Avropa Parlamenti qərəz yuvasına çevrilir

11 İyul 2015 07:02 (UTC+04:00)

Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şults, İnkişaf Komitəsinin sədri Linda MakAvan və Xarici Əlaqələr Komitəsinin sədri Elmar Broka məktub yazıb. Məktubdan bir daha aydın olur ki, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli mövqe mövcuddur və burada belə qüvvələr qismində əsas etibarı ilə elə məktubun göndərildiyi şəxslər çıxış edir. Bildirilir ki, bu məktub Avropa Parlamentində ölkəmizə qarşı görünməmiş kampaniyanın nəticəsidir.

Millət vəkili məktubda bir neçə açıq sual qoymaqla Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli kampaniya apardığını, şəxsi mövqeləri əsasında hökm çıxardıqlarını sübut edir. Mövzu ilə bağlı fikir bildirən digər millət vəkilləri də Elxan Süleymanovla həmrəy olduqlarını söylədilər. Ölkəmizə qarşı qərəzli kampaniyanın hələ də davam etdiyini bildirdilər.

Millət vəkili Elman Məmmədov bildirdi ki, Avropa Parlamentində ölkəmizə qarşı qərəzli mövqe tutan bir sıra qurumlar müsəlman dövləti kimi stabilliyə, inkişafa malik olan Azərbaycanı bu cür qəbul etmirlər: "Tarixən onlarda belə fikir formalaşıb ki, müsəlman dövlətlərində mütləq ixtişaşlar olmalı, müstəqil siyasət yeritməməli, onlardan asılı olmalıdır. Onlar müstəqil siyasət yeridən, inkişafda olan müsəlman dövlətini qəbul etmirlər. İnqilabların, müharibələrin ssenariləri də məhz Avropada hazırlanr. Azərbaycanı da o sırada görmək istəyirlər. Ölkəmizin enerji resurslarının hara, necə satılmasını diqtə etmək arzusundadırlar. İndi də guya seçkilərlə maraqlanırlar. Bunlar Azərbaycanda neçə dəfə seçkiləri müşahidə etməyə gəliblərsə, hər dəfə də fikirlərini seçkiyə gəlməmişdən əvvəl yazıb gətiriblər. Seçki onları maraqlandırmır. Bu, onu göstərir ki, Azərbaycanı belə qəbul etmək istəmirlər. Yaxın Şərqdə olduğu kimi Azərbaycanda da həmin münaqişələri yaratmaq, ölkəmizi iderə etmək istəyirlər. Ancaq nail ola bilmirlər. İlk Avropa Oyunları ərəfəsində nə etdiklərini bütün hər kəs gördü. İndi də parlament seçkiləri ilə bağlı qarayaxma kampaniyasına başlayıblar. Əminəm ki, bu, son deyil. Biz bilirik, Avropanın qurumları Türkiyə və Azərabycan üçün boyunduruq, təzyiq vasitəsidir. Ancaq xristian dövlətləri üçün isə müdafiə sistemidir. Hansı ki, bura Ermənistanı da daxil edə bilərik".

Millət vəkili əlavə etdi ki, Ulu Öndərin belə bir fikri olub: "Hindistan, Çin və digər Avropa Şurasına üzv olmayan dövlətlər yaşaya bilmir ki?!" Bu gün daha çox Avropaya Azərbaycan lazımdır. Avropa Azərbaycana nə verib? Öhdəliklər qarşılıqlı olur. Azərbacanın ərazi bütövlüyünün təmin edilməsində onların da öhdəlikləri var. Ancaq bu günə qədər onlar Azərbaycan naminə bir iş görməyiblər. Torpaqların işğaldan azad edilməsi istiqamətində fəaliyyət göstərməyib, yalnız daxildə çaxnaşma yaratmağa çalışırlar".

Digər millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Asim Mollazadə bildirir ki, Avropa Parlamentindəki bəzi təmsilçilər tam olaraq erməni diasporası ilə birgə fəaliyyət göstərirlər: "Onlar Azərbaycanı sevməyən qüvvələrlə bağlı olduqlarına görə birlikdə Azərbaycana qarşı müəyyən təzyiqlər kampaniyasını həyata keçirilər. Lakin təzyiq kampaniyaları heç bir effekt verməyəcək. Əslində, bu, tək Azərbaycana yox, bütövlükdə Avropa Birliyinin özünə qarşı ünvanlanmış bir səhv siyasətdir. Ermənilərlə bağlı olan qüvvələri Avropa ictimaiyyətində ifşa etmək lazımdır".

Deputat əlavə etdi ki, əvvəlcədən parlament seçkilərini tənqid etmək qərəzlilikdən xəbər verir: "Bunlar Azərbaycana qarşı mövcud olan təzyiqlər kampaniyasının bir hissəsidir".