Masallı rayonunda bələdiyyələr üçün seminar-müşavirə

7 İyul 2015 19:20 (UTC+04:00)

Masallı rayon H.Əliyev Mərkəzində bələdiyyə işinin təşkili ilə bağlı növbəti seminar-müşavirə keçirilib. Tədbirdə ərazi və yerli özünüidarə orqanları ilə iş, Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə Şöbəsinin məsul əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri iştirak edib.


Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov  rayonda bələdiyyələrin fəaliyyəti üçün yaradılan imkandan söz açıb, bunun səmərəli istifadə olunmasının vacibliyini vurğuladı. İcra başçısı dedi ki, ölkədə iqtisadi potensialın güclənməsi bütün sahələrlə yanaşı, yerli özünüidarənin də inkişafına müsbət təsir edib. Yerli özünüidarə orqanı tərəfindən qanunçuluğa ciddi əməl edilməsi qarşıda duran əsas vəzifələrdən biridir.


Tədbirin məqsəd və vəzifələrini diqqətə çatdıran rayon rəhbəri onu da bildirdi ki, yeni seçilmiş bələdiyyələrin işinin hüquqi cəhətdən tənzimlənməsi, onlara metodiki hüquqi yardım göstərilməsi, müvafiq tövsiyələrin verilməsi və maarifləndirilməsi mühüm vəzifədir. Sözçü yerli özünüidarə orqanlarının fəaliyyətində qazanılmış müsbət təcrübəni və bu sahədə mövcud olan problemləri nəzərə çatdırdı. Qeyd etdi ki, ötən müddət ərzində bələdiyyələr təşkilati-struktur cəhətdən formalaşmış, yerli əhəmiyyətli məsələlərin və ekoloji problemlərin həllində icra hakimiyyəti strukturları ilə birgə fəaliyyət göstərir.


Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatı  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adəm Məhərrəmov ayrı-ayrı bələdiyyələrin fəaliyyətini rəqəmlərlə ifadə etdi. Masallı şəhər, Təklə və Təzəkənd bələdiyyə sədrləri işin təşkili ilə bağlı təkliflərini bildirdi. RİH başçısının birinci müavini Nadir Abıyev seminar-müşavirənin əhəmiyyətli rolunu vurğuladı, sosial-iqtisadi məsələlərin həllində bələdiyyə fəallarının da iştirak etdiyini bildirdi. 


Lənkəran RƏŞ-nin əməkdaşı Çingiz Cavadov qeyd etdi ki, 2009-cu il mayın 29-da qəbul edilmiş Qanuna əsasən rayonda 106 bələdiyyənin birləşməsi nəticəsində 36 yeni bələdiyyə yaradılıb. İnzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədilə bələdiyyələr qəbul etdiyi aktların bir surətini (15 gündən gec olmayaraq) inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Bunlara bələdiyyələrin normativ aktları, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar, bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar, birdəfəlik yerli vergilərin və rüsumların tətbiqi barədə aktlar, yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar, bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar daxildir.


İştirakçıları maraqlandıran suallar cavablandırıldı. 


Tədbiri yekunlaşdıran  Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov  əmin olduğunu bildirdi ki, yeni seçilmış bələdiyyə üzvləri öz işini bundan sonra da doğru-düzgün quracaq.