Mətbuat təmsilçiləri
13 Aprel 2012 20:33 (UTC+04:00)
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə cümə günü "Eurovision
2012" ilə bağlı keçirilən "dəyirmi masa" zamanı beynəlxalq mediada
Azərbaycanın bu mahnı müsabiqəsinə hazırlıqları ilə bağlı yayılan
neqativ məlumatlara qarşı müraciət ünvanlanıb.
Müraciətin mətnini jurnalist qurumlarının rəhbərlərinə Mətbuat
Şurasının sədri Əflatun Amaşov təqdim edib.
Müraciətdə qeyd olunur ki, şərqdə ilk demokratiya nümunəsi olan
Azərbaycan ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyini əldə
etdikdən sonra demokratik, plüralist medianın formalaşdırılmasını
qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirdi.
"Yeni dövrdə partiya-sovet mətbuatına xas mənfi meyillərin aradan
qaldırılması, medianın qanunvericilik bazasının beynəlxalq
standartlara uyğunlaşdırılması ciddi siyasi iradə və mühüm əməli
tədbirlərin həyata keçirilməsini tələb edirdi. 1998-ci ildə
Azərbaycanda senzuranın, 2000-ci ildə isə mətbuata dövlət
nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin
ləğvindən sonra azad media mühitinin formalaşdırılması sürətlə
inkişaf edən prosesə çevrildi. Kütləvi informasiya vasitələrinin
təsis edilməsi sadələşdirildi, hər bir vətəndaşa özünün qəzetini,
jurnalını və ya informasiya agentliyini yaratmaq imkanı verildi.
Təsadüfi deyil ki, ərazisi 86,6 min kvadratkilometr təşkil edən və
9 milyon əhalisi olan Azərbaycanda hazırda 4700-dən artıq KİV
müvafiq dövlət orqanında uçota götürülüb və ya qeydiyyatdan keçib.
Ölkədə 300-ə yaxın qəzet, 100-ə qədər jurnal, 30-dan çox
informasiya agentliyi, 50-yə yaxın elektron KİV fəaliyyət göstərir.
Çoxlu sayda mətbuat yayımı firmaları sərbəst şəkildə mətbuatı
Azərbaycanın ən ucqar nöqtələrinə çatdırırlar. Müxtəlif jurnalist
təşkilatları Azərbaycanda söz və məlumat azadlığının, medianın
inkişafı, jurnalistlərin hüquqlarının müdafiəsi və s.
istiqamətlərdə aktiv fəaliyyət göstərirlər. Bu gün Azərbaycanın
internet məkanı sürətli inkişaf mərhələsini yaşayır, ölkə
əhalisinin 50 faizindən çoxu internetdən istifadə edir. Yeni
medianın inkişafı cəmiyyətin informasiya almaq imkanlarını
genişləndirir", - müraciətdə deyilir.
Həmçinin mətndə qeyd olunur ki, postsovet məkanında ilk dəfə olaraq
2003-cü ildə Azərbaycanda medianın özünütənzimləmə orqanı olan
Mətbuat Şurası yaradılıb.
"Şura bu müddət ərzində media-ictimaiyyət, media-hakimiyyət
münasibətlərinin qurulması və inkişafında bir sıra uğurlara imza
atıb. Mətbuat Şurasının həyata keçirdiyi tədbirlər media
mühitimizdə siyasiləşmənin aradan qaldırılması, jurnalistikanın
vahid orqanizm kimi formalaşmasında özünəməxsus rol oynayıb,
medianın daxili məsuliyyət hissini möhkəmləndirib. Hazırda
Azərbaycanda medianın kifayət qədər liberal qanunvericilik bazası
mövcuddur. KİV sahəsindəki hüquqi-normativ aktlar beynəlxalq
standartlara tam cavab verir. Onların hər birinin qəbulunda
Avropanın nüfuzlu beynəlxalq təşkilatlarının rəyi başlıca meyar
kimi götürülüb. Buna misal kimi, ATƏT ekspertlərinin yaxından
iştirakı ilə 2005-ci ildə "İnformasiya əldə etmək haqqında" qanunun
qəbul edilməsini göstərmək olar", - müraciətdə deyilir.
Müraciətdə qeyd olunur ki, KİV-lərə dövlət dəstəyi Azərbaycanın
media ilə bağlı qanunvericiliyinin spesifik cəhətlərindən birini
təşkil edir.
"2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" adlı sənədin
təsdiqlənməsindən sonra KİV-lərin inkişafına dövlət dəstəyinin
mexanizmləri formalaşdırıldı. Konsepsiyaya uyğun olaraq, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun
əsas məqsədi medianın iqtisadi müstəqilliyini göcləndirmək,
çoxsaylı KİV-lərin müasir bazar münasibətlərinə uyğunlaşmasını
dəstəkləməkdir", - müraciətdə deyilir.
Azərbaycanın media təmsilçiləri bildiriblər ki, KİV-lərdə
Azərbaycan haqqında çoxsaylı materiallar dərc edilir və onların
əhəmiyyətli qismi pozitiv ruhludur.
