərin cari vəziyyəti ilə bağlı fikir və informasiya mübadiləsi üçün yaxşı fürsətdir.Movqe.az xəbər verir ki, bu barədə Trend-ə telefonla Finlandiya XİN-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Krister Mikelson bildirib.


Onun sözlərinə görə, Finlandiya ATƏT-in Minsk qrupunun səylərini dəstəkləməkdə davam edəcək: "Həmsədrlər Madrid prinsipləri əsasında münaqişənin nizamlanmasına çalışırlar. Ötən il Azərbaycan və Ermənistan prezidentlərinin üç görüşü keçirilib və biz ümid edirik ki, bu görüşlər davam edəcək".


ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andre (Fransa) və İqor Popov (Rusiya) Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələr aparmaq üçün Helsinkidədirlər.


Bu saatlarda həmsədrlər Finlandiya XİN-in rəhbəri Erkki Tuomioy və dövlət katibi Piter Stenlandla danışıqlar aparırlar.


Fevralın 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana, daha sonra isə Ermənistana səfər edəcəklər.