Əcnəbi turistlər üçün viza əngəli-ARAŞDIRMA

15 İyul 2015 11:15 (UTC+04:00)

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkə başçısı Azərbayacana gəlmək istəyən turistlərin viza alarkən qarşılaşdıqları problemlərə diqqəti çəkib. Ölkə başçısı aidiyyatı qurumlara Azərbaycana gələn turistlərə elektron vizanın verilməsini qısa zamanda təmin etməklə bağlı ciddi tapşırıq verib: " Əminəm ki, Avropa Oyunlarından sonra turistlərin Bakıya, Azərbaycana axını daha da artacaq. Buraya gələn qonaqlar Bakının gözəlliyinə, rahatlığına, təhlükəsizliyinə valeh olublar. Qeyd etməliyəm ki, bu məsələlər qonaqların daim diqqət mərkəzində idi. Biz, əlbəttə, çalışmalıyıq ki, turistlərin sayını artıraq. Avropa Oyunları gözəl bir imkan, bir təqdimat idi. Qonaqlar bizim imkanlarımızı öz gözləri ilə gördülər.  Ancaq, eyni zamanda, bütün başqa məsələlər də öz həllini tapmalıdır ki, biz turistləri daha da böyük sayda buraya dəvət edək. İlk növbədə, vizalar məsələsi. Mən bu məsələ ilə bağlı dəfələrlə göstərişlər vermişəm. İndi müəyyən addımlar atılıb, amma bu məsələ hələ ki, tam şəkildə yoluna düşməyib. Əlbəttə, viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda, bu, turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir. Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini tapmalıdır. Bakıya gəlmək istəyən hər bir insan elektron viza almalıdır, bunun üçün səfirliyə, heç bir yerə getməməlidir, evində kompyuterdə bileti, vizanı almalıdır, turizm şirkətlərinin xətti ilə gəlməlidir, vəssalam. Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göstərişlər verilmişdir, amma nəticə hanı? Yoxdur və əgər kimsə mənə desə ki, var, yoxdur. Çünki mən soruşuram. Buraya gələn qonaqlar ağızdolusu danışırlar ki, nə gözəl ölkədir. Amma bir problem var ki, gəlmək çətindir, gərək bir ay, iki ay qabaq planlaşdıraq. İndi müasir dünyada insanlar sürətlə hərəkət edirlər. Gəlmək istəyən turist iki gün, üç gün ərzində otel sifariş edir, bilet, viza alır gəlir, vəssalam. Bax, bu məsələni gərək biz mütləq həll edək".

Bəs görəsən ölkə başçısının turistlərə elektron vizanın verilməsi ilə bağlı həllini vacib buyurduğu məsələ turist axınına hansı maneələr yaradır?

Movqe.az-ın bununla bağlı apardığı araşdırma zamanı maraqlı məqamlar üzə çıxıb.

 

Elektron viza almağın yolları…

 

Öncə qeyd edək ki,  viza almaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gəlişinin məqsədini və müddətini göstərməklə olduqları xarici ölkədə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluğuna müraciət etməlidirlər. Artıq Azərbaycanın bəzi ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarının saytında bunun üçün elektron müraciət xidməti var. Amma əcnəbinin onun yaşadığı ölkədə fəaliyyət göstərən Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarından elektron yolla viza alması mümkün deyil. Hələki elektron yolla viza almaq imkanı yalnız Azərbaycanda fəaliyyət göstərən tur şirkətləri vasitəsilə mümkündür. Yəni ölkəyə turist kimi gəlmək istəyən əcnəbi mütləq,  "turist qismində səfər edən əcnəbi vətəndaşlar üçün elektron qaydada vizanın rəsmiləşdirilməsi proseduruna cəlb olunan turizm şirkətləri"ndən birinə, və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsi ilə müraciət etməlidirlər. Bura 68 turizm şirkəti daxildir. Həmin tur şirkətləri turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənədi, şəxsin pasportunun, fotoşəklini, turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədləri Azərbaycanın Xarici İşlər Nazirliyinə  təqdim edirlər.  Sənədlər daxil olduqdan sonra ən geci 10 gün keçənədək baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilir. Turizm şirkətləri isə həmin vizanı Azərbaycana gəlmək istəyən turistin elektron ünvanına yollayırlar. 

