Narkomaniya gənclər üçün daha böyük bəlaya çevrilir
13 Aprel 2012 14:19 (UTC+04:00)
Azərbaycanda narkomaniyanın səviyyəsinin artması rəsmi qurumları,
ictimaiyyəti daim narahat edib. Rəsmi məlumatlara görə, ölkədə 26
700 nəfərdən çox narkoman var. Bu qeydiyyatda olanların sayıdır.
Qeydiyyata düşməyənlər bundan bir neçə dəfə çoxdur. "Ağ ölüm"ün
gətirdiyi bəlaların sayı və dərəcəsi getdikcə artmaqdadır.
Yayılan son məlumatlara görə, narkomaniya indi orta məktəblərə də
nüfuz edib. Bu bəlaya mübtəla olan şagirdlərin sayı çoxalır.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev Səhiyyə və Təhsil
nazirliklərinin təşkil etdiyi "Narkomanlığa yox deyək!" kampaniyası
ilə bağlı keçirilən tədbirdə bir daha bildirib ki, ölkədə
narkomanların sayı ildən-ilə artır: "Bu artım hər il 1000 nəfər
təşkil edir. Məktəblilər arasında da narkotik vasitələrdən istifadə
edənlər var. Bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri
aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır".
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz
Əliquliyev isə deyib ki, yeniyetmələr arasında narkomaniyaya
meyillilik artıb: "Onlar daha çox kley, aseton, apteklərdə
reseptsiz satılan bəzi dərmanlardan istifadə edirlər. Narkomanlar
arasında savadlı, bilikli insanlar da var. Amma onlar nə vaxtsa
edilən təkliflərə "yox" deyə bilməyib, həyatlarını məhv
ediblər".
Narkomaniyanın şagirdlər arasında yayılması təhsil üzrə
ekspertləri, sosioloqları ciddi narahat edir.
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə,
narkomaniyanın məktəblilər arasında yayılması gözlənilən idi: "Qərb
ölkələrində, Rusiyada bu problem xeyli müddət öncə özünü göstərib.
İndi Azərbaycana gəlib çıxıb. Hələ sovet dövründə orta məktəb
şagirdləri siqaret çəkəndə onlara qarşı pis münasibət var idi. İndi
10-11-ci siniflərin oğlanlarının əksəriyyəti siqaret çəkir,
günlərini internet klublarda keçirirlər. Yeniyetmə internet klubdan
yaxşı heç nə götürə bilməz. Əxlaqsız filmlərə baxıb, zövqsüz
mahnılar dinləyirlər. Bu da onların tərbiyələrinə pis təsir
göstərir. Türk liseylərində şagirdlərin istifadə etdikləri
internetlər yalnız elmi saytları açır, istifadə etdikləri mobil
telefonlar da sadə olur. Ona görə də türk liseylərinin
şagirdlərinin əksəriyyəti ali məktəblərə qəbul olunurlar. Bizim
orta məktəblərdə də şagirdləri pis vərdişlərdən çəkindirmək üçün
müxtəlif tədbirlər həyata keçirilməlidir. Çox sevindirici haldı ki,
Təhsil və Səhiyyə nazirlikləri bu istiqamətdə kampaniyaya start
veriblər".
Ə.Ağayev əlavə etdi ki, orta məktəb şagirdlərinin narkomaniyaya
qurşanmasının əsas səbəblərindən biri ailələrdəki qeyri-münasib
yaşam tərzidir: "Ata siqaret çəkir. Evdə daha çox döyüş janrında
olan filmlərə baxılır. Cinayətkarların, narkomanların həyatlarından
bəhs edən, onları qəhrəman kimi təqdim edən və açıq-saçıq
səhnələrlə zəngin olan filmlərə uşaqların baxması məsləhət deyil.
Bizdə bəzən nəinki oğlan, hətta qız uşaqları da valideynlərilə
birlikdə belə filmlərə baxırlar. Bunun sonu isə narkomaniyaya
qurşanmaqdır. Tərbiyə ailədən başlamalıdır. Ümumtəhsil
məktəblərində uşaqlara tərbiyə deyil, təhsil verilir. Dərsliklərdə
narkomaniyaya qarşı olan kifayət qədər mövzular var".
Sosioloq Əhməd Qəşəmoğlu isə düşünür ki, təhsil cəmiyyətin bir
hissəsi olduğundan, cəmiyyətdəki neqativ hallar orta məktəblərə də
sirayət edir: "Qadınlar açıq şəkildə siqaret çəkirsə məktəbli
qızlar da buna meyil göstərirlər. Bakının elə məktəbləri var ki,
qızların çantasında siqaret olur. Tənəffüsdə çəkirlər. Gözlərimlə
bunun şahidi olmuşam. Oğlanların siqaret çəkməsinə isə heç bir
maneə yoxdur. Bundan başqa hərəsinin mobil telefonu var və axşama
kimi sosial şəbəkələrdə tanışlıq çatlarındadılar. Əgər kənd qızları
evdən məktəb adına çıxıb Bakıya görüşə gəlirsə, oğlanların narkotik
qəbul etmələrindən təəccüblənmək olmaz. Siz gedin rayon
məktəblərinə baxın. Savadlı şagirdlər müəllim yanına gedir.
Müəllimlər 3-5 nəfərə dərs keçirlər. Onlar da 2-3-cü dərsdən çıxıb
gedirlər qumar oynamağa, siqaret, nəşə çəkməyə. Bu təkcə təhsilin
deyil, cəmiyyətin bəlasıdır".
Ə.Qəşəmoğlu hesab edir ki, orta məktəblərdə narkomaniyanın
yayılmasının qarşısını almaq üçün geniş kampaniya aparılmalıdır:
"Narkomanların sonu onlara əyani şəkildə göstərilməlidir. "Ağ
ölüm"ün bu vaxta qədər heç kəsə xoşbəxtlik gətirmədiyini şagirdlərə
izah etmək lazımdır. Onların arasında "narkomaniyaya yox" adı
altında inşa, məqalə müsabiqələri keçirilməlidir".
R.XƏLİLOV