Avro və qızıl dəyərdən düşür

24 İyul 2015 07:00 (UTC+04:00)

Azərbaycanda avronun ucuzlaşması davam edir. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsi manata nəzərən 0,98% azalaraq 1,1365 manat olub. Eyni sözləri qızıl barəsində də demək olar. Dünya birjalarında qızılın sürətlə ucuzlaşması davam edir. COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 4,30 dollar azalaraq 1 102,50 dollara satılıb. Ekspertlərin sözlərinə görə, avronun və qızılın ucuzlaşması bu valyutada yığılan ehtiyatlara mənfi təsir edir.

İqtisadçı Natiq Cəfərli bildirir ki, avronun ucuzlaşması Azərbaycana iki istiqamətdə təsir göstərir: "Birincisi, Mərkəzi Bank ikili səbətə keçikdən sonra manatın kursu həm avro, həm də dollara uyğun müəyyən olunur. Avronun ucuzlaşıb, dolların bahalaşması manatın avroya nisbətən dəyər qazanmasına səbəb olsa da, dollara nisbətən dəyər itirməsi deməkdir. Son aylarda Mərkəzi Bankın siyasəti buna yönəlib. Digər tərəfdən, məlumdur ki, Dövlət Neft Fondunun rezervlərində 20%-ə qədər avro var. Avronun ucuzlaşması o aktivlərə mənfi təsir göstərir. Qızlın ucuzlaşmasının isə Azərbaycan bazarına müsbət təsiri odur ki, daxili bazarda qızıl məmulatlarının qiyməti düşür. Ancaq Neft Fondunun aktivlərinə mənfi təsir var. Çünki, Neft Fondunun aktivlərində 30 tona yaxın qızıl saxlanılır".

Ekspertin sözlərinə görə, avronun və qızılın ucuzlaşmasında əsas səbəb, sentyabrda ABŞ Federal Rezerv Sistemində faiz artımının artım gözləntiləridir: "Dolların dünyada bahalaşması "pul evinə geri dönür" deməkdir. Digər tərəfdən, avonun özündə olan problemlərdəndir. Həmçinin, Avropa Mərkəzi Bankı iqtisadiyyatı stimullaşdırmaq üçün təşviq-alım proqramı qəbul edib. Hər ay bazara 60-80 milyard avro buraxır. Bu da avronun ucuzlaşmasına səbəb olur".

Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirir ki, Azərbaycan valyuta ehtiyatlarının müəyyən hissəsi avro ilə saxlanıldığı üçün avronun ucuzlaşması valyuta ehtiyatlarının məbləğini azaldır: "Bu sözləri qızıl barədə də demək olar. Çünki, ölkəmiz külçə qızıl ehtiyatlarına malikdir. Digər tərəfdən Azərbaycanın ticarət əlaqələri baxımından qiymətləndirsək, avronun ucuzlaşması Azərbaycanın Avropa ilə ticarətinə mənfi təsir göstərə bilər. Çünki, avronun dəyərdən düşməsi Avropanın idxalının ucuzlaşması deməkdir. Avropadan idxal edilən mallar Azərbaycan bazarında ucuzlaşırsa, deməli, Azərbaycan məhsulları böyük rəqabətlə üzləşməli olur. Bu da daxili istehsala mənfi təsir edəcək".

Ekspertin fikrincə, avronun və qızılın ucuzlaşması ilk növbədə dünyada sabitliyin pozulması ilə əlaqədardır.