Turizm vizası almaq üçün turist əlavə xərcə düşür...

 

Göründüyü kimi, hətta turizm şirkətləri vasitəsilə belə elektron viza almaq üçün turist ən azı 10 gün gözləməlidir. Amma turistin itirdiyi təkcə vaxt deyil. Üstəlik bunun üçün turizm şirkətinə əlavə haqq da ödəməlidir. "Billur Tur" şirkətinin daxili turizm şöbəsinin əməkdaşı İlahə Firidova Movqe.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Azərbaycana gəlmək üçün elektron viza almaq istəyən turist mütləq bunun üçün şirkətə 65 avro ödəməlidir: "Biz həmin məbləğin 25 avrosunu viza almaq üçün rüsum olaraq ödəyib qəbz alırıq. Yerdə qalan pul isə servis haqqı olaraq bizim şirkətə qalır. XİN-dən viza bizim elektron ünvana gəldikdən sonra biz də həmin vizanı turistin elektron ünvanına yollayırıq".

İ. Firidova viza almaq üçün elektron prosedurun belə ən azı 10 gün çəkdiyini təsdiqləyir.   

 

"xarici ölkələrdəki səfirliklərində isə belə bir imkan yoxdur"

 

Miqrasiya üzrə ekspert Azər Allahverənov da faktiki olaraq problemlərin olduğunu söyləyir. A. Allahverənov deyir ki, əcnəbilər Azərbaycana turist kimi gəldikdə xeyli çətinliklərlə üzləşirlər: "MDB ölkələrindən Azərbaycana gələnlər belə bir çətinliklə üzləşmirlər. Elə ona görə də, araşdırma aparsaq görərik ki, Azərbaycana turist axını ən çox MDB ölkələrindəndir. MDB hüdudlarından kənarda isə ancaq məcburdurlar ki, Azərbaycanın həmin ölkədəki səfirliyinə viza üçün müraciət etsinlər. Əcnəbilərin viza almaq üçün müraciət etmək üçün səfirliklərin veb saytlarında  elektron xidmət yaradılıb. Amma əcnəbi səfirliyin saytı üzərindən elektron viza ala bilmir. Halbuki əksər xarici ölkələrdə bu elektron xidmət yaradılıb. Turist kimi hansısa ölkəyə getmək istəyən əcnəbi həmin ölkənin öz yaşadığı ölkəsindəki səfirliyinə elektron qaydada müraciət edərək bütün lazımi sənədləri internet üzərindən göndərir. Elə vizanı da elektron qaydada qısa zaman kəsiyində ala bilir. Bizim xarici ölkələrdəki səfirliklərində isə belə bir imkan yoxdur. Nə də ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin saytından elektron viza almaq mümkün deyil. Düzdür, səfirlik viza almaq üçün öz veb saytına prosedur qaydalarını  yerləşdirib. Amma bu xidməti elektron formada tətbiq etmir".

A.      Allahverənov deyir ki, Azərbaycana turist kimi gələnlərin problemləri bununla da bitmir: "Tutaq ki, xarici ölkədən Azərbaycana əcnəbi dincəlmək məqsədi ilə gəlir. Mütləq Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyatdan keçməlidir. Düzdür, bu xidmət DMX-da elektron yolla mümkündür. Amma gərək həmin turistin mütləq yaşadığı yerdə kompyuter, printer və skayner olmalıdır. Çünki, elektron prosedura görə, əcnəbi müvafiq məlumatları qeydiyyat bölməsində göstərdikdən sonra həmin sənədi çap etməlidir. Bundan sonra imzalayaraq skaynerdən çıxartmalı, həmin surətini DMX-nın elektron ünvanına göndərməlidir. Əcnəbi üçün bu çətinlik yaratdığından elektron xidmətdən istifadə etməkdənsə DMX-ya gedərək yaşadığı yer üzrə qeydiyyatdan keçməyi üstün tutur. Ona görə də, sadaladığımız problemlər nə qədər tezliklə həllini taparsa, Azərbaycana gələn turistlərin də sayı bir o qədər artar".

