Apelyasiya komissiyasının elə qərarları olub ki,
dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələri
ləğv edilib, yeni müsahibə təyin olunub. Elə qərarlar olub ki,
namizədlər birbaşa uyğun hesab ediliblər.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram
Xəlilov dövlət qulluğuna qəbulla bağlı müsabiqə mərhələsindən
keçib, daha sonra müsahibədən keçə bilməyənlərin şikayətləri ilə
bağlı məsələyə münasibət bildirərkən deyib.
Dövlət Komissiyasının sədri qeyd edib ki, müsahibədən
narazı olan vətəndaşların hər birinin apelyasiya şikayəti vermək
hüququ var: "Bununla bağlı Apelyasiya komissiyası fəaliyyət
göstərir. Lakin əfsuslar olsun ki, onların çoxları müraciət
etmirlər. Çünki bilirlər ki, şikayətləri əsassızdır. Videoçəkilişin
stenoqramı təşkil olunur, ekspertlər dəvət edilir. Hansı sualların
düzgün cavablandırılıb-cavablandırılmadığı qiymətləndirilir. Daha
sonra Apelyasiya komissiyası öz qərarını verir".
B.Xəlilov bildirib ki, Apelyasiya komissiyası bu məsələlərin
hamısını çox ciddi şəkildə araşdırır: "İnsanların hüquqları var.
Əgər vətəndaş hesab edirsə ki, ona qarşı hansısa qərəzli münasibət
olub, bu halda Dövlət Komissiyasına müraciət edə bilər. Bu məsələ
tam araşdırılır və vətəndaşın özü də bu araşdırmada iştirak edir.
Bir şəxslə bağlı araşdırma 1-1,5 saat vaxt aparır. Araşdırmada 10-a
yaxın şəxs - həm Apelyasiya komissiyasının üzvləri, həm
mütəxəssislər, həm müsahibə qrupunun üzvləri, həm də namizədin özü
iştirak edir".
Onun sözlərinə görə, Azərbaycanda dövlət qulluğuna qəbul modelinin xüsusiyyətlərindən məhz biri də budur ki, müsahibələr zamanı videoçəkilişlər aparılır. Bu təcrübədən artıq bir neçə ölkə yararlanaraq istifadə etməyə başlayıb.