Beynəlxlaq təşkilatlar boykot olunmağa başladı

4 İyul 2015 10:30 (UTC+04:00)

Son zamanlar Qərblə münasibətləri pisləşən Rusiya ona qarşı sərgilənən mövqeyə etiraz olaraq ATƏT-in iclasını boykot edib. Belə ki, Rusiya Finlandiyada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının iclasında iştirak etməyəcək. Buna səbəb isə, Finlandiyanın Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməməsi olub. Rusiya vəziyyətlə əlaqədar ATƏT-in növbəti sessiyasını boykot etmək qərarına gəlib.

Sergey Narışkin bildirib:"Əminəm ki, Vaşinqtonun dağıdıcı və aqressiv siyasəti və onun asan idarəolunan müttəfiqləri bizim suveren iradəmizi dəyişə bilməyəcək. Biz avropalılar birgə yaşayacaq, öz taleyimiz və evimiz Avropanın gələcəyi ilə bağlı özümüz qərar verəcəyik. Biz avropalılar üçün bu cür azadlıq hər şeydən dəyərlidir".

Ümumiyyətlə, proseslər ondan xəbər verir ki, beynəlxalq qurumların qərəzli mövqedə durması fonunda Rusiyanın ATƏT-in iclaslarına münasibətdə atdığı boykot tədbirinə oxşar addımlar digər dövlətlər tərəfindən də təkrarlana bilər.

Politoloq Mais Gülalıyev bildirdi ki, Rusiya kimi dövlətin beynəlxalq təşkilatlarda olmaması, onu boykot etməsi bu qurumların legitimliyinin şübhə altına alınması deməkdir: "Rusiyanın ATƏT iclasını boykot etməsi Qərbin bu ölkəyə olan münasibətinin bir növ adekvat cavabıdır. Rusiyaya, eləcə də Azərbaycana qarşı son vaxtlar Qərb doğrudan da kifayət qədər qərəzli mövqe sərgiləyir. Ukraynada baş verən hadisələrdə Qərbin daha çox əli var, bu ölkəni elə bir vəziyyətə gətirdilər ki, artıq onun parçalanması göz qabağındadır. Belə olan halda sonda Ukraynaya görə Moskvanı günahlandırmaq və bu ölkəyə qarşı siyasi, iqtisadi qərəz nümayiş etdirmək, əlbəttə ki, Rusiya tərəfindən də adekvat addımların atılmasına gətirib çıxarmalı idi. Rusiya bu məsələdə tək deyil. Bəzi Cənubi Amerika ölkələri, elə Azərbaycanın özünə qarşı da Qərbin qərəz nümayiş etdirməsi sonda beynəlxalq təşkilatlara qarşı da haqlı narazılıqların yaranmasına gətirib çıxarır. Azərbaycan müstəqillik əldə edəndən sonra ATƏT-ə ən səmimi münasibət göstərən dövlət olub. Bəlkə də Azərbaycandan çox ATƏT-ə, onun Minsk qrupuna ümid göstərən ölkə demək olar ki, olmayıb. Hər bir məsələdə nə qədər mümkün idisə, ATƏT-ə istinad olunurdu. Ancaq müxtəlif bəhanələrdən istifadə edərək ATƏT də Azərbaycana qarşı qərəz nümayiş etdirdi. Ona görə aydın idi ki, əvvəl-axır Azərbaycan öz münasibətini ATƏT-ə göstərməli idi. Qərbin bütün təşkilatlarını birləşdirən ümumi bir xüsusiyyət var. Bu təşkilatlar ancaq Qərbin, əsasən də ABŞ və Böyük Britaniyanın marağını müdafiə edir. Bu maraqlara təhdid olan kimi həmin təşkilatlar bu təhdidi yaradan ölkələrə qənim kəsilirlər. Rusiyaya, Azərbaycana qarşı olan münasibətləri də bu cürdür. Belə olan halda aydın məsələdir ki, ölkələr öz maraqlarını, öz vətəndaşlarının hüquqlarını, təhlükəsizliyini müdafiə etməlidir. Bu isə çox hallarda Qərbin marağı ilə üst-üstə düşmür. Rusiya nəhəng ölkədir. Belə bir ölkənin marağını ikinci plana keçirmək, Rusiyanın parçalanmasına gətirib çıxara bilər. Rusiyanın parçalanması isə bütövlükdə dünyanın xəritəsinin dəyişməsi deməkdir. Bu hadisə milyardlarla insanın həyatına təsir göstərəcək. Rusiyanın da maraq dairəsində olan ölkələr var. Bu ölkələrə qarşı Qərbin irəli sürdüyü fikirlər Rusiyanın xoşuna gəlmir. Qərbin Moskvaya münasibətdə tətbiq etdiyi sanksiyalar da mütləq adekvat addımlarla qarşılanmalı idi. Yəni, dünyada dost ölkə ifadəsi artıq yoxdur. Dünyada yalnız maraqların müdafiə edilməsi fikri var. Amma Rusiyanın beynəlxalq təşkilatları boykot etməsi və bu addımın digər ölkələr tərəfindən də təkralana bilməsi beynəlxalq təşkilatlar üçün elə də ciddi problemlər yaratmayacaq. Beynəlxalq təşkilatlar istər ki, boykota gedən Rusiya və onun kimi düşünən digərləri orada iştirak etsin və bu təşkilatlar vasitəsilə onlara təzyiqlər göstərilsin. Rusiya orada iştirak etməsə də beynəlxalq təşkilat onu tənqid etməkdə davam edəcək. Lakin həmin təşkilatların beynəlxalq səviyyədə legitimliyi üçün əlbəttə ki, Rusiya kimi dövlətlərin orada olması vacibdir. Rusiya belə təşkilatlarda iştirak etməyəcəksə, bir müddətdən sonra, ona güzəştə gedib burada iştirak etməyə dəvət edəcəklər. Ancaq artıq ox öz yayından çıxıb. Rusiya ilə Qərb arasında münasibətlərin yaxın dövrdə normallaşacağı gözlənilmir. Qərbin Rusiya il bağlı marağı çox dərindir, onlar bu ölkəni getdikcə zəiflətməyə çalışırıar. Belə olan halda Rusiyanın hansısa beynəlxalq təşkilatda iştirak edib-etməmək məsələsi onun üçün bəlkə də onuncu məsələdir. Rusiya təhlükəsizliyini qorumaq üçün lazım olarsa, digər birliklərdən də çıxacaq".

