Evini sığortalamayanlar cərimələnəcək

2 İyul 2015 19:40 (UTC+04:00)

Azərbaycanın İcbari Sığorta Bürosu (İSB) Avtomobil sahiblərinin mülki məsuliyətinin icbari sığortası və Daşınmaz əmlakın icbari sığortası üzrə yeni təkliflər hazırlayır. "Movqe.az-ın məlumatına görə, Büronun İcraçı direktoru Elxan Quluyev jurnalistlərə bildirib ki, məqəsəd iki il ərzində avtomobil sahiblərinin mülki məsuliyyətinin və daşınmaz əmlakın icbari sığortasının əhatə dairəsini 95%-dək artırmaqdır."Açıq söyləmək lazımdır ki, Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbai sığortasının və daşınmaz əmlakın icbari sığortasının əhatə dairəsi o qədər də böyük deyil. Azərbaycanda mövcud olan əmlakın sayı barədə dəqiq məlumat əldə etmək çətindir. 2013-cü ilə olan bir məlumata görə, təxminən 3 milyon əmlak var. Amma icbari sığortaya bunun 8-10 faizi cəlb olunub. O cümlədən də, qeydiyyatda olan nəqliyyat vasitələrinin də sığortaya cəlb edilməsi bizi qane etmir. Son məlumata görə, Azərbaycanda 1 milyon 245 min ədəd nəqliyyat vasitəsi var. Lakin hal-hazırda bu avtomobillərin təxminən 50%-i icbari sığorta ilə əhatə olunub. Bunlar aşağı rəqəmlərdir. Büro olaraq bizim əsas hədəfimiz bu nisbətləri ən azı 2 ilə həm avtomobildə, həm də əmlakda 90-95%-ə çatdırmaqdır".

Elxan Quluyev qeyd edib ki, icbari sığortanı almayan avtomobil sahibləri üçün cərimənin artırılması müsbət nəticələrini verir. Cərimələr evini icbari sığorta etdirməyənlər üçün də artırıla bilər:

"İcbari sığorta olmadan nəqliyyat vasitəsini idarə etməyə görə cərimə 5 dəfə artırıldı: 10 manatdan 50 manata. Həm cərimənin artırılmasının, həm də təbliğatın gücləndirilməsinin nəticəsidir ki, ötən illə müqayisədə Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 20% artım var".

Elxan Quluyev "Biz yenidən velosipet hazırlamırıq, inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edirik" deyərək əlavə edib ki, təkliflər Oktyabr ayında Maliyyə Nazirliyinə təqdim olunacaqdır.

Qeyd edək ki, əsas təkliflərdən biri avtomobillər ilə bağlıdır. Təkliflər qəbul olunarsa, sahibinin mülki məsuliyyətinin icbari sığortası olamayan avtomobil yol hərəkətindən kənarlaşdırılaraq cərimə meydançasına aparılacaq.