Bazar münasibətlərinin inkişafı üçün yaradılan əlverişli mühitin formalaşmasının nəticəsi olaraq hazırda Azərbaycanda supermarketlərin sayı artır. Hətta elə məhəllələr olur ki, orada bir-birinə yaxın bir neçə iri supermarketin olduğunun şahidi oluruq. Satış mərkəzlərinin çoxluğu adətən, orada satılan mal və məhsulun qiymətinin aşağı olmasını stimullaşdırmalıdır. Çünki, bu halda ciddi rəqabət mühiti formalaşır. Rəqabət mühitinin olması isə qiymətlərin aşağı düşməsini labüd edir. Lakin fəaliyyət göstərən supermarketlərdə qiymət məsələsində hələ də bu proses müşahidə edilmir.
İqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, distrüübiter şirkətlərinin supermarketlərə verdiyi güzəştlərin dayandırılması fonunda ikincilər qiymət ucuzlaşmasına getməməyi qərara alıblar: "Həqiqətən də son illər Azərbaycanda, xüsusən də Bakı şəhərində supermarketlərin yaranmasında ciddi artımlar müşahidə olunmaqdadır. Təbii ki, ilk dövrlərdə supermarketlərin artımı və onların təklif etdiyi qiymətlər bazarın inkişafı və eyni zamanda istehlakçıların hüquqlarına cavab verən keyfiyyətli məhsulların istehlakı baxımından müsbət effekt verirdi. Bu günə qədər həmin istiqamətdə görülən işlər nəticəsində Azərbaycan istehlakçısı daha keyfiyyətli və daha uyğun şərtlər daxilində əhalinin tələblərinə uyğun olaraq məhsullar satılıb. Belə vəziyyətdə ilk dövrlərdə proses həmin satış obyektlərində qiymətlərin sürətlə azalmasına gətirib çıxardı. Çünki pərakəndə satışın daha çox xaotik şəkildə həyata keçirildiyi zamanlarda bu sektorda mənfəət marjası yüksək idi, təxminən 15-20, hətta bəzi hallarda 30-32 faizə çatırdı. Topdansatış qiymətləri ilə pərakəndə satış qiymətləri arasındakı fərq yiksək idi. Lakin supermarketlərin dövriyyəyə daxil olması və onların bir-birilə apardıqları rəqabət fonunda bu fərq kəskin şəkildə azaldı. Hazırkı halda isə minimum səviyyəyədək enib. Yəni, supermarketlərin topdansatış üzərinə əlavə etdiyi məbləğ kifayət qədər kiçikdir. Bir nüansa da toxunaq ki, son dövrlərə qədər supermarketlər dövriyyəni artırmaqla distrübüter şirkətlərindən müəyyən faizlər əldə edir və güzəşt faizləri alırdılar. Güzəşt faizləri də sonda onların satış qiymətinə təsir edirdi və belədə aşağı qiymətlərlə məhsul təklif etmək imkanına malik olurdular. Bu qiymətlər də digər kiçik satış məntəqələrilə müqayisədə kifayət qədər fərqli idi. Hazırda isə, şirkətlər məhsullarının satış qiymətini dəyişmir, Yəni, onu qaldıraraq, qiymətləri artırmırlar. Belə olan təqdirdə onların diqtə edəcəyi yerlər supermarketlər oldu. Onlara distrübüter şirkətləri tərəfindən artıq güzəştlərin tətbiq olunması və bu fonda faizlərin verilməsi də dayandırılıb. Belə vəziyyət isə supermarketlərdə qiymətlərə ətsirsiz ötüşmür. Amma ümumiyyətlə götürdükdə, supermarketlərin açılması ilə paralel olaraq qiymətlərin aşağı düşməsi də daimi davam edə bilməzdi. Çünki, məhsulların ölkəyə idxal qiyməti və burada topdan və pərakəndə satışın da öz mənfəət marjaları var. Son 4-5 ildə rəqabət nəticəsində supermarketlər bu marjaları kifayət qədər aşağı salıb. Hətta bir çox supermarketlər artıq 3-4 faizlə ifadə olunan gəlir götürmək məqsədilə fəaliyyət göstərir".