Təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişinlər də cərimələnə bilər
12 Aprel 2012 12:05 (UTC+04:00)
Təhlükəsizlik kəməri insanların həyat və sağlamlığının qorunması
üçün nəzərdə tutulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin
ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Gün.Az-a
açıqlamasında bildirib ki, təhlükəsizlik kəmərlərindən istifadə
etməyən sürücülər və sərnişinlər İnzibati Xətalar Məcəlləsinə
əsasən cərimələnir və sürücünün də vəzifə borcudur ki, bunu təmin
etsin.
"Avtomobildə istər qabaqda, istərsə də arxada oturanların hamısı
təhlükəsizlik kəmərlərindən istifadə etməlidir. Qeydə alına biləcək
yol hadisəsi zamanı təhlükəsizlik kəmərindən istifadə edilməsi
sürücü və sərnişinlərin həyat və sağlamlığının qorunmasıdır. Ona
görə də bu gün dünyanın hər bir inkişaf etmiş ölkəsində
təhlükəsizlik kəmərindən istifadə etməyənlər maksimum cərimələnir"
– deyə, V.Əsədov bildirib.
Şöbə rəisi cərimələrlə bağlı məsələyə toxunaraq qeyd edib ki, bir
neçə gün bundan öncə Azərbaycan Milli Məclisi cəzaların
sərtləşdirilməsi ilə əlaqədar qərar qəbul etdi ki, bu da
cərimələrin sayının azaldılmasına xidmət edir. "Qərarda bir sıra
cərimələr, həmçinin təhlükəsizlik kəmərindən istifadə edilməməsinə
görə cərimələr artırıldı. Qərara əsasən bu cərimə 20 manatdan 40
manata qaldırıldı. Sərnişinlər isə 10 manat cərimə olunur. Amma ola
bilər ki, yenə dəyişiklik olsun". V.Əsədovun sözlərinə görə, hər
hansı bir yol qəzası zamanı təhlükəsizlik kəmərindən istifadə edən
şəxsin sağ qalma ehtimalı 70-75 faiz təşkil edir. Bu istiqamətdə
təbliğat aparılmalı və insanlara başa salınmalıdır ki, yol polisini
aldatmaq xatirinə təhlükəsizlik kəmərini elə-belə üstünə atanlar
bilsinlər ki, onlar ancaq özlərini aldadırlar".