Cəbhədə lokal hərbi əməliyyatlar…

9 İyul 2015 10:45 (UTC+04:00)

Ermənistana məxsus daha bir pilotsuz təyyarə Azərbaycan əsgərləri tərəfindən vuruldu. Bu son dörd gündə ikinci belə hadisədir ki, baş verir. Proses ondan xəbər verir ki, işğalçı Ermənistan təkcə atəşkəsi pozmaqla kifayətlənmir, onlar həmçinin bu zaman başqa təxribat vasitələrindən də istfiadə etməyə çalışırlar.

Ermənilər bu canfəşanlığa baxmayaraq, hər dəfə Azərbaycan Ordusunun endirdiyi güclü və dəqiq zərbələrlə cavablarını da alırlar. Maraqlıdır, bu mövcud durum cəbhə bölgəsindəki vəziyyətə nə vəd edir?

Hərbçi ekspert Üzeyir Cəfərov cəbhədə lokal xarakterli toqquşmaların ola bilməsi ehtimalının yüksək olduğunu desə də, bunun iri həcmli hərbi əməliyyatlarla müşahidə olunacağını düşünmür: "Atəşkəs rejiminin pozulması statistikasına diqqət yetirsək görərik ki, müxtəlif zamanlarda ermənilər müxtəlif silahlardan istifadə ediblər. Düzdür, əvvəlki illərdə atəşkəsi pozan zaman ermənilər kiçik kalibirli silahlardan, avtomat və ya pulemyotlardan istifadəyə üstünlük verirdilərsə, son zamanlar onların bu istiqamətdə də azğınlaşdığı hiss olunur. Onlar pulemyotlardan əlavə, minaatanlar, qumbaraatanlar, hətta helikopter, pilotsuz təyyarələrdən belə istifadə edirlər. Bu da istər-istəməz çox təhlükəli haldır. Sözsüz ki, Azərbaycan tərəfi ermənilərin bu təxribatına layiqli cavablar verir və dəfələrlə bu haqda müvafiq göstərişlər də verilib ki, düşmən lazım olan cavabını almalıdır və alır da. Ermənilər bir dəfə atəş açırsa, Azərbaycan tərəfi onları sərt şəkildə ağırlıq dərəcəsinə görə bir neçə dəfə cəzalandırır. Son zamanlar görünür ki, ermənilər təmas xəttində heç bir normaya, atəşkəs haqqında göstərişə əməl etmirlər. Bunun da nəticəsində cari ildə də Azərbaycan tərəfindən yararlanan, hətta dünyasını dəyişən əsgərlərimiz də olub. Amma atəşkəsi daim pozan ermənilər öz qurduqları tora düşərək, özləri daha çox itki veriblər. Azərbaycan Müdafiə Nazirliyi yerlərdəki komandanlığa göstəriş verib ki, düşmənin hər həmləsinə iki qat cavab verilsin və verilir də. Amma düşünmürəm ki, baş verən bu atışmalar iri həcmli toqquşmalara gətirib çıxarsın. Lokal xarakterli toqquşmalar olub, var və bundan sonra da olacaq. Nə qədər ki, münaqişə ədalətli həllini tapmayıb, belə atışmaların da çoxsaylı şahidi olacağıq. Sonrakı mərhələlərdə azğınlaşan ermənilər ola bilsin, hətta toplardan, "Qrad" mərmilərindən də istifadə etməyə keçsin".

"Hərbi and" qəzetinin baş redaktoru Emin Həsənlinin fikrincə, hazırkı şəraitdə Ermənistan ordusu o qədər zəif və acınacaqlı durumdadır ki, onların cəbhə bölgəsində hansısa böyük həcmli əməliyyatlara keçəcəyi ağlabatan deyil. İndiki halda ermənilər ancaq təxribat törətməklə, əhalisinin diqqətini daxili problemlərdən yayındırmağa çalışırlar: "Ermənistan hazırda çıxılmaz vəziyyətdədir, ölkənin iqtisadiyyatı iflasa uğrayıb, özbaşınalıq hökm sürür. Erməni vətəndaşları son zamanlar hakimiyyət əleyhinə keçirdikləri etiraz aksiyalarının sayını artırıb və Serj Sarkisyanın istefasını tələb edirlər. Bu səbəbdən də Sarkisyan hakimiyyəti daxili vəziyyətdən xalqın diqqətini yayındırmaq üçün cəbhə bölgəsində təxribatlara əl atır. Lakin görünən odur ki, bunun da effekti olmur. Ermənistan əhalisi Sarkisyan hakimiyyətinə inanmır. Ermənistan daha geniş həcmdə psixoloji, mənəvi və hərbi zərbələr almaqda davam edir və bu zərbələr də getdikcə dərinləşəcək. Ermənistan çabaladıqca daha dərin bataqlığa düşür. Bataqlıqdan çıxmağa çalışsa da, bu, onda alınmır. Burada Ermənistan üçün çıxış yolu ancaq işğal etdiyi torpaqları azad etməsindən keçir. Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində Ermənistan regional layihələrdən kənar qalıb, əhali ölkəni tərk edir. Hər il 100 mindən artıq erməni ölkəsini tərk edir. Sarkisyan ordusunu komplektləşdirməyə şəxsi heyət tapa bilmir. Azərbaycan isə inkişaf edir. Ordumuz da həddən artıq güclənib. Keçən ilin noyabrında sərhədi pozan erməni helikopteri vuruldu, iyul-avqust aylarında erməni ordusunun 100-ə qədər itki verdi, onların belə itkiləri bu il də çoxdur. Belədə cəbhədə vəziyyət getdikcə kəskinləşəcək və Azərbaycan torpaqları işğaldan azad edəcək. Azərbaycan atəşkəsi bir dəfə pozacaq, o da torpaqlarımızın işğaldan azad edilməsi üçün ediləcək. Ermənistan diversiya qrupları göndərsə də, ağır itkilərə düçar olur. Prezident İlham Əliyev ordu günündən öncə hərbi hissənin açılışında dedi ki, "düşmən rədd olub getməlidir". Bunun alternativi yoxdur, bunu Ermənistan, onu himayə edənlər də başa düşür. İşğalçılar bu torpaqlarda qala bilməyəcək. Buna onların nə iqtisadi gücü çatır, nə də hərbi gücü. Ermənistanda həmçinin, hakimiyyətlə xalq arasında da həmrəylik yoxdur. Ona görə onların ağır silahlardan istifadə etməklə təxribat törətmək cəhdləri də heç bir nəticə vermir. Çünki Ermənistan tamamilə tükənib. Burada insanlar orduda qulluqdan da yayınırlar. Azərbaycanda isə gənclərimiz orduya şən əhval-ruhiyyə ilə gedirlər. Ordumuzun hərtərəfli güclənməsi onu deməyə əsas verir ki, tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik".