Mərakeşin şimal-qərbində yerləşən Şefşauen şəhəri oradakı binaların böyük əksəriyyətinin mavi və göy rəngin müxtəlif çalarları ilə boyanması ilə fərqlənir. Şərhərin küçələri ilə gəzərkən özünün nağıllar aləminə düşdüyünü hiss edirsən.
Şefşauen şəhərinin əsası 1471-ci ildə İspaniyadan gələn mühacirlər tərəfindən qoyulub. Bir neçə on ildən sonra- əsrin sonuna yaxın o, İspaniyadan qovulmuş mavr-müsəlmanlar və yəhudilər üçün sığınacaq yerinə çevrilib. Onlar bu şəhərə gələndən sonra onun xarici görünüşünün doğma Andulisiya formasına salmağa başlayıblar. Məhz buna görə də qədim məhəllələrdki divarların əksəriyyəti yəhudilərə səma və Tanrını xatırladan müqəddəs rəngə boyanıb.
Şefşauen bir neçə yüz il ərzində müqəddəs yer statusuna malik olduğuna və başqa dinə mənsub olanlara oraya getmək qadağan olunduğuna görə şəhər orta əsr simasını saxlayıb. Yerli əhali arasında yeni binaların divarlarını göy rəngin müxtəlif çalarları ilə boyamaq ənənəsi isə onların qədim şəhərin ayrılmaz hissəsinə çevrilməsindən sonra başlayıb.