AXCP-də növbəti yarpaq tökümü başlanır

7 İyul 2015 10:00 (UTC+04:00)

Əli Kərimlinin hakimi-mütləq olduğu AXCP-də istefalar səngimir. Əksinə, azsaylı üzvlərin çoxu da bu partiya ilə əlaqələrini kəsir. Bu günlərdə AXCP-nin Suraxanı rayon şöbəsinin gənc fəalı Teymur Kərimli də partiya sıralarından istefa verdiyini bəyan edib. Gənc fəalın istefasına səbəb olan amillərdən biri sədr Əli Kərimlinin onun haqqında təhqiramiz fikirlər səsləndirməsi olub. Belə ki, Teymur Kərimli "facebook" səhifəsində Əli Kərimlinin telefonda onu söydüyünü bildirib.

Bu hadisə onu göstərir ki, AXCP rəhbərinin özü belə etik davranış qaydalarına əməl etmir. Ümumiyyətlə, son 7-8 ayda AXCP-nin fəaliyətinə diqqət yetirsək, görərik ki, təşkilatdan istefa verənlərin sayı daim artır. 2014-cü ilin oktyabrın sonlarında AXCP-nin Sumqayıt rayon şəbəsindən 52 nəfər istefa verdi. Həmin dövrdə partiyada rəhbər vəzifə daşıyan Asəf Quliyev, Ali Məclis üzvü Elçin Rüstəmli də təşkilatla əlaqəsini kəsdi. Bir müddət öncə isə Əli Kərimli müavinlərindən biri olan Razi Nurullayev də partiyadan ayrıldı. İyunun 2-də isə təşkilatın Nəsimi şöbəsinin üzvü Ülkər Kazımova da AXCP-dən istefa verdiyini bəyan etdi. İstefa verənlər bunun səbəbini həm partiyanın yeritdiyi siyasətlə razı olmadıqları, həm də Əli Kərimlinin partiyadaşlarına münasibətdə despotik siyasətilə əlaqələndiriblər.

Bir sözlə, AXCP-də son zamanlar baş verən hadisələr ancaq və ancaq istefalarla bağlıdır.

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun fikrincə, AXCP-də yaşanan istefalar həm də Əli Kərimlinin həyata keçirdiyi despotik siyasətindən qaynaqlanır: "Əslində, zaman-zaman AXCP daxilində istefaların, qopmaların şahidi olmuşuq. Əsasən də partiyada yuxarı ranqlı şəxslərin istefa verdiyini müşahidə edirdik. İndi isə görürük ki, bu istefa prosesi özünü rayon səviyyəli sıravi cəbhəçilər arasında da göstərməyə başlayıb. İstefa verən insanlar bir həqiqəti dərk edir ki, AXCP-nin apardığı siyasət xalqın əleyhinə yönəlib. Biz Avropa Oyunları dönəmində bunun əyani şəkildə şahidi olduq. Belə ki, AXCP dövlətimizin imicinə müsbət təsir edən bu Oyunları boykot yolunu tutdu və bu istiqamətdə xaricdəki anti-Azərbaycan qüvvələrilə əlbir oldular. AXCP-də baş verən istefa dalğasının başlıca səbəbi isə partiyanın öz daxilində gedən proseslərlə bağlıdır. Əli Kərimli və ətrafındakılar təşkilatı partiyalar haqqında qanuna uyğun olaraq deyil, özlərinin qoyduğu cəngəllik qanunları ilə idarə edir. Həmçinin, təşkilat daxilində xaricdən aldıqları qrantın bölgüsü məsələsində ciddi narazılıq hökm sürür. Hansı ki, bu narazılıq da yekun nəticədə əlbəyaxa döyüş, hətta söyüş kimi xoşagəlməyən hərəkətlərlə nəticələnir. Son hadisələr göstərdi ki, AXCP daxilində baş verən hadisələr və bu fonda başlanan istefalar hardasa Əli Kərimlinin öz xarakterindən doğan məsələlərdir. Belə bir vəziyyət formalaşıb ki, bu təşkilat daxilində pul varsa, orada söz-söhbət, dava, savaş, təhqir də olur. Kimsə özünə aid haqqı istəyir, amma bu Əli Kərimli tərəfindən təmin olunmayanda, vəziyyət söyüş həddinə qədər də gəlib çıxır. Hətta bir başqa hadisələr də ola bilər. AXCP hər addımda anti-milli, anti-dövlət siyasəti aparır. Ölkəmizdə keçirilən Avropa Oyunları daxildə ciddi rezonans doğurdu, böyük əks-səda yaratdı. Amma AXCP bu Oyunlara qarşı çıxdı. Bununla da bir daha sübut etdilər ki, apardıqları siyasət xalqın əleyhinə yönəlib. Milli Şuranın keçirdiyi mitinqlərə də barmaqla sayıla biləcək insanlar toplaşır. Bu amil də AXCP-nin cəmiyyətdə tam olaraq nüfuzdan düşməsinin nəticəsidir. Eyni zamanda cənab Prezident İlham Əliyevin xalq və dövlətin maraqları naminə apardığı uğurlu siyasətin nəticəsidir ki, bu gün insanlar onun ətrafında daha sıx birləşib. Proses ondan xəbər verir ki, parlament seçkiləri ərəfəsində xalq daha sıx şəkildə Prezident ətrafında birləşəcək. Eyni zamanda AXCP-dən istefalar da artacaq".

