Ermənistanda Ukrayna ssenarisi işə salınır

8 İyul 2015 07:00 (UTC+04:00)

Deyəsən, artıq Baqramyan prospektində yeni Ermənistan hökumətinin başlanğıcı qurulur. Elektrik tariflərinə qarşı olan etirazlar siyasi xarakter almağa başlayıb. Fəallardan biri Qaqik Yeqiazaryan Azadlıq meydanında keçirilən aksiyada gəncləri siyasi şüarlar ətrafında birləşməyə çağırıb: "Mübarizəmiz yeni mərhələyə qədəm qoyub. Biz bu mərhələnin vəzifələrini müəyyənləşdirməliyik. Yaranan vəziyyəti iqtisadi müstəvidə nizamlamaq artıq mümkün deyil, hərəkat siyasi müstəviyə keçməlidir".

Digər fəal Narek Ayvazyan isə yeni qruplar yaratmaqla gələcək hərəkətlər və strategiya barədə müzakirələr aparmağı təklif edib.

Bundan başqa, Ermənistanın "Aykakan jamanak" qəzeti defolt siqnalını verib. Buna səbəb isə son illər Ermənistan hökumətinin böyük həcmdə daxili və xarici borc yığması göstərilib. Bütün bunlar fonda bir sıra siyasi təhlilçilər Ermənistanda Ukrayna hadisələrinin təkrarını görürlər.


Qabil Hüseynli: "Azərbaycan Ordusunun hücuma keçməsi və ilk növbədə Dağlıq Qarabağdan kənar işğal altındakı rayonların geriyə qaytarılması üçün şərait yetişib"



Politoloq Qabil Hüseynli hesab edir ki, bütün proseslər Rusiyanın iradəsindən asılıdır: "Proseslərə nəzarət edən Rusiyadır. Düzdür, digər tərəfdə də xalq dayanır. Hazırda Ermənistanın böyük hissəsi ayağa qalxıb. Amma Rusiyanın mövqeyi bu məsələdə həlledici rol oynayır. Görünən odur ki, Rusiya Serj Sarkisyana həm qorxu dərsi vermək, həm də yıxmaq istəmir. Eyni zamanda "yorma taktikası"nı seçiblər. Ancaq Ermənistanda Ukrayna hadisələri baş verə bilməz. Çünki, bunun üçün güclü maliyyə dəstəyi, güclü liderlər lazımdır. Bunların da heç biri bu gün Ermənistanda yoxdur. Müxtəlif müxalif liderlər hərəkatının içinə qarışıblar. Amma önə çıxa bilmirlər. Önə çıxmağa isə xalq imkan vermir. Belə bir şəraitdə bu xalq hərəkatının böyüyüb inqilaba çevrilməsi gümanı azdır. Bu, ola da bilər, olmaya da bilər. Əgər Sarkisyan Moskanın müəyyən əmrlərini yerinə yetirməyibsə, onun inamını itirbsə, Rusiya sona qədər proseslərə qarışmayacaq. Bununla da xalq Sarkisyanı devirəcək. Yox, əgər Rusiya Sarkisyanla işləmək istəyirsə, prosesləri zəiflədib sıradan çıxaracaq".

Politoloqun sözlərinə görə, Azərbaycan mövcud vəziyyətdən Qarabağ məsələsində istifadə etmək istəyəcək: "Ancaq yenə də bu məsələdə Rusiyanın mövqeyi çox önəmlidir. Düzdür, Rusiya Azərbaycana söz verib. Ancaq bu sözlərin reallaşması istiqamətində addımlar atmır. Ancaq deyəsən, müəyyən qədər uyğun şərait yaranıb. Yəni, Azərbaycan Ordusunun hücuma keçməsi və ilk növbədə Dağlıq Qarabağdan kənar işğal altındakı rayonların geriyə qaytarılması üçün şərait yetişib. Azərbaycan Ordusu da hazırdır. Lakin hadisələrin siyasi tərəfi haqqında söz söyləmək çətindir. Siyasilərin əmr verməsinə ehtiyac var. Bunun üçün də siyasi şəraitin yetişməsi vacibdir".


Şahin Cəfərli: "Ermənistanın Azərbaycanla bütün cəbhə xətti və sərhədlər boyunca uzunmüddətli müharibə aparmaq üçün lazımi insan ehtiyatları və iqtisadi gücü yoxdur"