"Lakin təəssüf ki, dünyanın bir sıra KİV-lərində Azərbaycanla bağlı
gedən materiallarda obyektiv mövqe nümayiş etdirilmir,
jurnalistikanın təməl prinsipləri olan tərəfsizliyə və qərəzsizliyə
etinasız yanaşılır. Məqalələrdə, məlumatlarda müxtəlif vaxtlarda
yaşanmış neqativ hallar ümumiləşdirilərək Azərbaycan dövlətinin söz
və mətbuat azadlığı, insan hüquqları sahəsində siyasəti kimi təqdim
olunur. Bizi - Azərbaycan jurnalistlərini ən çox narahat edən
ölkəmiz haqqında mütərəqqi demokratik dəyərlərdən uzaq yanlış
təsəvvür formalaşdırmaq cəhdlərinə informasiya dəstəyinin
verilməsidir. Biz ölkəmizdə söz və mətbuat azadlığı sahəsində
çətinlikləri inkar etmirik və onların aradan qaldırılmasına
çalışırıq. Bu məqsədlə həm Azərbaycan hakimiyyəti, həm də BMT,
ATƏT, Avropa Şurası kimi nüfuzlu təşkilatlarla intensiv əlaqələr
saxlayırıq. Hazırda qarşımızda duran vacib məsələlərdən biri
medianın ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi, onun
iqtisadi müstəqilliyinin gücləndirilməsidir. Çünki özünü
maliyyələşdirmək imkanlarının məhdudluğu redaksiyaların
müstəqilliyinə və peşəkarlığına mənfi təsir göstərən başlıca
amildir. Azərbaycan jurnalistlərinin yekdil qənaəti ondan ibarətdir
ki, iqtisadi müstəqilliyin zəif olması redaksiyaların,
jurnalistlərin maraqlı siyasi və biznes dairələrin təsiri altına
düşməsinə, ölkədaxili siyasi mübarizədə vasitəyə çevrilməsinə,
bitərəflik, qərəzsizlik, peşəkarlıq kimi mühüm meyarların
deqradasiyasına şərait yaradır. Bu faktor həm də bəzi hallarda
jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək imkanlarının
məhdudlaşmasına, onların hüquqlarının pozulmasına yol açır", -
müraciətdə deyilir.
Qeyd olunur ki, Azərbaycan jurnalistləri ölkə həqiqətlərinin,
ölkədəki real vəziyyətin müəyyən daxili və xarici maraqlı
dairələrin süzgəcindən keçərək deyil, obyektiv şəkildə dünya
ictimaiyyətinə çatdırılmasının tərəfdarıdır.
"İstərdik ki, dünyanın aparıcı KİV-ləri Azərbaycan haqqında
materiallar verərkən təkcə neqativ halları qabardaraq birtərəfli
mövqe tutmasın, həm də görülən işlər barədə danışsın. Materiallarda
söz və mətbuat azadlığı mühitinin daha da dərinləşməsi, demokratik
medianın formalaşması üçün siyasi iradə və cəmiyyətin istəyinin
olması, bu məqsədlə əməli tədbirlərin həyata keçirilməsi başlıca
meyar kimi götürülsün. Çox istərdik ki, dünyanın nüfuzlu KİV-ləri
ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğalı faktını
diqqətdə saxlasınlar, bir milyondan artıq azərbaycanlını öz
torpaqlarından didərgin salmış, onminlərlə insanın qətlində, yaxın
tariximizin ən qanlı və faciəli səhifələrindən olan Xocalı
soyqırımının törədilməsində günahkar olan cinayətkarların
cəzalandırılmasını tələb etsinlər. Biz sizi bu məsələdə həqiqətin
yanında olmağa, yüz minlərlə insanın pozulmuş haqqının bərpa
olunmasına dəstək verməyə çağırırıq", - müraciətdə deyilir.
Bu il Azərbaycanın 20 illik müstəqillik tarixində ilk dəfə
Avropanın ən nüfuzlu mədəni hadisələrindən olan "Eurovision 2012"
mahnı müsabiqəsini keçirməyə hazırlaşdığı qeyd edilən mətndə
bildirilir ki, hazırda bütün Azərbaycan cəmiyyəti kimi, onun
mediası da qarşıda duran vəzifənin məsuliyyətini dərk edir və
cidd-cəhdlə dünya ictimaiyyətinə ölkəmiz haqqında obyektiv və
hərtərəfli məlumat verməyə çalışır.
Müraciətdə media Avropada süni şəkildə Azərbaycan haqqında yanlış
rəy formalaşdırmaq cəhdlərində iştirak etməməyə, bütün məsələləri
obyektiv dəyərləndirməyə çağırılır.
"Eurovision 2012" iştirakçıları olan ölkələrin mediasına 38 qəzet,
8 informasiya agentliyi, 6 internet xəbər portalı, 10 telekanal, 11
radio müraciət edib.