Niyə dəqiq və təbiət elmlərinə maraq azdır?

10 İyul 2015 17:40 (UTC+04:00)

Ölkəmizdə şagirdlər arasında dəqiq və təbiət elmlərinə maraq azdır. Bunu demək olar ki, hər il ixtisas seçimi zamanı açıq şəkildə müşahidə etmək mümkündür. Problem olaraq zaman-zaman müxtəlif səviyyədə də səslənib. Ən böyük təhlükəsi isə gələcəkdə həmin sahələrdə kadr çatışmazlığı il üzləşə bilərik. Hansı ki, xüsusi ilə aqrar sahədə bunu müşahidə edirik. Təhsil məsələləri üzrə ekspert Məhərrəm Zülfüqarlı movqe.az-a bildirir ki, buna səbəb ilk baxışda humanitar elmlərin təbiət elmlərindən daha asan olması hesab edilir: "Amma hər bir sahənin öz çətinliyi var. Sadəcə, təbiət elmlərində təhsil alanlar sonradan iş tapmaqda çətinliklə üzləşirlər. Ona görə də şagirdlər daha çox humanitar sahəyə üstünlük verməyə çalışırlar. Çünki, humanitar elmləri bitirənlər müxtəlif yerlərdə işləyə bilirlər. İkincisi isə, stimul yoxdur".

Ekspertin fikrincə, abituriyentlərin təbiət elmlərinə meyl etməməsi gələcəkdə kadr qıtlığına gətirib çıxara bilər: "Bunun da dövlət işlərinin həyata keçirilməsinə mənfi təsir göstərəcək kimi təhlükəsi var. Təbiət elmlərinə marağın artırılması üçün müxtəlif təşviqedici vasitələr fikirləşilməlidir. Çünki, şagirdlər adətən iş yeri tapmaq məsələsinə görə ixtisaslar seçirlər".