2008-ci ilə qədər ölkədə, xüsusən də paytaxt Bakıda özünü göstərən tikinti bumunun yenidən başlayacağı proqnozlaşdırılır. Buna səbəb isə hökumətin ipoteka kreditləşməsinin məbləğini artırması, bu yolla daha çox insanın mənzil sahibinə çevrilməsi üçün şərtlərin daha sərfəli və asan hala gətrilməsi istiqamətində atdığı addımlardır. Bu isə mənzilə tələbatı artıracaq ki, həmin tələbatın qarşılanması üçün daha çox sayda mənzil inşasının həyata keçrilməsi qaçılmaz olacaq.
Xatırladaq ki, ilin sonuna qədər dövlət büdcəsindən ipoteka üçün ayrılan vəsait 250 milyon manata çatacaq. Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, vəsaitləri kommersiya banklarına Mərkəzi Bank ayıracaq, amma buna Maliyyə Nazirliyi dövlət zəmanəti verəcək. Vəsaitlərin bir qismi sosial, bir qismi isə kommersiya ipotekasına yönəldiləcək. Bu, ilin sonuna qədər olan plandır. Mərkəzi Bank və Maliyyə Nazirliyi ipotekaya gələn il daha böyük vəsat ayırmağı planlaşdırır. Belə vəziyyətdə ipoteka kreditləri hesabına daha çox insan mənzil sahibi ola biləcək. Elman Rüstəmovun sözlərinə görə, həm sosial, həm də kommersiya ipotekası üzrə faizlər aşağı salınacaq, məbləğlər isə artırılacaq: "Həmişə şikayətlər var idi ki, faiz dərəcələri yuxarıdır. Bizim təklifimizdə həm kommersiya ipotekasının, həm də sosial ipotekanın faizlərinin aşağı salınması nəzərdə tutulur. Həm sosial, həm də kommersiya ipoteksaı üzrə ayrılan kredit məbləğləri aşağı idi. Bu, ancaq təkrar bazardan, köhnə mənzil fondundan mənzillərin alınmasına imkan verirdi. Bunu nəzərə alaraq təxminən hər iki istiqamət üzrə (sosial və kommersiya) məbləğlərin iki dəfə artırılmasını nəzərdə tuturuq".
İpoteka kredit almaq üçün müraciətlər elektron qaydada qəbul ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev bazar ertəsi 2015-ci ilin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında bildirib ki, Azərbaycanda ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə ən azı 200 milyon manat vəsait ayrılacaq.
Prezident yeni vəsaitin ayrılmasının mexanizminin nədən ibarət olacağını da açıqlayıb: "Burada iki yanaşma var. Ya vəsait mövcud binalardan mənzillərin alınmasına veriləcək, ya da yeni binalar tikiləcəkdir. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların tikintisi daha məqsədəuyğundur. Amma, bu, bir qədər vaxt apara bilər. Bəlkə bu iki yanaşmanın sintezini tətbiq etsək, pis olmaz. Əsəs məsələ budur ki, vəsait ayrılmalıdır".
Hazırda kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Lakin həm məbləğ artacaq, həm də faizləər azalacaq.
Ekspert Vüqar Bayramov bildirir ki, sosial ipoteka kreditlərinin güzəştli olduğunu nəzərə alsaq, bu, xüsusən sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələrin sözügedən vəsaitdən yararlanmasına imkan verəcək: "Ən azı 5 min ailənin sadəcə sosial ipoteka kreditindən faydalanaraq öz mənzil problemini həll etməsi deməkdir. Eyni zamanda ipoteka kreditləşməsi aktiv tələb formalaşdırsa da, kreditin mərhələli ayrıldığını və maliyyələşmənin əsasən Bakının 2-ci və 3-cü zonalarına təsir göstərdiyini və əmlak bazarındakı tələbin mövcud səviyyəsini nəzərə aldıqda mənzillərin qiymətində yaxın zamanlarda artımlar proqnozlaşdırılmır".
V.Bayramov deyir ki, ipoteka proqramının şərtlərinin təkmilləşdirilməsinə ehtiyac var: "Bu istiqamətdə nələrin edilməsinə ehtiyac var? Kreditlərin verilməsi üçün ayrılan vəsaitin həcminin artırıldığını nəzərə alaraq sosial ipoteka üçün maksimum məbləğin artırılması vacibdir. Nəzərə alaq ki, bu kredit növü üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də maksimum məbləğin ən azı 75 min manatadək artırılması məqsədəuyğundur. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər yüksəltməyə imkan verəcək. Eyni zamanda, ipoteka kreditlərinin verilməsi zamanı ilkin ödənişin gənc ailələr üçün ləğv edilməsi vacibdi. Bunun üçün uzun müddət müzakirə edilən 2 praktikadan istifadə edilməsi mümkündür. Birincisi, əmanət tikinti bankların formalaşdırılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. İpoteka krediti təklif edən bankların əksəriyyəti bu ilin iyununda ilkin ödəniş məbləğini artırmaqla risklərini sığortalamağa çalışdıqlarını nəzərə alsaq, bu addımın atılması oldquca əhəmiyyətlidir. Belə ki, əgər əvvəllər adi və sosial ipoteka krediti təklif edilən zaman mənzil qiymətinin 20 faiz həcmində ilkin ödəniş tələb edilirdisə, indi bu göstərirci əksər banklarda ən azı 2 dəfə artırılıb. Bu baxımdan, ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi və ilkin ödənişlər üçün minimum deyil, maksimum limitlərin müəyyənləşdirilməsinə ehtiyac var. Yəni, Mərkəzi Bank "qiymət tavanından" istifadə etməklə prosesi tənzimləyə bilər. Bu zaman, qanunvericiliyə edilən dəyişikliklə sosial ipoteka kreditləri üçün maksimum 20 faiz ilkin ödənişin tələb edilməsi müəyyənləşdirilə bilər. Sosial ipoteka kreditləşməsinə ayrılan vəsaitin həcminin artırıldığını nəzərə aldıqda regionlara veriləcək ipoteka kreditlərinin məbləğinin artırılmasına da ehtiyac var. Regionlara verilən kreditlərin məbləğində xeyli azalmalar var.
Eyni zamanda, regionlar ipoteka kreditlərindən tam olaraq istifadə edə bilmədiyi üçün regionlara verilən ipoteka kreditlərinə limitlərin müəyyənləşdirilməsi məqsədəuyğundur. Həmin limitlər daxilində ipoteka krediti təqdim oluna bilər. Bu, o deməkdir ki, məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulmalıdır. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb ola bilər. Regionlara təqdim edilən ipotek kreditləri üçün diferersial faizlərin tətbiq etməklə bölgədə yaşayan vətəndaşlarımıza 2 faizlik sosial ipoteka kreditinin təklif edilməsi də mümkündür".