Mərkəzi Bankın qərarı ilə kommersiya bankları komisyon haqlarını 1 faizə qədər aşağı salıblar. Bu şəraitdə qazanclarını itirməmək üçün bankların kredit faizləri yenidən artırması istisna olunmur. Bu, yuxarıd qeyd olunduğu kimi baş bankın banklara və BOKT-lara, istehlak kreditləri üzrə tutulan komisyon haqlarını nağdlaşdırma da daxil olmaqla, faizlərin kredit məbləğinin 1%-ni keçməməsini tapşırması ilə izah olunur. İndi istədikləri həcmdə komisyon haqları tətbiq edə bilməyən bankların buradan əldə etdikləri qazancı itirməmək üçün kreditlərin faizlərini daha da qaldırması gözlənir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, qısa müddətli dövr üçün kredit faizləri artacaq, amma orta və uzaq müddət üçün bunun əksinin baş verəcəyini görəcəyik: "Komisyon haqları 1 faizə endirilənə qədər kredit faizləri yüksək olaraq qalırdı. Komisyon haqları əslində, banklara daha çox gəlir əldə etməyə imkan verirdi. Hansı ki, bu gəlirlər izafi gəlirlər idi. Eyni zamanda, bu haqlar banklara imkan verirdi ki, müştərini aldatsın. Müştəriyə bir kredit faizi vəd etsin, daha sonra isə daha yüksək faizlə ona kredit versin. Ona görə də banklar üçün komisyon haqları sadəcə, gəlir mənbəyi deyil, eyni zamanda, spekulyasiya mənbəyidir. Bu, banklara imkan verirdi ki, onlar komisyon haqlarını gizlədərək müştəriləri cəlb edə bilsinlər. Düşünmürəm ki, indiki halda belə banklar tam olaraq komisyon haqlarını kredit faizlərinə transfer etsin. Əslində, bəzi banklarda komisyon haqları aşağı idi. Ancaq qeyri-bankçılıqla məşğul olan sahələrdə komisyon haqları yüksək olaraq qalırdı. Bu fonda tam olaraq azalan komisyon faizlərinin kredit faizlərinə transfer edilməsi müştərilərin itirilməsi demək olacaq. Bu yola düşənlər digər banklara rəqabət mübarizəsində uduzacaq. Ona görə düşünürəm ki, qısa müddətli dövr üçün kredit faizlərinin müəyyən qədər artırılması mümkündür, amma uzunmüddətli dövr üçün bu, inandırıcı görsənmir. Ümumiyyətlə, komisyon haqlarının məhdudlaşdırılması yeni rəqabət imkanları yaradır. Rəqabət isə kredit faizlərinin azalmasına gətirib çıxaracaq. Ancaq bank olmayan təşkilatlar kredit faizlərinin artırılmasına gedəcək. Monitorinqlər isə göstərir ki, hətta Mərkəzi Bank tərəfindən komisyon haqları azaldılmamışdan öncə də bir sıra banklar bu haqları azaltmağa getmişdi. Yəni, orta və uzunmüddətli dövrdə kredit faizlərinin artması deyil, azalması gözlənilir".