Boşananların sayı açıqlandı
9 İyul 2015 12:00 (UTC+04:00)
Ölkə əhalisinin sayı ilin əvvəlindən 43,3 min
nəfər və ya 0,5 faiz artaraq 2015-ci il iyun ayının 1-i vəziyyətinə
9636,3 min nəfərə çaıbdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə
111 nəfərdir. Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9
faizini isə kənd sakinləri təşkil edir, 49,8 faizi kişilərdən, 50,2
faizi qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,6
faizi 15-64 yaşda, 6,0 faizi isə 65 və yuxarı yaşda olanlardır.
Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Movqe.az-ın
xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat
yayıb. Cari ilin ilk 5 ayı ərzində
ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulmuş,
əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,9 olmuşdur.
Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız
uşaqlarıdır. Körpələrin 1156-sı əkiz, 33-ü isə üçəm doğulmuşdur.
Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş,
qızlar üçün 76,8 yaş ömür uzunluğu
gözlənilir.
Uşaq doğmaq qabiliyyətinə malik olan qadınların
hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür və
bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin
edir.
İlin əvvəlindən ölkədə 23,8 min ölüm halı qeydə
alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq
dövrü ilə müqayisədə ölüm əmsalı 6,3-dən 6,0-a qədər
azalmışdır.
Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar
tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halları qeydə alınmış
və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü
ilə müqayisədə nikahların sayı 7,9-dan 8,3-ə qədər artmış,
boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3)
qalmışdır.
Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər
Nazirliyinin müvafiq qurumları tərəfindən cari ilin 5 ayı ərzində
daimi yaşamaq üçün Azərbaycana 1034 nəfər gələn və 355 nəfər
ölkədən gedən qeydə alınmışdır.