Azərbaycanın İran üçün əhəmiyyəti artır

22 İyul 2015 10:00 (UTC+04:00)

Cənub qonşumuzun nüvə proqramı ilə bağlı əldə olunan razılıq Azərbaycan üçün də bir sır aparametrlər baxımından böyük maraq kəsb edir. Proseslər bu kontekstdə Azərbaycanla İran arasında işbirliyinin daha da dərinləşəcəyini, xüsusən də enerji sahəsində əlaqələrin genişlənəcəyini göstərir. Təbii ki, bütün bunlar da ölkəmizə əlavə dividendlər vəd edir.

Xatırladaq ki, artıq BMT Təhlükəsizlik Şurası İranla razılaşmanı yekdilliklə təsdiq edərək, Tehrana qarşı iqtisadi sanksiyaların tədricən aradan qaldırılması üçün yol açıb. Təhlükəsizlik Şurasının 15 üzvü keçən həftə şuranın beş daimi üzvü olan Birləşmiş Ştatlar, Britaniya, Fransa, Rusiya və Çin, eləcə də Almaniyanın İranla müzakirələr nəticəsində əldə ediyi razılığın lehinə səs verib. Təhlükəsizlik Şurası BMT-nin nüvə fəaliyyətlərinə nəzarət agentliyi olan Beynəlxalq Atom Enerjisi Agentliyinə İranın nüvə öhdəliklərinin zəruri yoxlanması və monitorinqinin həyata keçirilməsini həvalə edərək, Tehranı agentliklə tam əməkdaşlığa çağırıb.

Sanksiyalar BMT müfəttişlərinin İranın nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini təsdiq etməsindən sonra aradan qaldırılacaq. BMT qətnaməsinin təsdiq edilməsindən sonra İranla razılaşma 90 gün ərzində qüvvəyə minməlidir. Növbəti mühüm mərhələ Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatını açıqlamasından sonra başlayacaq. Sənədin dekabr ayında açıqlanması gözlənilir. Bu, İranın iqtisadiyyatına zərbə endirmiş sanksiyaların aradan qaldırılacağı dövr olacaq. Bütün bunlar İranın Azərbaycanla da əməkdaşlığının genişləndirilməsiən yol açır. Artıq İranın yayda yığılan texniki qazının Azərbaycan qaz anbarlarında saxlanılması və qışda yenidən onlara qaytarılması üçün müzakirələr gedir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ANS-ə müsahibəsində İrana qaz satışı ilə bağlı dondurulmuş layihəyə yenidən baxılacağını açıqlayıb: "2009-cu ildə İrana qaz satışı üzrə müqavilə imzalamışdıq. Bununla bağlı hələ Astarada kompressor stansiyası da tikdik və cənab Prezident də onun açılışını etdi. Məqsəd həm Naxçıvanın qazla təminatını yaxşılaşdırmaq, həm də əlavə qazın İrana satışını həyata keçirmək idi. Amma sanksiyalar başladı və ödəniş problemləri yarandığı üçün biz onu dondurduq. Bu layihəyə də yenidən baxacağıq".

SOCAR rəsmisi həmçinin İran qazının Azərbaycan qaz anbarlarında saxlanılması məsələsinə də aydınlıq gətirib: "Azərbaycanın qaz anbarlarında imkanlar çox genişdir. 2008-ci ildən sonra biz bura investisiya yatırdıq və qaz anbarlarının həcmini 800 milyon kubmetrdən 3,5 milyard kubmetrə çatdırdıq. Hətta bu qaz anbarlarının həcmi 5-6 milyard kubmetrə bərabərdir. Bizə bu qədər həcmi tam istifadə etməyə ehtiyac yoxdur, amma İranın buna ehtiyacı var. Bu baxımdan İranın yay qazının texniki qaz kimi yığılması və qışda yenidən İrana qaytarılması məsələləri ətrafında müzakirələr gedir". Bundan əlavə İran qazının Azərbaycan üzərindən Avropaya çatdırılması da gündəmdədir. Rövnəq Abdullayev gələcəkdə İran və İraq qazının TANAP-la Avropaya çıxarılmasının mümkün olduğunu vurğulayıb: "TANAP genişlənə bilən boru xəttidir. Bu baxımdan gələcəkdə İran və İraqın da qazı bu boru xətti ilə daşınıb Avropaya ötürülə bilər". İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin isə bildirir ki, İran regiondakı enerji layihələrində iştirak etməkdə maraqlıdır. Səfir deyib ki, İran təbii qaz ehtiyatları ilə zəngindir və buna görə də, TANAP kimi layihələrə maraq göstərir. O, hazırda bu layihədə iştirak imkanı məsələsinin İran tərəfinin nəzərdən keçirdiyini qeyd edərək, yaxın gələcəkdə məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti ilə danışıqlara başlayacaqlarını bildirib. Bütün bunlar İrana qarşı sanksiyaların aradan qaldırılmasının Azərbaycanın da maraqlarına cavab verdiyni göstərir.

Yeri gəlmişkən qeyd edək ki, ABŞ prezidenti Barak Obama İranın nüvə proqramının dondurulmasına və Tehrana qarşı sanksiyaların yumşaldılmasına dair əldə olunan tarixi sazişin detallarını açıqlayıb. O qeyd edib ki, saziş İranın uran ehtiyatlarının 98 faiz azaldılmasını nəzərdə tutur. Bundan başqa, zənginləşdirilmiş uranın istehsalında istifadə olunan sentrifuqların sayı 20 mindən 6 minədək azaldılacaq. İran həmçinin Arak reaktoruna dəyişiklik edərək bir daha silah məqsədli radioaktiv plutoniy istehsal etməməlidir. İran yaxın 15 il ərzində ümumiyyətlə bu tip reaktor tikməməlidir. Razılaşmada əks olunan müddəalardan hər-hansı pozularsa İrana qarşı bütün iqtisadi sanksiyalar qüvvəyə minəcək.