Leyla Əliyeva avtomobil sərgisində-FOTOLAR
24 Fevral 2015 09:10 (UTC+04:00)
Movqe.az xəbər verir ki, fevralın 23-də
Heydər Əliyev Mərkəzində "Klassik avtomobil sərgisi"nin açılışı
mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva mərasimdə iştirak edib.
Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil
Federasiyasının prezidenti Anar
Ələkbərov bir il ərzində layihə üzərində
çalışanlara, o cümlədən Mərkəzin əməkdaşlarına, xarici muzeylərin
təmsilçilərinə minnətdarlığını bildirib.
Fransanın Milli Avtomobil Muzeyinin direktor müavini Rişar Keller təmsil etdiyi muzeyin kolleksiyası barədə
məlumat verib. Bildirib ki, bu kolleksiyanın əsasını Şlumpf
qardaşlarına məxsus kolleksiya təşkil edir. Həmin kolleksiyaya
müxtəlif illərdə istehsal olunan avtomobillər daxildir.
Beynəlxalq sərgi kuratoru Horst Kampan bu
sərgidə nümayiş olunan kolleksiyanın nadirliyini qeyd edib. Qonaq
ölkəmizin zəngin tarixə malik olduğunu söyləyib, Azərbaycanın neft
sənayesi ilə fərqləndiyini bildirib və qeyd edib ki, məhz bu
sahənin inkişafı dünyada avtomobil sənayesinin inkişafına töhfəsini
verib.
Sonra klassik avtomobil sərgisinin açılış mərasimi olub.
Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın Classic Remise və
Fransanın Şlumpf kolleksiyası Milli Avtomobil Muzeyi ilə birgə
təşkil olunan sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX
əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük
Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş
etdirilir. Bu gün ən son yeniliklərə uyğun avtomobillərin istehsal
olunmasına baxmayaraq, dövrümüzədək dəbdən düşməyən, ən əsası isə
keyfiyyətini itirməyən avtomobillər var. Hətta hazırda istehsal
edilməsə belə, yenə də avtomobil həvəskarlarının marağında olan
markalar var. Ziyarətçilər məhz bu maraqdan irəli gələrək təqdim
edilən sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə
ekskursiya edəcək, avtomobil sənayesinin ayrı-ayrı inkişaf
mərhələləri ilə tanış ola biləcəklər. Bu sərgi həm də avtomobil
həvəskarlarını bir araya toplayaraq nostalji hisslər yaradır. İlk
dəfə olaraq belə geniş eksponatlarla təşkil olunan sərgidə,
həmçinin müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol
nişanları, avtomobillər haqqında nəşrlər və digər aksessuarlar,
eləcə də arxiv materialları əsasında hazırlanan videoçarxlar
nümayiş olunur.
Sərgi ərəfəsində Azərbaycan Avtomobil Federasiyasının avtomobil
tarixi haqqında "Tarixə dörd çarxla" kitabı nəşr olunub. Nəşrdə
müxtəlif ölkələrdə ayrı-ayrı illərdə istehsal olunan avtomobillər
barədə məlumatlar, fotolar təqdim edilir.
Sərgi həftənin cümə, şənbə və bazar günləri ziyarətçilərin üzünə
açıq olacaq.