 

Qurumlar hərəkətə keçdi...

 

Bəs görəsən aidiyyatı elektron viza sisteminin işə düşməsi üçün hansı tədbirləri həyata keçirməlidirlər?

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Movqe.az-a açıqlamasında bildirdi ki,  vizanın verilməsi üçün əsas sistem XİN-dədir. Amma bununla belə V. Şıxməmmədov nazirliyin üzərinə hansı iş düşürsə, onu görəcəyini söylədi: "Azərbaycana gələn turistlərin sayının artdığını nəzərə alaraq turistlərə elektron vizanın qısa müddət ərzində verilməsi ilə bağlı aidiyyəti nazirlik tərəfindən qısamüddətli birgə fəaliyyət hazırlanacaq".

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə Movqe.az-a açıqlamasında bildirib ki, ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi tərəfindən viza rəsmiləşdirilməsi prosesinə cəlb olunmuş digər aidiyyəti nazirlik və dövlət qurumları ilə birlikdə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin viza alt sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və viza sorğularına baxılması müddətinin qısaldılması üçün təkliflər ən yaxın günlərdə təqdim ediləcək: "Azərbaycan Respublikası Prezidentinin Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 20 noyabr 2014-cü il tarixli 882 nömrəli sərəncamı əsasında viza rəsmiləşdirilməsi prosesinə cəlb edilmiş aidiyyəti nazirlik və dövlət qurumlarının iştirakı ilə işçi qrup fəaliyyət göstərir. İşçi qrupunun dörd iclası keçirilib və bununla bağlı müvafiq tədbirlər görülməkdədir. Hal-hazırda diplomatik nümayəndəliklərdə viza sistemi ilə bağlı yeni avadanlıqların quraşdırılması prosesi də həyata keçirilir".  

"xaricdəki səfirlik və konsulluqlarının elektron saytında vizaların elektron verilməsi üçün elektron xidmət bölməsi yaradılmalıdır"

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin Osman Gündüz direktoru isə deyir ki, hətta turizm vizasının  verilməsi üçün belə 10 gün müddətin qoyulması elektron xidmət almaq üçün gecdir: "İndi bütün dünyada  internet üzərindən insanlar xidmətlər alırlar. Elektron xidmətin mahiyyəti də ondadır ki, xidməti asan, gediş-gəliş olmadan, qısa zaman kəsiyində almaq mümkün olsun. Mənim fikrimcə bunun üçün ilk növbədə viza almaq üçün elektron xidmətin reqlamenti hazırlanmalıdır. Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarının elektron saytında vizaların elektron verilməsi üçün elektron xidmət bölməsi yaradılmalıdır. Müvafiq identifikasiya kodları ilə vizaların verilməsi mümkündür. Elə turizm vizasının verilməsi üçün də müddət azaldılmalıdır. Azərbaycanı gəzməyə, görməyə gəlmək istəyən əcnəbi 10 gün gözləməməlidir ki, ona viza verilsin. Yaxud da, bunun üçün hər gün səfirliyə gedib gəlməməlidir. Ölkə başçısının bu məsələyə toxunması göstərdi ki, cənab Prezident  qurumlara artıq elektron xidmətlərə keçməyin vaxtı çatdığını, e-xidmətlərin məkandan asılı olmayaraq insanlar üçün əlçatan olmalı olduğunu vurğuladı. Hesab edirəm ki, hər bir qurum bu tənqiddən öz payını götürməli, xidmətlərini elektronlaşdırmalı, vətəndaş üçün əlçatan olmasını təmin etməlidir".