Zakir Həsənov Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

16 İyul 2015 14:40 (UTC+04:00)

Müdafiə naziri: "İnanıram ki, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində səylərinizi artıracaqsınız

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. 

Bu barədə Movqe.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Təbrikdə deyilir: "Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi, Ramazan bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.

Xalqımızın milli-mənəvi dəyərlərini daima yüksək tutan Ümummilli Lider Heydər Əliyev milli və dini adət-ənənələrimizin qorunub saxlanılmasına layiqli töhfələr vermişdir. Məhz Ulu Öndərimizin hakimiyyəti dövründə ölkəmizdə sağlam dövlət-din və dinlərarası münasibətlər qurulmuşdur. Bu gün Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsi, ölkəmizin dünyanın multikulturalizm mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin bəhrəsidir. Bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, nəsildən-nəslə ötürülərək bu günümüzə qədər yaşadılan Ramazan bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Respublikamız dünya dövlətləri arasında dini tolerantlıq nümunəsi kimi tanınıb. Bu gün ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb, dövlətimizin müdafiə qüdrəti artıb, müstəqilliyimiz daha da möhkəmlənib.

İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram".