Azərbaycanlılara qarşı yeni nasist hücumları...
12 Aprel 2012 13:25 (UTC+04:00)
Rusiyada etnik zəmində cərəyan edən hadisələr yenidən gündəmin əsas
mövzularından birinə çevrilməkdədir. Məsələni aktual edən əsas
məqamlardan biri isə baş verənlərdən Rusiyada yaşayan və əmək
fəaliyyəti ilə məşğul olan soydaşlarımızın da əziyyət
çəkməsidir.
Hələlik isə Rusiyada Qafqazdan olanlara qarşı hücumların artdığı
bildirilir. İndiki vəziyyətdə belə məlumatlar da çoxalmağa başlayıb
ki, baş verənlərin hamısı eyni mərkəzdən idarə olunur.
Belə bir vaxtda isə Rusiyada daha bir soydaşımız amansızlıqla qətlə
yetirilib. Rusiya vətəndaşı olan 33 yaşlı Mətin Mehdiyevin
cəsədi Moskvada boğazı kəsilmiş halda tapılıb. "Frans Press"
agentliyi xəbər verir ki, bu barədə onun keçmiş müdiri bildirib və
qətldə ultra millətçiləri günahlandırıb. Məlumatlara görə, qətlə
yetirilən şəxs Moskvanın mərkəzindəki evinə dükandan gəldiyi zaman
bir qrup adam ona hücum edib. Rusiya İslam Mədəniyyət Mərkəzinin
nümayəndəsi Məryəm Nalobina şahidlərə istinadla bildirib: "Beş
adam, o cümlədən gənc qadın onu əvvəlcə döyüb, sonra isə boğazını
kəsib". Nalobina deyib ki, qətlin nifrət zəminində olmasının bütün
əlamətləri var. O, AFP-ə bildirib ki, ötən il Sankt-Peterburqda
çoxlu belə qətllər törədilib: "2003-cü ildə Mehdiyev millətçilərin
hücumuna məruz qalmış və xəstəxanaya aparılmışdı, İslam Mədəniyyət
Mərkəzi bildirib. Onun həyat yoldaşı və iki aylıq uşağı var. Onun
gənclər arasında hörməti və nüfuzu vardı". Mehdiyev bir çox
təşkilatlar - Rusiya Müftilər Şurası və Rusiya Qafqaz Xalqları
Konqresi kimi qurumlarda işləyib. Moskva polisinin sözçüsü
"üzərində bıçaq yaraları olan kişi cəsədi" tapıldığını təsdiq etsə
də, əlavə məlumat verməyib.
O da bildirilir ki, Rusiyada qeyri-slavyanlar tez-tez nasist
qruplaşmaların hücumuna məruz qalır. Hakimiyyət isə iddia edir ki,
millətçi zəmində törədilən cinayətlərin sayı azalıb.
Rusiya İslam Komitəsinin nümayəndəsi Heydər Camal isə baş
verənlərlə bağlı bildirir: "Mətin Mehdiyev oğlum Orxanın yaxın
dostu idi. Onu mən də tanıyırdım. O, bizi toyuna dəvət etmişdi.
Onun iki aylıq övladı atasız qaldı. Rusiya Federasiyasının İstintaq
Komitəsi bunun millətlərarası münaqişəyə aidiyyəti olmadığını
açıqlamaqda tələsdi. Fikrimcə, İstintaq Komitəsi hansısa mənada
haqlıdır, çünki bu küçədə sərbəst gəzən qafqazlının və ya
asiyalının skinxedlərlə təsadüfi toqquşması deyil". O bildirib ki,
Mətin Mehdiyev adi Moskva sakininə bənzəyir və rusca səlis
danışırdı: "Onun xarici görünüşündə diqqəti cəlb edəcək zədə
olmayıb. Məhz buna görə qətlin sifarişli və məqsədyönlü olduğunu,
burada yaşayan müsəlmanlara psixoloji zərbə endirmək üçün həyata
keçirildiyini düşünürəm".
H.Camalın fikrincə, bu addım cəmiyyətdə gərginliyi artırmaq məqsədi
daşıyır və Mətin Mehdiyevin hədəf seçilməsi təsadüfi deyil. Belə
ki, bu cinayət prezident və baş nazir tərəfindən nəzarətə
götürülməyəcək, digər tərəfdən, bu cür nüfuzlu şəxsin qətlə
yetirilməsi şok effekti, insanlar arasında narazılıq dalğası
yaradacaq. Ümumiyyətlə, son dövrlər Rusiyanın
millətlərarası gərginlik və ultrairqçi qruplar sahəsindəki
problemləri çoxdan qalmadır. Ölkə müxalifət bildirir ki,
vətənpərvərlik barədə təmtəraqlı demoqogiyası ilə hakimiyyət
dözülməzlik, ksenofobiya və hətta irqçi hisslərin baş qaldırmasına
rəvac verib. Bir çox xarici media vasitələri artıq indidən belə bir
sual qaldırıblar: Rusiya dünya çempionatına gələcək xarici komanda
və azarkeşlərin təhlükəsizliyini təmin etməyə nə dərəcədə qabildir?
Ümumrusiya İctimai Fondunun rəhbəri və Mətin Mehdiyevin yaxın dostu
olan Andrey Getmanov hadisə ilə əlaqədar bunları deyib:
"Həmkarlarımdan öyrənmişəm ki, cinayət zamanı ətrafda şahidlər
olub. Hücum dəstəsinin içində qız da var imiş. Bu da millətçilərin
imzasına oxşayır. Belə ki, onlar "iş üçün" özləri ilə qız
götürürlər. Tamaşanın ssenarisi təxminən belə olur: guya "qaralar"
qıza sataşırdı, biz də yanından keçəndə onu qorumuşuq".
Getmanov Mehdiyevin məqsədli şəkildə öldürülə biləcəyini də deyib:
"Öldürülənin boğazından kəsilməsi də millətçi zəmində qətlin
xüsusiyyətlərindəndir".
Beləliklə, Rusiyada irqi zəmində hücumlar hələ də problem olaraq
qalır. Qeyd edək ki, milli zəmində yaşanan problemlər Rusiya
hakimiyyəti üçün də ciddi baş ağrısıdır. Bu səbəbdən qeyd olunur
ki, milli zəmində cinayət törədənlərə qarşı çıxarılan hökmlərin,
belə demək olarsa, keyfiyyəti yaxşılaşır.
Keyfiyyətin nə mənada yaxşılaşdığını isə Rusiyanın "Sova" Analitik
Mərkəzi belə izah edir: "Yəni əvvəllər skinhedlərə qarşı daha çox
Cinayət Məcəlləsinin 282-ci maddəsi - nifrətin nümayişkaranə
şəkildə bildirilməsi ("qaralara ölüm" və s. şüarlar səsləndirmə)
ilə bağlı maddə tətbiq olunurdusa, indi tətbiq olunan maddələrin
sayı artır. Axı baş verən cinayətlər yalnız 282-ci maddənin
tərkibilə məhdudlaşmır. Bizim Cinayət Məcəlləsində milli zəmində
nifrətə görə cinayətləri daha dəqiq ifadə edən maddələr var -
məsələn, milli zəmində xuliqanlıq, milli zəmində döymə və s. Artıq
bu maddələri fəal şəkildə tətbiq etməyə başlayıblar. Yazda milli
zəmində cinayətlərə görə 8 hökm çıxarılıb və onların yalnız birində
282-ci maddə tətbiq edilib. Dəqiq maddələrdən istifadə də irəliyə
doğru böyük addım sayılmalıdır".
Əsgər CAVADOV