İctimai Həyatda Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Tarixi abidələrimizi qoruyaq və tanıyaq" layihəsini həyata keçirir.
Movqe.az-a daxil olan məlumata görə, layihənin məqsədi Azərbaycan tarixi, xüsusən də Qazax rayonunun tarixi, burada yerləşən tarixi abidələr (mağara, qala, qəsr, pir, məscid və.s) və maddi-mədəniyyət nümunələrinin tanıdılması və təbliği, gənclərin tariximizə hörmət və sevgi ruhunda maarifləndirilməsidir.
Layihə çərçivəsində AMİ-nin Qazax filialında, Qazax şəhər M. Hüseyn adına məktəb-liseydə, rayondakı Gənclər Mərkəzində tədbirlər keçirilmiş, bu tədbirlərdə rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi, Mədəniyyət və Turizm şöbəsi, Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirlərdə çıxış edən natiqlər sözügedən layihənin rayonun tarixinə olan marağın artırılması, bu istiqamətdə olan boşluğun doldurulması baxımından əhəmiyyətli olduğunu vurğulayıb, Azərbaycanın sahib olduğu tarixi və mədəni abidələrin dövlət tərəfindən qorunduğunu və onların gələcək nəsillərə ötürülməsi istiqamətində müsbətyönlü işlərin görüldüyünü qeyd ediblər. Bildirilib ki, ölkəmizdə turizmin inkişaf etdiyi bir dövrdə müxtəlif ölkələrdən gələn turistlərin böyük marağına səbəb olan tarixi və mədəni abidələrimizin beynəlxalq səviyyədə daha da tanınması əsas məqsədlərdən biri olmalıdır .
Tədbirlər rayonda fəaliyyət göstərən KİV tərəfindən işıqlandırılıb, iştirakçıların böyük marağına səbəb olub.