Masallı rayonunun Musakücə kəndində səyyar qəbul

8 İyul 2015 17:21 (UTC+04:00)

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun Musakücə istirahət mərkəzində səyyar qəbul - görüşü bu həftənin üçüncü günü işgüzar şəraitdə keçdi. Qeyd edək ki, növbəti görüşdə bu sətirlərin müəllifi də iştirak etmişdir. İctimaiyyət nümayəndələrinin görüşünə gələn rayon rəhbəri sakinləri salamladı. Dedi ki, indi Masallı inkişaf edir. Park-bulvar şəhərimizə gözəllik verəcək. Bəndvurma işləri görülür. Şəhər parkı yeddi hektar ərazini əhatə edəcək və 1,5 kilometr olacaq. Sonrakı mərhələdə park ərazisi beş kilometrə qədər uzadılacaq. Burada uşaq əyləncə mərkəzi, mini futbol və voleybol meydançası da salınacaq. Parkda bir tərəfində qədim Masallını özündə əks etdirən guşə də yer tutacaq ki, qonaqlar və turistlər bizim məkandan xəbərdar olsun. Park-bulvarın üstündə piyada keçidi üçün 3 körpü inşa olunacaq. Suyu artırıb-azaltmaq üçün qurğular olacaq, qayıq gəzintisi təşkil olunacaq. Bu monumental iş 2016-cı ilin sonunda istifadəyə veriləcək. Vətəndaş cəmiyyətində hər kəs öz yerini bilməlidir. Dövlətin qanunu var. Onu heç kim poza bilməz. Azərbaycan gənc dövlətdir. I Avropa Oyunları qüdrətimizi dünyaya bəyan etdi. Zaman inkişaf edir. Dövlət stulunda kim oturursa, o xalqın nümayəndəsidir, vicdanla işləməlidir. Musakücədə də həmin şəxslər buna nail olur. Bu kənd inkişaf etmiş məkandır, vaxtilə Moskvada tanınıb. Cənab Prezidentin tapşırığına əsasən burda qaldırılan təklif və müraciətlər həllini tapır, qəzetdə də çap olunur.

89 yaşlı Xeyrulla müəllimin atası uzun zaman bu kəndin kolxoz sədri işləyib və onun dövründə 7 nəfər, o cümlədən Əjdər Babayev özü də Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. Ağsaqqal müəllim dedi:

- Kəndimizə xoş gəlmisiniz, cənab başçı. Bu 3 ildə burda olub, qayğımıza qalmısınız. Hər gəlişiniz kənddə bir işlə yadda qalır. Mənim bir arzum var. Kənd məktəbi ya təmir olunsun, ya da ki təzədən tikilsin.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov diqqəti qocaman pedaqoqun təklifinə yönəltdi, ondan nümunə götürməyə səslədi. Vurğuladı ki, Xeyrulla müəllimdə olan təcrübə heç kimdə yoxdur. Bu günün müəllimi ondan öyrənməlidir.

Dövlət qulluğu veteranı İsa Nuriyev və Tofiq Babayev bu kəndin keçmişini, əmək bahadırlarını, xüsusən həyatı örnək olan Əjdər Babayevi bir daha xatırladılar. İcra başçısı bildirdi ki, heç kim keçmişini yaddan çıxarmır. O vaxtı 7 adama elə-belə qəhrəmanlıq verilməyib...

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov insanları birliyə, mehriban olmağa çağırdı. Keçmişdə xidməti olanları unutmamağı tövsiyə etdi.

-Məktəbi təzələmək olar, amma, yaxşı oxumağı divar həll eləmir. Sığıncaq məktəbi təzədir, Çaxırlınkı köhnə. Rayon üzrə çox bal toplayan Çaxırlı məktəblisi, az bal toplayan isə cığıncaqlı olub. Fərqi bildinizmi? Valideynlər dərsdə otursun. Bu, uşaqların tərbiyəsində əhəmiyyətlidir. Məktəblərdə təmir gedir, yeni məktəblər də tikiləcək.

RİH başçısına müraciət edən Eynulla Eynullayev əkin yerinə su gəlməməsindən danışdı. Rafil müəllim "Viləşçay"ın rənbərinə tapşırdı:

-Bu məsələ gün ərzində həll olunmalı və şəxsən mənə məlumat verilməlidir. Çörəklə zarafat olmaz. İlboyu işləyib, indi bəhrəsini görməlidir. Su əkinçinin əlinin altında olmalıdır.

Cəlal Qənbərov plana düşən torpağına görə kompensasiya verilməməsindən gileyləndi. Rayon rəhbəri dedi ki, bizə aid deyil, amma, kömək edəcəyik...

Gülpaşa Kərimov dedi:

-Bakı I Avropa Oyunları dünyaya səs salıb. Prezidentimiz İlham Əliyev hər şeyə qadirdir. İstərdim ki, uşaq bağçası təmir olunsun. Nəvələrim var.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov bu suala da aydınlıq gətirdi.

Səyyar qəbulu yekunlaşdıran Rafil müəllim danışdı ki, ölkə başçısının məqsədyönlü siyasəti nəticəsində dövlətimizin qüdrəti daha da artmaqdadır. Bu irəliləyişi rayonumuzda da təmin edirik. Abadlıq-quruculuq işlərini hamı görür. Kəndlərə qaz çəkilişi sürətlə davam edir. Elektrik təsərrüfatı yenilənir. SİB kabellər çəkilir. SMART-kart tipli sayğaclar quraşdırılır. Musakücənin inkişafı da sevindiricidir. Çox böyük kurort potensialı var. Bu da dolanışıqdır. Belə halda torpaq heç vədə boş qala bilməz. Vaxt olacaq bura ildə 300 min turist gələcək. Onda təhsilli adamlar lazım olacaq. Masallıda dövlət kolleci açılıb. Dil bilməli, öz ölkəsinin tarixini hər bir cavan bilməlidir, bu müasir həyatın tələbidir.