Yuan böhranı Azərbaycana təsirsiz ötüşəcək

3 İyul 2015 10:45 (UTC+04:00)

Yunanıstandakı iqtisadi böhran tək bu ölkənin özünə təhlükə yaratmayıb. Burada defolt olacağı təqdirdə, xüsusi ilə Avropa Birliyi üçün yaranacaq iqtisadi problemlərin miqyasının kifayət qədər böyük olacağı vurğulanır. Avropa Birliyi ilə yanaşı Yunanıstanla sıx iqtisadi əlaqədə olan ölkələr də narahatdırlar. Bu arada qeyd edək ki, Azərbacan da Yuanıstana ərmaya yatıran ölkələrdəndir. Ancaq ekspertlər hələlik ölkəmiz üçün ciddi təhlükənin olmadığını deyirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, defoltun baş verib-verməyəcəyindən asılı olmayaraq, Yunanıstanda iqtisadi vəziyyət yaxşı deyil: "Yunanıstandakı mövcud vəziyyət və onun uzun müddət böhrandan çıxa bilməməsi yalnız Yunanıstanla bağlı məsələ deyil. Xüsusən Qərb institutlarının uzun zaman Yunanıstanı böhrandan çıxarmaq üçün həyata keçirdikləri layihələrin uğursuz olması ilə də bağlıdır. Praktiki olaraq, Yunanıstan Qərbin aparıcı dövlətləri arasında bölüşdürülüb. Yunanıstanın əsas şirkətləri Qərbin aparıcı şirkətləri tərəfindən alınıb".

Ekspert qeyd etdi ki, Yunanıstan Azərbaycan üçün əhəmiyyətli ölkələrdən biridir: "Azərbaycan Yunanıstan vasitəsi ilə enerji layihələrini reallaşdırır. TANAP layihəsində Yunanıstan istehlakçı və tranzit ölkə kimi iştirak edir. Eyni zamanda ARDNŞ-in Yunanıstanda müəyyən sərmayaları var. Ancaq Yunanıstan hökuməti SOCAR-ın sərmayaları ilə bağlı müqavilə öhdəliklərinə tam olaraq əməl etmir. Baxmayaraq ki, SOCAR Yunanıstan dövlət şirkətinin səhmlərinin 50%-dən çoxunu almışdı. Amma sonrada Avropa Komisiyyası bunu təsdiq etmədi. O baxımdan Yunanıstandakı defolt enerji layihələrinə təsir göstərməyəcək. Reallıq ondan ibarətdir ki, Yunanıstanın daxili enerji layihələrinə təsir imkanları məhduddur. Azərbaycan enerji layihələrinin istehsalçı və təchizatçısı kimi enerji layihələrinə təsiri olan ölkədir. Alıcı ölkələr qismində isə Avropa Birliyinin təsiri olduqca yüksəkdir. Praktiki olaraq, bu gün Avropa Birliyi Yunanıstanla bağlı layihələrdə söz sahibidir. Ona görə də TANAP-ın reallaşması Yunanıstandan daha çox Aropa Birliyinin mövqeyindən asılıdır. Bu baxımdan Yuanıstandakı mövcud böhran TANAP-ın reallaşmasına mənfi təsir göstərməyəcək. Çünki, TANAP-da əsas alıcı ölkə İtaliyadır. Yunanıstandaha daha çox tranzit ölkəsidir. Bütün bunların Azərbaycanın Yunanıstandakı sərmayələrinin rentabelliyinə təsir göstərəcəyi güman edilmir. Çünki, Azərbaycan Yunanıstanda əsasən enerji sektoruna investisiya yönəldib. Enerji sektoru isə məcburi istehlaka yaxın sektordur. O baxımdan defolt ARDNŞ-in Yunanıstandakı sərmayalarına təsir göstərməyəcək. Hələlik Azərbaycan Yunanıstandakı böhrandan təsirlənməyəcək. Yunanıstanda defolt olacağı halda,bu, Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməyəcək".

Vüqar Bayramov əlavə etdi ki, Avropa Birliyi artıq Yunanıstan böhranına alışıb: "Yumşaq deyilsə, Avropa Birliyi Yunanıstan böhranından faydalanıb. Böhran Avropanın aparıcı şirkətlərinin Yunanıstan dövlət şirkətlərinin səhmlərinin əldə edilməsinə gətirib çıxarıb. Yunanıstanın Avropa iqtisadiyyatında payı azalıb, 2 %-dən aşağı düşüb. İqtisadi təsiri praktiki olaraq, marjinallaşıb. Amma defolt olarsa, problem dərinləşərsə, bu, avronun məzənnəsinə təsir göstərəcək. Ancaq bu, Avropa Birliyinə ciddi təsir deyil. Çünki, Avropa Birliyi uzun müddətdir ki, Yunanıstandakı vəziyyətə uyğunlaşıb. Öz siyasətini böhranın Avropa Birliyi iqtisadiyyatına təsirini minimumlaşdırmaqla yanaşı, həm də böhrandan faydalanması istiqamətində qurub".