Məhkəmə şirkətə 1.1 milyar dollar cəza kəsdi
12 Aprel 2012 14:21 (UTC+04:00)
Amerikanın böyük dərman şirkətlərindən olan "Johnson & Johnson"
şirkətinə bir növ sakitləşdirici "Risperdal" dərmanının riskləri
haqqında həkim və xəstələri səhv istiqamətləndirməsinə görə 1
milyard dollardan artıq cəza verilib.
ABŞ-ın Arkanzas əyalətindəki məhkəmədə hakim, "Johnson &
Johnson " şirkətini "Risperdal" dərmanının daha təsirli və etibarlı
olduğunu iddia edərək, təsdiq edilmədiyi halda uşaq və yaşlılar
üçün də istifadə edilə biləcəyini deyərək səhv və yanıldıcı məlumat
verdiyinə görə hökm çıxarıb.
Bu səbəblə şirkətdən 1,1 milyard dollar ödəməsi tələb olunub.
"Johnson & Johnson" işə yenidən baxılmasını tələb edib, əks
halda verilən qərarla bağlı şikayət edəcəyini açıqlayıb.
Şirkət rəsmiləri üç həftə davam edən məhkəmədə "məsulliyyətli
şəkildə hərəkət etdikləri" ilə bağlı çox müxtəlif dəlillər təqdim
etdiklərini vurğulayıb. Qərar şirkət hissələrinin dəyərinin
itməsinə səbəb olub.
"Risperdal" adlı antipsikotik dərman şizofreniya, bipolar
problemlər və otizm xəstələrindəki əsəbilik halına qarşı istifadə
edilir.
"Johnson & Johnson" haqqında "Risperdal" preparatının səhv
istiqamətləndirici şəkildə satışa çıxardığı iddiasına görə
Arkanzasdan başqa əyalətlərdə də açılmış məhkəmə çəkişmələri
var.
Şirkət əvvəllər də bunun kimi bəzi məsələlərə görə təqsirləndirilib
və pul cəzası verilib. Ancaq bunların heç biri Arkanzasdakı qədər
yüksək məbləğli olmayıb.
1994-cü ildə bazara çıxarılan "Risperdal" "ikinci nəsil bir
antipsikotik" olaraq təyin olunur.
Dərmanın yenidən istehsal edilərək bazara çıxarılması şirkətə
milyardlarla dollar qazandırıb.
Ancaq "Risperdal" və buna oxşar antipsikotik dərmanların yaşlı
xəstələrdə iflic və ölüm riskini artıra bilməsi, çəkinin artması və
şəkər xəstəliyinə yol aça bilməsi ilə bağlı fikirlər irəli
sürülüb.
Ziba Yusifova