Taksit kartlarının sürtəli artımına ekspertlərdən maraqlı şərh gəldi

11 İyul 2015 06:00 (UTC+04:00)

Ölkədə taksit kartlardan istifadə edən şəxslərin sayı artmaqdadır. Bu fonda kredit borclanmalarında taksit kartları ilə götürülən kreditlərin həcminin də arta biləcəyi istisnalıq təşkil etmir. Mütəxəssislər taksit kartlarının populyarlığını faiz siyasəti ilə əlaqələndirir. Burada faizlərin az və ya ümumiyyətlə olmaması öz sözünü deyir.

Ekspertlər bildirirlər ki, taksit kartları sahiblərinin çoxalması bankların reklam kampaniyalarında natamam informasiya vermələridir. Qeyd olunur ki, burada, komisyon haqqı yüksəkdir. Bunu isə bank işçiləri adətən açıqlamırlar. Bundan başqa, vətəndalaşların məlumatsız olması da öz rolunu oynayır. Bu baxımdan problemli kreditlərin payında taksit kartları ilə götürülən kreditlər də müəyyən paya sahibdir. İqtisadçı-ekspert Samir Əliyev qeyd edir: "Belə kart sahibi olan vətəndaşların sayının artmasında reklam kampaniyasının xüsusi rolu var. Reklamda bütün detallar bildirilmir. Əsas problem də insanların məlumatsızlıq və ya savadsızlıqlarından yaranır. Belə ki, bəzən imkanlarını düzgün qiymətləndirə bilmirlər. Şəxs göstərilən öhdəliyə düzgün əməl etmədikdə kartın girovuna çevrilir. Yəni, pulu qaytardıqda üzərinə faizlər gəlir. Beləklə də ödəməli olduğu vəsaitin həcmi artır. Odur ki, banklar məlumatları düzgün çatdırmalıdırlar. Əhali isə bu istiqamətdə maariflənməlidir. Düzdür, bir sıra ölkələrdə taksit kartlarının istifadəsi qadağan edilib. Amma zənnimcə, bizim üçün bu, düzgün üsul deyil. Vətəndaşa məlumatın düzgün çatdırılması istiqamətində nəzarət gücləndirilməlidir. Artıq müşahidələr onu göstərir ki, taksit kartlarına görə borclananlar çoxalıb. Artıq ümumi problemli kreditlərdə taksit kartlarının payı kəskin artıb. Taksit kartları istehlak krediti hesab olunur. Yəni, istehlak krediti borcuna daxildir. Bu baxımdan ölkəmizdə istehlak kreditləri haqqında qanun qəbul edilməlidir".

Digər iqtisdçı ekspert Altay Cəfərov bildirir ki, taksit kartları ilə kredit götürmə hallarının çoxalması sonda problemi kreditlərin həcmini artıracaq: "Çünki, taksit kartlarla kredit götürmək də kreditləşmənin ayrıca növüdür. Əhali bununla borclanır. Onunla əlaqəlidir ki, insanlar taksit kartlardan gündəlik tələbatların ödənilməsində istifadə edirlər. Bununla da maliyyə problemlərini bölmüş olurlar. Lakin bununla belə, bu sistemdə də vətəndaşın müəyyən itkisi olur. Çünki, komisiyon və faiz ödəmələri həyata keçirir. Bunlar isə vətəndaşın borclanmasını bir qədər də artırır. Digər tərəfdən taksit kartları dövriyyəyə əlavə vəsaitlər daxil edilməsinə şərait yaradır. Bu, daxili tələbatın artmasına müsbət təsir göstərir. Ancaq problem odur ki, vətəndaş daha çox borclanır. Bütün bunlar problemli kreditlərə çevrilməsinə münbit şərait yaradır. İlkin baxışda taksit kreditlərində faizlər aşağı görünür. Ancaq bir neçə məhsulun cəm krediti yüksək rəqəmlərlə ifadə olunur".