...Ya bilərəkdən, ya da bilmədən dəqiq elmlərə eşqi böyüdü. Bu o demək deyldi ki, başqa fənlər elə-belə qalsın; lap şeir də yazırdı. Seyfəddinin həyat yoluna işıq yandıran "Çağırış" qəzeti oldu və ara-sıra məqaləsi burada çap olundu. Birinci dəfə həmin imzaya məhz Masallı rayonunda çıxan "Çağırış"da (İndiki "Yeni həyat" qəzeti) rast gəldik.
Atası Abusət mantyor işləyirdi, Mehriban ana isə həm ev, həm də çöl işində, zəhmətlə dolanırdı. Uşaqların təhsilinə diqqət çox idi və təbii ki, bu məsuliyyəti Seyfəddin də duyurdu. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna müvəffəqiyyətlə imtahan verib tələbələr sırasına qəbul olundu və 1994-cü ildə ali məktəbi bitirdi. 2001-ci ildə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında oxumaq hüququ qazandı. Saatlarla Masallı ictimaiyyəti qarşısında müstəqilliyimiz, onun qurucusu Heydər Əliyev haqqında, böyük liderin yaratdığı Yeni Azərbaycan Partiyasından əzbərdən, eşq ilə danışdı.
1994-1996-cı illərdə Kəlbəhüseynlidə şəxsi təsərrüfatda çalışdı. Sonra S.Əliyevə Masallı RİH aparatında ümumi şöbə müfəttişi, ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, şöbə müdiri, informasiya təminatı və təhlil sektorunun müdiri, 70 saylı Masallı şəhər DSK-nın sədri kimi məsul vəzifələr etibar olundu. Keçən ilin sentyabrından RİHB aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş üzrə şöbənin müdiri vəzifəsində çalışır.
2011-ci ilin dekabrında YAP rayon təşkilatının sədri seçilmişdir.
Seyfəddin müəllim diqqətli, təmkinli bir insandır. Müsahibi ilə hər mövzuda danışıq apara bilir. Lap poeziyadan da... Ən güclü şeiri belə təhlil edir, bəzən onu mətbuat səhifəsinə çıxarır. İncə duyğusu var. Vətənpərvərdir, Azərbaycanın tərəqqisinə, onun qüdrətinə sevinir. Deyir ki, I Avropa Oyunlarını çoxu kimi mən də izlədim. Qalib cənab Prezidentimizdir! Vətəni sevməyi ondan öyrənməyə dəyər. Bu müsbət irəliləyiş, tanınmaq ondan asılı oldu. Buna görə də cənab ölkə rəhbərinə minnətdar olmalıyıq.
Lap bu yaxınlarda Masallı ictimaiyyəti xoş bir xəbərin ovqatıyla yaşadı. Prezident İlham Əliyevin sərəncamına əsasən Seyfəddin Əliyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olundu. Kollektivimiz adından biz də onu təbrik etdik. S.Əliyev dedi:
–Sağ olun! Xalqa və dövlətçiliyə sədaqətlə xidmət, vətəndaşların qayğısı ilə yaşamaq əsas vəzifədir. Bütün dövlət qulluqçularını bayram münasibətilə ürəkdən təbrik edir, onlara çətin, şərəfli işlərində uğurlar diləyirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, "Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Dövlət qulluqçusu xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir". Mən də cənab Prezidentin əsgəriyəm. Ulu öndər Heydər Əliyev ideyalarını Prezidentimiz uğurla davam etdirir. Bundan böyük xoşbəxtlik ola bilməz. Fəxr edirəm ki, mənə aid olan sərəncamda ölkə başçısı İlham Əliyevin imzası var. Bu mənim məsuliyyətimi ikiqat artırır. Dövlət qulluqçusu adını daşımaq hər birimizə ləyaqət, şərəf hissi aşılayır. Bu münasibətlə məni təbrik edənlərə təşəkkür edir, öz nailiyyətimi masallıların uğuru hesab edirəm.
YAP Masallı təşkilatının sabiq sədri, Prezident təqaüdçüsü Şirvan Əbilov:
–Cavan dostum Seyfəddin müəllim savadlı, perspektivli gəncdir. Onun haqqında müsbət fikirdəyəm. Bacarıqlı, işıqlı bir ziyalıdır. Heydər Əliyev məktəbinin gözəl natiqidir. İndi YAP rayon təşkilatının on minə yaxın üzvü var. Onun sədri nüfuz sahibi, hörmətli şəxs olmalıdır. Bu keyfiyyətlər Seyfəddin Əliyevdə tamamlanır. Rayon qəzetində və respublika mətbuatında YAP xətti ilə keçirilən tədbirlərin həm müşahidəçisi oluram, həm də oxucusu. Sevinirəm ki, belə tədbirlər rayonda çox keçirilir, bizə miras olan mənəvi dəyərlər təbliğ olunur. Seyfəddin müəllimin lap partiyanın ali orqanında, yüksək məsul vəzifədə işləməyə bacarığı var və mən onun uğurlu ictimaiyyətçiliyinə sevinirəm. Seyfəddin Əliyevi təbrik edir, dövlətçiliyimiz naminə nailiyyət arzu edirəm.
Dövlət qulluğu veteranı, III dərəcəli "Vətənə xidmətə görə" ordenli, yazıçı-publisist Ələşrəf Niftiyev:
–Masallı RİH başçısının müavini işlədiyim dövrdə gənclər və idman idarəsinə kurasiya da mənə həvalə olunurdu. Tədbirlərin keçirilməsində lazımi bacarıq və səriştə Seyfəddin Əliyev və Baba Həsənovda daha təkmil alınırdı. Bunlar zəhmət, savad, yüksək intizam və peşəkarlıq hesabına başa gəlib. Mən Seyfəddin Əliyevlə fəxr edirəm, qürrələnirəm və ona güvənirəm. Ölkə başçısının sərəncamı ilə onun təltif olunması ürəyimdəndir. Təbrik edirəm!
Seyfəddin müəllim daim çalışır, zəhmətlə qurduğu pilləkəni qalxır, əzabının balını dadır. Ömür-gün bağçasında həyat yoldaşı Sumayə ilə 2 oğul böyüdüb tərbiyə edir: Vüsal tələbə, Şahin isə məktəblidir.
Dostumuz Seyfəddin müəllimin diqqətini, təmənnasız qayğısını görürük. Tələbkar insan, hər məsələnin məqamını bilən və gözləyən bir gəncdir. Hər an mütaliə edir, oxuyur, öyrənir, yazır...