Politoloq Elşən Manafovun fikrincə, bu amil beynəlxalq təşkilatların ikili standartlar yeritməsindən irəli gəlir: "Əslində, beynəlxalq təşkilatların fəaliyyətində özünü büruzə verən problemlər təkcə Rusiyanın bu qurumlara münasibətində həyata keçirdiyi siyasətlə bağlı deyil. Etiraf edək ki, beynəlxalq təşkilatların əksəriyyəti ABŞ-ın birbaşa sifarişi nəticəsində Rusiyaya qarşı qərəzli mövqe nümayiş etdirir. Yeri gəlmişkən, Avropa Birliyinin ayrı-ayrı dövlətləri tərəfindən Azərbaycana münasibətdə sərgilənən mövqe də belə bir fikir səsləndirməyə əsas verir.

Ermənistanda yaşanan hadisələrə münasibətdə Qərbin bir çox birlikləri fərqli mövqe sərgilədi. Halbuki Azərbaycanda ən kiçik olaylara münasibətdə Qərb institutlarının fəal mövqe nümayiş etdirdiklərinin şahidi oluruq. Söhbət ondan gedir ki, beynəlxalq təşkilatların münasibətinə təsir göstərən ciddi amillər bu gün dünyada gedən qloballaşma prosesidir.

Bu gün ABŞ tək qütblü dünyada qalmaq istəyir. Bu formata qarşı çıxan dövlətlər isə Rusiya, Çin, Hindistan, İran, Braziliya və Cənubi Afrika Respublikasıdır. Yəni, çoxqütblü dünyanın formalaşmasında maraqlı olan dövlətlərin ABŞ siyasətinə münasibətdə sərgilədiyi mövqe dünyada ayrı-ayrı təşkilatların fəaliyyətinə ciddi təsir göstərir. Nəticə etibarı ilə həmin təşkilatlar tərəfindən beynəlxalq hüquqa münasibətdə bir sayğısızlıq və ikili standartların nümayiş olunduğunu görürük. ATƏT öz qarşısına qoyduğu missiyanın öhədəsindən gəlmək iqtidarında deyil. Hətta BMT kimi təşkilat da təəssüf ki, bir çox hallarda dünyada baş verən hadisələrə münasibətdə ABŞ-ın maraqları kontekstində mövqe sərgiləməli olur. Bütövlükdə Rusiyanın ATƏT-in fəaliyyətinə münasibətdə sərgilədiyi mövqe təbii ki, bu qurumun Moskvaya münasibətdə ABŞ-ın təzyiqi ilə sərgilədiyi mövqedən ibarətdir. Rusiyanın Ukrayna məsələsində tutduğu mövqe ATƏT-in bu ölkəyə münasibətdə daha fərqli mövqe sərgiləməsinə səbəb oldu. Amma təəssüf ki, ATƏT ABŞ-ın beynəlxalq münasibətdə sayğısızlığını görməməzliyə vurur, amma Rusiyanın bu və ya digər hərəkətinə dərhal reaksiya verir. Söhbət ondan gedir ki, beynəlxalq hüquq bütün dövlətlərə münasibətdə eyni ampuladan şamil olunmalıdır. Lakin bunun əksi baş verdiyindən bu da Rusiya tərəfindən qıcığa səbəb olur. ATƏT-in Rusiya kimi dövlətin siyasətinə təsir etmək imkanları yetərincə deyil. Burada qərarların konsensus yolu ilə qəbul edilməsi bu gün Minsk qrupunun fəaliyyətsizliyinin də əsas amillərindən biridir. Bu qurum da 20 ildən artıqdır ki, Qarabağ məsələsində daha çox Ermənistanın mövqeyindən çıxış edir. Rusiyanın ATƏT iclasını boykot etməsi həmin təşkilatların Moskvaya münasibətdə sərgilədiyi siyasətə alternativ bir cavabıdır".