Quraqlıqla gələn böyük təhlükə

3 İyul 2015 10:30 (UTC+04:00)

Qlobal iqlim dəyişikliyi ilə əlaqədar olaraq bu yay da Azərbaycanda quraqlığın olacağı gözlənilir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunundan bildirilib ki, bu ilin iyul, avqust aylarında havanın temperaturu iqlim normasından bir qədər yüksək olacaq. Yağıntıların miqdarı isə normadan az olmaqla, iqlim normasının 65-70 faizini təşkil edəcək. Bu da ölkənin bəzi ərazilərində, xüsusən də, Aran rayonlarında quraqlığın yaranmasına səbəb olacaq. Quraqlıq özünü Mərkəzi Aran rayonlarında daha intensiv şəkildə göstərəcək. İyul, avqust aylarında isti küləklərin də intensivliyi artacaq ki, bu da quraqlığın daha kəskin xarakter almasına gətirib çıxaracaq. Əsas quraqlıq dövrünün iyulun 20-dən avqustun 20-dək olan dövrdə müşahidə ediləcəyi proqnozlaşdırılır. Hətta isti küləklər səbəbindən bu il quraqlığın keçən illə müqayisədə daha kəskin olacağı gözlənilir.

Qeyd edək ki, quraqlığın olması ilk növbədə kənd təsərrüfatına ziyan vurur. Belə vəziyyətdə kənd təsərrüfatı bitkiləri lazımı qədər su ilə təchiz oluna bilmir ki, bu da sonda həmin bitkinin hələ bar vermədən öncə məhv olmasına gətirib çıxarır.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bu qənaətdədir ki, mövcud potensialdan səmərəli istifadə etməklə, quraqlığa davamlı bitki sortlarının yetişdirilməsinə də xüsusi diqqət yetirməliyik: "Yay aylarında havaların isti keçməsi və bunun nəticəsində quraqlığın olması təbii bir prosesdir. Aqrar sahədə çalışan məmur və mütəxəssislər bunu bilməlidir. Belə hallar hər il təkrarlana bilər. Həm də nəzərə almalıyıq ki, iqlim dəyişikliyi baş verir. Bu da öncədən havanın necə olacağına dair proqnoz verməkdə çətinlik yaradır. Son zamanlar havaların kəskin dəyişməsi, şiddətli istilər, yaxud intensiv yağışların yağması halları ondan xəbər verir ki, iqlimlə bağlı baş verə biləcək hadisələrə hazır olmalıyıq. Azərbaycanda sovet dönəmində isti və quraqlığa dözümlü sortlar yetişdirilirdi. Ölkənin suya tələbatının 70 faizini də qonşu ölkələrdən Azərbaycan ərazisinə daxil olan su mənbyi ödəyir. Bütün bunları nəzərə almaqla hökumət quraqlığa davamlı bitkilərin yetişdirilməsi istiqamətində zəruri addımlar atmalıdır. Azərbaycanın su potensialı resursu suvarma suyuna olan ehtiyacımızı 100 faiz ödəməyə imkan verir. Kür və Araz çaylarından gələn sudan istifadə edirik. Eyni zamanda, yağan yağış sularını toplayıb anbarlara yığıb, sonradan ondan səmərəli istifadə etməklə suvarma suyuna olan ehtiyacımızı tamamilə ödəyə bilərik. Yəni, bu istiqamətdə probem yoxdur. Sovet dövründə sovxoz və kolxoz təsərrüfatlarında belə su anbarları vardı. Bütün bu addımların həyata keçirilməsi kompleks tədbirlər tələb edir. Avqust ayında davamlı yağış yağması hallarını müşahidə etməmişəm. Bu dövrdə havaların isti keçdiyi və yağıntının da az olduğunu hər il görürük. Ona görə də problemdən çıxmaq üçün quraqlığa daha dözümlü sortların yaradılması istiqamətində işlər aparılmalıdır. Amma ölkədə seleksiya və genetika ilə bağlı işlər demək olar ki, qapanıb. AMEA-nın Genetika və Seleksiya Şöbəsi artıq neçə illərdir ki, kənd təsərrüfatına hər hansı bir töhfə vermir. Nə bitkiçilikdə yeni sort, nə heyvandarlıqda yeni bir cins yaradılıb. 1 milyon 300 min hektara yaxın suvarılan sahələr var. Mövcud potensialdan səmərəli istifadə edib, suvarma işlərini elə qurmaq lazımdır ki, fermerlərin suya olan tələbatı davamlı şəkildə ödənilsin. Həmçinin çalışmaq lazımdır ki, əkin sahələri ətrafında qoruyucu meşə sahələri salınsın. Bu qoruyucular əkin sahələrini həm soyuq havadan, həm də kəskin istilərdən qoruya bilir. Belə olarsa, bitkilər bir o qədər də isti və soyuğun təsirinə məruz qalmır. Təəssüf ki, Quba-Xaçmaz zonasında yerləşən meşəli dağlar indi boz səhraya çevrilib. Ev heyvanlarının sayının çoxalması da dağları bitki örtüyündən məhrum edir. Dağ ətəyində meşələrin salınması, dağda kolluqların bərpa edilməsi, təbii otlaqların bərpa edilməsi istiqamətində də işlər aparılmalıdır ki, quraqlığın kənd təsərrüfatına verdiyi ziyan güclü olmasın. Amma təəssüf ki, hələ də torpaqların deqradasiyaya məruz qalması hallarını müşahidə etməkdə davam edirik".

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov bildirdi ki, quraqlıq ölkədə kənd təsərrüfatı istehsalının 20-30 faizə qədər azalmasına yol aça bilər: "Azərbaycan aqrar ölkədir. Burada əhalinin 40 faizindən çoxu kənd təsərrüfatı ilə məşğuldur. Bu sahənin inkişafı təbiətdən çox asılıdır. Bu ilin mart-may ayları ərzində külli miqdarda yağış yağdığından Azərbaycanda taxıl istehsalının xeyli artdığı müəyyən edilib. Lakin iyul, avqust aylarında havaların quraqlıq keçəcəyi gözlənilir. Amma vaxtında aqrotexniki tədbirlər həyata keçirməklə quraqlığın zərərini müəyyən qədər azalda bilərik. Bu dövrdə sudan qənaətlə istifadə edilməlidir. Suvarma suyunun selləmə aparılmasının qarşısı alınmalıdır. Tərəvəz bitkiləri, meyvə bağları gecələr suvarılmalıdır. Çünki gündüz suvarılanda buxarlanma sürətlə gedir və ciddi su itkisinə yol verilir. Sahələrdə suyun əsas ana bitkilər tərəfindən mənimsənilməsini təmin etmək üçün hər yerdə alaq otları vurulmalıdır. Çünki, alaq otları suvarılan sahəyə gələn suyun 40-50 faizini mənimsəyir. Elə edilməlidir ki, bitkinin dibi həmişə yumşaq olsun, buxarlanmanın qarşısı alınsın. Bu il meyvə olduqca azdır. Quraqlıq fonunda daha çox meyvənin tökülməsinə şərait yaranacaq. Quraqlıqla bağlı olaraq pomidorun məhsuldarlığı da xeyli aşağı düşəcək. Bir sözlə, insanlar öz əməyi ilə quraqlığın yaratdığı nəticələri xeyli dərəcədə azalda bilərlər. Əks halda, quraqlıq istehsalın azı 20-30 faizə qədər azalmasına gətirib çıxara bilər".