35 jurnalist qətlə yetirilib
13 Aprel 2012 13:38 (UTC+04:00)
Livan, Somali və İndoneziyada üç jurnalistin öldürülməsi ilə
2012-ci ildə qətlə yetirilmiş jurnalistlərin sayı 35-ə çatıb. Bu
barədə Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli
Komitəsinin rəhbəri Umud Rəhimoğlu BMİ-nin Vyanadakı baş ofisinə
istinadən məlumat verib.
BMİ-nin builki açıqlamasına görə, eyni şəraitdə - ezamiyyət zamanı
ötən il də 23 jurnalist öldürülüb. Ümumilikdə isə 2011-ci ildə 102
jurnalist qətlə yetirilib. BMİ-nin statistika apardığı tarix
ərzində bu rəqəmi yalnız 2009-cu ilin göstəriciləri üstələyir.
2009-cu ildə 110 jurnalist öldürülüb ki, bunlardan 24-ü 10 aprel
tarixindən əvvələ təsadüf edir. BMİ-nin icraçı direktoru Alison
Makkenzi bildirib ki, medianın yaxın tarixi ərzində ilin
başlanğıcında bu qədər ölüm hallarına rast gəlməyiblər. Xanım
Makkenzi demokratik hərəkat dünyada daha geniş vüsət aldıqca,
jurnalistlərə qarşı hücumların da artdığını deyib.
Digər BMİ rəsmiləri də jurnalistlərə qarşı artan hücumları pisləyən
bəyanatlarla çıxış ediblər.
Qətlə yetirilən jurnalistlərin ailələrinə, yaxınlarına başsağlığı
verən BMİ rəsmiləri bu il media üçün pis başlanğıc olsa da,
vəziyyətin dəyişməsinin hələ də mümkün olduğunu vurğulayıblar.
Onlar milli hökumətləri jurnalistlərə qarşı olan bu cinayətlərə son
qoymaq üçün bütün zəruri tədbirləri görməyə çağırıblar.