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə AXCP daxilində istefaların kütləvi xarakter almasını təşkilat rəhbərliyinin fəaliyyətində səmimi olmaması ilə əlaqələndirdi: "AXCP-də baş verən istefa dalğasına əslində, ümumi radikal müxalifət kontekstində də baxmaq olar. Milli Şuranın deqradasiyası, Müsavat Partiyasında, AXCP-də baş verənlər, bütün bunlar permanent qaydada radikal müxalifətin zəifliyi, əlindən bir iş gəlməməzliyi, onlara nəinki kənar qüvvələrin, hətta partiya üzvlərinin belə inamsızlığı ilə bağlıdır. Artıq heç kimdə şübhə yoxdur ki, AXCP kütlələri təşkil edə bilmir, ortalığa ideoloji siyasət qoya bilmir. Bu qüvvələr öz keçmişi ilə xalqın istəyini doğrulda bilməyib. "Yeni Müsavat" qəzetində Milli Şura sədri Cəmil Həsənli ittiham edildikdən sonra bu proseslər daha da dərinləşdi. Onlar bu əsasda etiraf etməli oldular ki, Fərhad və Rafiq Əliyev qardaşlarının təbliğatı üçün hər biri 50 min manat pul alıb. Cəmil Həsənli 50 min manat alan zaman üstündən 6500 manat fərqi götürərək, onu dolların əvvəlki məzənnəsilə ödəyib. Belə olan tərzdə nədən xalq və sıravi cəbhəçilər onlara inansın? Bu kimi məsələlər üzə çıxdıqca daha çox cəbhəçi Əli Kərimlini tərk edir. Hələ bəyanatla istefa verənlər partiyada olan aktiv insanlardır. Daha çox adam isə sakit tərzdə partiyadan ayrılıb gedir. Onlar bu təşkilata ümidlərini itirdiyindən belə addım atırlar. AXCP illər öncə parlamentdə oturub, iqtidarla əlaqəli olub. Amma özləri bu haqda danışmağa həvəs göstərmirlər. Bununla da saf olmadıqlarını nümayiş etdirirlər. Yəni, AXCP rəhbərliyinin səmimi olmadığı daha çox insanlara, hətta təşkilat üzvlərinə bəlli olur. Ona görə də bu partiyanı daha çox insan tərk edir".