Digər siyasi şərhçi Şahin Cəfərli bildirdi ki, Ermənistanda Serj Sarkisyan rejimindən narazılıq təkcə bu gün baş qaldıran bir hadisə deyil, bunun kökləri var: "Xüsusən paytaxt İrəvanın təhsil səviyyəsi yüksək olan əhalisi Sarkisyanı heç vaxt qəbul etməyib. Erməni ziyalılarının və gənc nəslin əksəriyyəti Sarkisyan kimi dərin savadı və intellekti olmayan, sırf Qarabağ müharibəsi səbəbi ilə önə çıxan adamın və onun başçılıq etdiyi Qarabağ klanının ölkəyə rəhbərlik etməsini həzm edə bilmir. 2008-ci ilin fevralındakı prezident seçkilərinin saxtalaşdırılmasından sonra keçirilən izdihamlı etiraz aksiyalarını irəvanlıların Qarabağ klanına qarşı ilk ciddi üsyanı kimi qiymətləndirmək olar. Məlum olduğu kimi, Sarkisyan rejimi həmin etirazları qan içində boğmuş və təxminən 10 nəfər ölmüşdü. Baqramyan prospektində baş verən hadisələrə gəlincə, bu etirazlar sosial-iqtisadi səbəblərdən qaynaqlansa da, qeyd etmək lazımdır ki, hakimiyyətə yönəlmiş hər xalq etirazı həm də siyasi xarakter daşıyır. Baqramyan prospektindəki aksiyalar əhalinin Sarkisyan rejimindən narazılığının növbəti ifadəsi idi. Lakin Ukraynadakı Maydan hadisələrinin Ermənistanda təkrarlanması ehtimalı hələlik zəifdir. Əvvəla, etiraz edən kütlə təşkilatlanmayıb və son aksiyalar tamamilə spontan xarakter daşıyırdı. Önə çıxan və kütlələri arxasınca apara biləcək lider hələlik ortada yoxdur. Digər tərəfdən, Rusiya amilinin hər zaman olduğu kimi, Ermənistandakı daxili siyasi proseslərdə rolunu qeyd etmək lazımdır. İşğalçı ölkənin bütün strateji sənaye müəssisələri Rusiyanın əlindədir, ərazisində Rusiya ordusunun 102 saylı hərbi bazası mövcuddur. Rusiya Sarkisyan hakimiyyətindən məmnundur və onu dəstəkləyir. Bütün bunlar Ermənistanda Ukrayna variantının təkrarlanması ehtimalını azaldan faktorlardır. Lakin şübhə yoxdur ki, 2017-ci ildə keçiriləcək parlament seçkiləri və 2018-ci ildə keçiriləcək prezident seçkiləri zamanı Ermənistanda yenidən gərginlik yaranacaq".

Politoloq əlavə etdi ki, Azərbaycanın Ermənistanda yaranmış və ya yaranacaq böhranlardan, daxili qarşıdurmalardan nə dərəcədə yararlana biləcəyi məsələsinə gəldikdə isə, biz bu məsələdə yenə də Rusiya amilini nəzərə almağa məcburuq: "Rusiyanın dəstəyi olmasa, Ermənistan işğal etdiyi torpaqlarımızı uzun müddət əlində saxlaya, hətta heç bu əraziləri ələ keçirə də bilməzdi. Rusiya Ermənistandan dəstəyini çəkərsə, Azərbaycan qısa müddətdə öz torpaqlarını geri almağa qadirdir, çünki Ermənistanın Azərbaycanla bütün cəbhə xətti və sərhədlər boyunca uzunmüddətli müharibə aparmaq üçün lazımi insan ehtiyatları və iqtisadi gücü yoxdur. Ermənistan yalnız Rusiya ilə ikitərəfli və çoxtərəfli münasibətlərinə və müttəfiqliyinə güvənərək işğalı davam etdirir və danışıqlarda destruktiv mövqe tutur. Ancaq bir variant da var ki, Azərbaycan əgər Rusiya ilə hansısa şəkildə razılığa gələrsə, Dağlıq Qarabağ ətrafındakı rayonları geri qaytara bilər. Bu, artıq Azərbaycan diplomatiyasının gücündən asılı olan bir məsələdir".


Hasan Oktay: "Ukraynda Rusiyaya qalib gələ bilməyən Qərb Rusiyanı sıxışdırmaq üçün yeni cəbhə açmaq istəyir"


Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay hesab edir ki, İrəvandakı hadisələr iqtidarı devirmək üçün deyil: "Ukraynda Rusiyaya qalib gələ bilməyən Qərb Rusiyanı sıxışdırmaq üçün yeni cəbhə açmaq istəyir. Dolayısı ilə burada hər şey Ukraynadakı kimi deyil. SSRİ coğrafiyasında problemləri bu şəkildə ortaya çıxararaq Rusiyanı öz daxilində problemlərə salmaq üçün edilir. İrəvandakı hadisələr Papa-Putin çəkişməsinin bir sonuncudur. Onu nəzərə almaq lazımdır ki, İrəvanda cərəyan edən hadisələr başqa bir ölkəyə sıçrayana qədər davam edəcək bir atəşin qığılcımıdır. Qərb bu qığılcımı canlı tutmaq istəyir. Hətta İrəvan iqtidarı geri addım atsa da belə, hadisələr zəif şəkildə davam edəcək".