Partiya sədri ermənilərə müraciət edib: “Sarkisyanın işğalçılıq siyasətinə də etiraz edin”

3 İyul 2015 14:10 (UTC+04:00)

"Analarınızı gözü yaşlı qoymayın, balalarınızı gülləyə qurban verməyin. Ermənistanın gələcəyini fikirləşin"

Bunu Ermənistanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edən xalqa müraciətində Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva vurğulayıb.

Partiya sədri bildirib ki, erməni milləti çoxdan oyanmalıydı, Sarkisyanın işğalçılıq siyasətinə də öz etirazını bildirməlidir: "Sarkisyanın işğalçılıq siyasəti, "böyük qardaşı"nın əlində fiqura çevrilməsi bütün dünya ermənilərinin səfalət işində yaşamasına səbəb olub. Bu səbəbdəndir ki, əhali ölkəni tərk etməkdə davam edir, ölkə demoqrafik fəlakətlə üzləşib. Ermənistanda siyasi və iqtisadi böhran, əhalinin sosial vəziyyəti o zaman düzələcək ki, Azərbaycanın işğal edilən torpaqlar qaytarılsın. Bu zaman Azərbaycan "qalib" Ermənistanın düşdüyü ağır vəziyyətdən çıxarması barədə fikirləşə bilər".

DADP sədri onu da bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarını müharibə yolu ilə qaytara biləcəyi bəyanatı da erməniləri düşündürməlidir: "Bu gün ayağa qalxan ermənilər Azərbaycanın müharibə ehtimalını reallaşdıra biləcəyini də göz önünə almalıdırlar. İkinci Qarabağ müharibəsi başlayarsa, tez bir zamanda bütün Ermənistan diz çökəcək. Sarkisyan hakimiyyəti daxili auditoriyanı müvəqqəti sakitləşdirmək üçün "böyük qardaşı"nın, xaricdəki havadarlarının köməyindən istifadə edib sosial problemləri az da olsa aradan qaldıra bilər. Amma müharibə başlayacağı təqdirdə Azərbaycanın qarşısını ala bilməyəcək. Erməni xalqı bunu anlamalıdır. Analarınızı gözü yaşlı qoymayın, balalarınızı gülləyə qurban verməyin. Sarkisyanın siyasəti Ermənistanın gələcəyini sual altında qoyub, gələcəyinizi fikirləşin. Özünüzdə güc tapıb Sarkisyandan işğalçılıq siyasətinə son qoymasını, başqa dövlətlərin əlaltısına çevrilməsinə də etiraz edin. Bu gün Sarkisyanın işğalçılıq siyasəti yaxın gələcəkdə Ermənistanın siyasi xəritədən silinməsi ilə nəticələnə bilər ki, o zaman "böyük qardaş"ı belə dadına çatmayacaq".