Elmar Qasımov rektor təyin olundu
12 Aprel 2012 13:16 (UTC+04:00)
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli
sərəncamı ilə Elmar Eldar oğlu Qasımov Bakı Ali Neft Məktəbinin
rektoru təyin olunub.
Qeyd edək ki, Elmar Qasımov ötən il sentyabrın 14-də ölkə
başçısının müvafiq sərəncamı ilə təhsil nazirinin müavini postundan
azad edilmişdi.
Daha sonra o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində
(ARDNŞ) yeni vəzifəyə təyin olunmuşdu. E.Qasımov ARDNŞ-nin
vitse-prezidentinin müavini postuna təyinat almışdı. Bu postda
E.Qasımov ARDN-nin Təhsil Proqramı üzrə xaricdə təhsil məsələlərini
kurasiya edirdi.
Sabiq nazir müavini bundan sonra Bakı Ali Neft Məktəbinin rektoru
vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, E.Qasımov Azərbaycan Futbol Federasiyaları
Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvüdür. AFFA-ya isə
ARDNŞ prezidenti Rövnəq Abdullayev rəhbərlik edir.
Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il
tarixli fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda
yaradılıb. Bu ali məktəbin yaradılmasında məqsəd beynəlxalq
standartlara uyğun ən müasir tədris planları və tədris
texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin
müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə
ehtiyacını ödəməkdir.
Ali məktəbin fəaliyyətini ən yüksək standartlara uyğun təşkil etmək
üçün inkişaf etmiş ölkələrin aparıcı elm və təhsil mərkəzləri ilə
sıx əlaqələr yaradılması nəzərdə tutulub. Tədris prosesinin
Azərbaycan və ingilis dillərində təşkil ediləcəyi ali məktəbdə ilk
tələbələr 2012-ci ilin sentyabr ayında təhsil almağa
başlayacaqlar.